İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin Bakıya mühüm mesajları

Azərbaycanın önəmi sürətlə artır

İyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirildi.

Bakı Enerji Həftəsinin ən diqqət çəkən məqamlarından biri ABŞ prezidenti Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu oldu. Ümumiyyətlə, bu, Baydenin il ərzində Prezident İlham Əliyevə üçüncü belə təbrik məktubudur. Təbrik məktubunda ABŞ və Azərbaycan arasında qurulmuş 30 illik diplomatik münasibətlərə toxunan Bayden “Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir” deyib.

Bayden, bundan əlavə bildirib ki, Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından Transxəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.

Nəticə etibari ilə rəsmi Vaşinqton Bakının enerji siyasətini dəstəkləyir. Bunu Baydenin son 3 təbrik məktubu da təsdiqləyir. ABŞ  Azərbaycanın öz xarici siyasət kursunu dəyişməyəcəyini bilir, ona görə də  enerji resurslarının şaxələndirilməsini prioritetləri sırasında saxlayaraq Bakı üçün cəlbedici ideyalarla çıxış edir.

Here's how readers feel about Joe Biden's presidency

“Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynayıb. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından Transxəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır", - məktubda deyilir.

“Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində sizin davamlı addımlarınızı alqışlayıram. Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir”, - məktubun sonunda bildirilir.

Məktubdakı bu mühüm mesajlar, Azərbaycanın artan önəminin qabardılması nədən xəbər verir? Baydenin fikirləri o deməkdirmi ki, Azərbaycan Ukrayna məsələsində Qərbin yanındadır, bu mesajın açması nə?

Oqtay Qasımov: “Azərbaycan müxalifəti çörəklə imtahana çəkildi” – Müsahibə  (I Hissə)

Oktay Qasımov 

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, son bir həftədə ABŞ prezidentinin Azərbaycan Prezidentinə iki dəfə məktub ünvanlamasının özü əhəmiyyətli hadisədir. Bu məktublardan biri 28 May Müstəqillik günü ilə əlaqədar, ikincisi isə 1 iyunda Bakıda keçirilən enerji toplantısı ilə bağlıdır: “Hər iki məktubda Azərbaycanla bağlı olduqca müsbət fikirlər səsləndirilir və ölkəmizlə ABŞ arasında əməkdaşlıq və tərəfdaşlığa vurğu edilir. 1 iyunda göndərilən məktubda ABŞ-ın bu tərəfdaşlığa sadiq qalacağı xüsusi vurğulanır. Orada digər bir çox mühüm məqamlar var. Bu, həm enerji təhlükəsizliyi ilə bağlı, Avropanın enerjidaşıyıcıları ilə təmin olunması, Ukrayna müharibəsində Azərbaycanın tutduğu mövqe, Ukraynanın enerjidaşıyıcıları ilə təmin edilməsi, bərpa olunan enerji və qlobal iqlim dəyişikliyi ilə bağlı Azərbaycanın atdığı addımların müsbət qiymətləndirilməsi mesajları diqqətçəkici mesajlardır. Bu mesajların nə anlama gəldiyi və Azərbaycana münasibətlə bağlı açması nədən ibarətdir? Birincisi, Azərbaycanın önəmi artmaqdadır. Azərbaycan özünün yerləşdiyi coğrafi və geostrateji mövqeyinə görə bölgənin ən əhəmiyyətli dövlətidir. Azərbaycan Avropanı Orta Asiya ilə bağlayan ən qısa və ən uyğun dəhlizdir, mühüm körpü rolunu oynayır. Azərbaycan dünyəvi bir dövlətdir və dünyəviliyi inkişaf etdirməkdədir. Bundan əlavə, Azərbaycan 30 ilə yaxın bir müddətdə işğal altında olan ərazilərinin böyük hissəsini azad etməklə yeni reallıqlar yaratdı”.

Ekspert qeyd etdi ki, bu reallıqlarla bərabər bölgədə təhlükəsizliyə və əməkdaşlığa təhdid yaradacaq ünsürləri, təhdidləri xeyli dərəcədə minimuma endirməyə nail oldu. Bunlar da əhəmiyyətli hadisələrdir: “ABŞ, bildiyiniz kimi, Azərbaycan müstəqilliyini qazanandan bölgədə yerləşməyə başlayıb. ABŞ-ın Güney Qafqazda, o cümlədən Azərbaycandakı 30 illik fəaliyyətini, məncə, üç mərhələyə bölmək olar. Birinci mərhələ 1990-cı illərin əvvəllərindən 2007-ci ilə qədər olan dövrdür ki, bu dövrlərdə ABŞ bölgə ilə fəal maraqlanırdı və bölgə dövlətləri ilə əlaqələr inkişaf etdirilirdi. O cümlədən Azərbaycanın neft sənayesində və beynəlxalq neft konsorsiumunda Amerika şirkətləri fəal şəkildə iştirak ediblər. 2007-ci ildən 2018-ci ilə qədər dövr ABŞ-ın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda müəyyən qədər kölgədə qaldığı dövr hesab oluna bilər. Burada daha çox Rusiyanın artan nüfuzunu müşahidə etməkdəyik. Üçüncü dövr isə 2018-ci ildə başlanan və bu günə qədər davam edən dövrdür ki, bu da Ermənistanda Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılması və onun yerinə Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə başlanan yeni bir mərhələdir. Bu fakt da ABŞ-ın Cənubi Qafqaz bölgəsində yenidən aktiv rol almağa iddialı olduğunun göstəricisi idi. Co Bayden hakimiyyətə gələndən sonrakı dövrə diqqət etsək, o zaman belə bir fikir önə çıxdı ki, Amerika yenidən dünyada aktivliyini ciddi bərpa edəcək. Belə də oldu. Ukrayna müharibəsinin başlanmasından sonra dünyada yeni bir mənzərənin yaranmaqda olduğunu müşahidə etməkdəyik. Faktiki olaraq yeni dünya düzəninə doğru proses gedir”.

O.Qasımovun sözlərinə görə, belə bir prosesdə Güney Qafqazın lider ölkəsi olan Azərbaycanın əhəmiyyəti daha da artır: “Bunu Co Bayden çox dəqiq bilir və görür. Azərbaycanın tutduğu mövqe, sülh və əməkdaşlıq istiqamətində atdığı addımlar ABŞ tərəfindən müsbət qarşılanır. Xüsusilə Rusiya-Ukrayna savaşından sonra Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında rol oynayacaq ölkələrdən biri olacaq. Azərbaycanın əhəmiyyəti həm də buna görə daha çox artmağa başlayıb.  Ukrayna müharibəsində tutduğu ədalətli yol da Azərbaycana münasibətə təsirini göstərir”.    

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, ABŞ prezidenti Co Baydenin Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub hər şeydən öncə iki ölkə arasında mövcud olan qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasının təsdiqidir. Nəzərə almaq lazımdır ki, bu məktub son günlərdə ABŞ prezidenti tərəfindən Azərbaycan Prezidentinin ünvanına göndərilən ikinci məktubdur, bu da özlüyündə ayrıca əhəmiyyət kəsb edir: “İki ölkənin hazırkı mürəkkəb tarixi şəraitdə zəruri əməkdaşlıq çağırışları bütövlükdə region və Avropanın təhlükəsizliyi baxımından xeyli dərəcədə aktualdır. Şübhəsiz ki, bu aktuallıq hələ əsası ötən əsrin əvvəllərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası ilə şərtlənir. Ancaq sonrakı mərhələdə “Əsrin müqaviləsi” kimi səciyyələndirilən neft konsorsiumunun Qərbin enerji təhlükəsizliyinə verdiyi töhfələr Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi ilə daha da strateji əhəmiyyət qazanmış oldu. Bütün bu tipli digər regional əməkdaşlıq platformaları isə ABŞ-ın fəal dəstəyi və iştirakçılığı ilə gerçəkliyə çevrildi. Ona görə də hazırda dünyanın mühüm geostrateji mərkəzlərindən biri olan Avropada enerji təhlükəsizliyi tarixin heç bir dönəmində olmadığı qədər təhdidlərə məruz qaldığı bir vaxtda Azərbaycanın həyata keçirdiyi alternativ enerji təhlükəsizliyi kəməri xüsusi əhəmiyyət kəsb edir. ABŞ prezidentinin məktubunda da önə çəkilən əsas məsələlərdən biri elə bununla bağlıdır”.

Deputatın sözlərinə görə, ABŞ və Azərbaycan hazırda vaxtilə aldıqları uzaqgörən və perspektivli qərarın icra edilməsinin və regional əməkdaşlığa verdiyi mühüm töhfələrin təntənəsini yaşayır. Ancaq şübhəsiz ki, ABŞ-Azərbaycan münasibətləri təkcə enerji sektorundakı əməkdaşlıqla məhdudlaşmır. Daha geniş və daha rəngarəng spektri əhatə edir: “Buraya qlobal terrorizmə qarşı mübarizədən başlamış, elm, təhsil, insan hüquqları və azadlıqları da daxil olmaqla hərbi-siyasi sahədə əməkdaşlığa qədər olduqca çoxşaxəli istiqamətlər daxildir. Ona görə də ABŞ prezidenti bu mühüm istiqamətlərə də toxunaraq iki ölkənin əməkdaşlığının yüksək səviyyədə olmasını təyin edən siyasəti, yəni Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini alqışladığını bildirir və ABŞ tərəfindən bu siyasətə sadiq qalınacağını ifadə edir. Eyni zamanda Azərbaycanın regionda sabitləşdirici rol oynaması xüsusi vurğulanır ki, bu kontekstə Ukraynaya edilən humanitar yardım faktoruna da xüsusi diqqət çəkilir. Şübhəsiz ki, iki ölkə arasında münasibətlərin ABŞ prezidenti tərəfindən belə yüksək qiymətləndirilməsi Azərbaycan-ABŞ münasibətlərinin olduqca müsbət perspektivlərini də təyin edir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR