İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin Putinə “hakimiyyətdə qala bilməz” mesajını Vaşinqton malaladı - səbəb

ABŞ lideri rusiyalı həmkarının devriləcəyi anonsunu versə də, Ağ Ev prezidentin fikirlərinə düzəliş edib; ekspert: “ABŞ-ın strateji məqsədi Putin iqtidarını devirməkdir”

“Putin bu müharibəni bitirə bilər və bitirməlidir. O, hakimiyyətdə qala bilməz”. Ağ Ev rəhbəri Cozef Baydenin bu anons xarakterli bəyanatı dünya mediasında müzakirə olunduğu anlarda rəsmi Vaşinqton həmin açıqlamanı malalamağa çalışdı. ABŞ prezidentinin rusiyalı həmkarı haqda söylədiklərini Putinin devrilmək planı kimi qiymətləndirənlər olmuşdu.

Hətta müharibənin nəticələrinin Rusiyada inqilaba səbəb olacağını bu gün də proqnoz verənlər var. Lakin Ağ Ev Baydenin Putin haqda dediyi sözü bir növ geriyə çəkməli oldu. “Yeni Müsavat”ın məlumatına görə, Ağ Evin şərhində deyilir ki, “Prezidentin nöqteyi-nəzəri ondan ibarətdir ki, Putin qonşuları və ya da region üzərində hakimiyyət tətbiq edə bilməz. O, Rusiyadakı rejim dəyişikliyini müzakirə etməyib”.

Bu düzəliş nədən xəbər verir? Bayden ABŞ-ın Rusiyada həyata keçirmək istədiyi hakimiyyət dəyişikliyi, daha doğrusu, rəngli inqilab əməliyyatını de-şifrə edib, yoxsa gerçəkdən Amerikanın Putini devirmək istəyi yoxdur deyə xüsusi izah verilib?

Şübhəsiz ki, Putinin hakimiyyətdən getməsi ABŞ liderinin ümdə arzusudur. Ancaq rus xalqının da öz prezidentinə qarşı çıxdığını görmək olmur. Hətta Ukraynaya rus ordusunun daxil olmasını az sayda ruslar etirazla qarşıladı, ümumxalq nümayişləri keçirilmədi. O baxımdan Rusiyada iqtidar dəyişikliyi üçün sosial-iqtisadi və siyasi cəhətdən zəmin olsa da, proses çiban kimi tam yetişməyib və Rusiyanın inqilaba hamilə olduğunu söyləmək tezdir. Əlbəttə, sanksiyalar ağırlaşarsa, rus xalqının sosial şəraiti ən acınacaqlı vəziyyətə gəlib çıxarsa, üsyanların olması qaçılmazdır. Yeri gəlmişkən, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit də deyib ki, Rusiyada hakimiyyəti dəyişmək niyyətində deyilik. “Biz rejim dəyişikliyi siyasətini izləmirik, nöqtə”, - Smit bildirib. O, Baydenin Putinin daha çox hakimiyyətdə qalmaması yönündəki açıqlamasını mənəvi reaksiya ilə əlaqələndirib.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Birləşmiş Ştatlar Rusiyanı özünə düşmən elan edib və Bayden Putini “qatil” adlandırıb: “Bu da onu göstərir ki, münasibətlər barışığı görünməyən həddə çatıb. Ona görə Ukrayna burada iki supergücün savaşının poliqonudur. Amerika istəyir ki, Rusiyada sanksiyalarla iqtisadiyyatı zəiflətsin və ölkədə sosial partlayışa səbəb olsun, bu yolla Putin hakimiyyətdən getsin. Yəni ABŞ-ın strateji məqsədi Putin iqtidarını devirməkdir. Ona görə Vaşinqtonun açıqlaması səmimi deyil”. Ekspert hesab edir ki, Amerika və Rusiya əlaqələri ən pis nöqtədədir: “SSRİ-ABŞ arasında gərginlik heç belə olmamışdı. İndi isə ABŞ Rusiyanı parçalamaq və siyasi arenadan silmək istəyir. Kreml də bunu anlayır və Ukraynada baş verənlər prosesin tərkib hissəsidir”.

Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, Baydenin tez-tez ziddiyyətli açıqlamaları olur: “Onun yaddaş pozğunluğundan əziyyət çəkdiyi haqda zaman-zaman xəbərlər yayılır. Amma Amerika prezidentinin ən böyük arzularından biri Putini yola salmaqdır. Hətta ürəyindən keçir ki, Rusiya prezidenti Qəzzafinin aqibətini yaşasın. O mənada ”dil çaşar, düzünü deyər" misalıdır, Bayden istəyini dilə gətirib. Vaşinqtonun onun çıxışını malalaması isə Amerikanın Rusiya-Ukrayna müharibəsində guya tərəf olmadığını göstərmək cəhdidir. İlk gündən Bayden bəyan edib ki, amerikalı əsgərləri Ukraynaya göndərməyəcək, NATO da oxşar mövqeni sərgiləyib, həmin açıqlamaya da bu kontekstdə baxmaq lazımdır".

Ekspertin sözlərinə görə, üstəlik, Baydenin çıxışı ağır ittihamdır və bir dövlətin başçısının digər dövlətin rəhbərini devirmək planı və niyyəti olduğunu ortaya qoymaqdır: “Bu da diplomatiyada yolverilməzdir. Amerika rəsmiləri məsuliyyəti anlayır və Baydenin çıxışında ehtiyatsızlıq olduğunu hiss edir. Ancaq kim deyir ki, Amerika prezidentinin elə bir istəyi yoxdur? Təbii ki, var...”

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR