İnsanlara hürriyət, millətlərə istiqlal!

“Baydenin məktubları qlobal anti-Azərbaycan şəbəkəsinin məğlubiyyətinin rəmzidir” - ŞƏRH

“COP29 dünyanın ən əhəmiyyətli tədbirlərindən biri olmaqla yanaşı, bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan üçün bir çox mühüm fürsət yaradır. COP29 ilk növbədə ənənəvi enerji mənbələri olan neft və qazdan asılılığın azaldılması və enerji diversifikasiyası, bərpa olunan enerjiyə keçid istiqamətində mühüm irəliləyişləri hədəfləyən ölkəmiz üçün yeni investisiya imkanları təqdim edir”.

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə bildirib.

sehla son.jpg (273 KB)

Azərbaycanın I Qarabağ müharibəsindən sonra neft-qaz resursları ilə “Əsrin müqaviləsi”nə imza atdığına diqqət çəkən ekspert vurğulayıb ki, ölkəmiz bununla da II Qarabağ müharibəsindən sonra bərpa olunan enerji imkanları ilə “Yeni əsrin müqaviləsi” və qlobal əhəmiyyət daşıyan yeni enerji layihələri ilə gələcək strateji yatırımlara fürsət tanıyır:

“COP29 həmçinin ekoloji mövzularda Ermənistanın törətdiyi cinayətlərin dünya siyasətçilərinin diqqətinə təqdim edilməsi üçün ən geniş platforma yaradır. Bu həm də əməkdaşlıq platformasıdır. Odur ki, baş nazir Paşinyanın Azərbaycana dəvəti və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh prosesinin irəli aparılması istiqamətində şərait yaradır. Təbii olaraq, bütün bunları istəyən və istəməyən qüvvələr var. ABŞ prezidenti Co Baydenin bir həftə ərzində iki dəfə cənab Prezident İlham Əliyevə təbrik məktubu yollaması, burada Azərbaycanın enerji potensialı, sülh prosesi barədə müsbət mesajların verilməsi olduqca təqdirəlayiqdir və müsbət qiymətləndirilir. Xüsusilə, qlobal anti-Azərbaycançı qüvvələrin ölkəmizə qarşı hibrid müharibə aparması, müxtəlif bəhanələrlə ölkəmizi qaralaması fonunda bu məktubların dəyəri daha da artır.

Bundan bir neçə gün öncə ABŞ Konqresinin bir sıra üzvləri tərəfindən dövlət katibi Blinkenə və ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Podestaya ünvanlanan anti-Azərbaycan xarakteri daşıyan məktubu xatırlatmaq kifayətdir. Konqresmenlərin məktubunda COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə çağırışlar yer alır və bunu “əsaslandırmağa” cəhdlər edilir. COP29-un ölkəmizdə keçirilməsinə qarşı qlobal təbliğat kampaniyasına qoşulan qüvvələrə (Transparency International, Amnesty International, Human Rights Watch, France24, bəzi ABŞ konqresmenləri), onların kimliyinə və ictimailəşdirdikləri tezislərin tamamilə eyniliyinə xüsusi nəzər yetirdikdə onların hamısının vahid mərkəzdən - qlobal erməni şəbəkəsi tərəfindən yönləndirildiyi aydın olur”.

Şəhla Cəlilzadənin fikrincə, Baydenin ünvanladığı təbrik məktubları sözügedən qlobal anti-Azərbaycan şəbəkəsinin məğlubiyyətinin rəmzi olaraq qiymətləndirilə bilər.

“ABŞ-ın birinci şəxsinin Azərbaycanla əməkdaşlıq müstəvisini üstün tutması ABŞ-Azərbaycan ikitərəfli əlaqələrinin gələcəkdə daha da inkişafı üçün dəyərli mesajı özündə ehtiva edir”, - deyə ekspert qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR