Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib.
Dövlət başçısının sözlərinə görə, bunun da nəticəsində ikitərəfli əlaqələr böhrana sürüklənib. Prezident İlhamƏliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.
Politoloq Qulamhüseyn Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, ABŞ-nin Azərbaycana münasibəti həmişə qərəzli xarakter daşıyıb.
“Hələ ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cumhuriyyəti formalaşarkən ABŞ prezidentinin portfelində Azərbaycan adlı dövlət yox idi. Azərbaycan əraziləri Ermənistana birləşdirilməli idi və ya Azərbaycan ərazilərində Ermənistan dövləti yaradılmalı idi.
Qulamhüseyn Əlibəyli
Sonrakı dövrlərdə də, xüsusi ilə müstəqillik illərində də biz bu yanaşmanı gördük. 907-ci il düzəlişi isə guya, biz ermənilərin hüquqlarını pozuruq deyə həyata keçirdilər. Bu düzəlişin müəlliflərindən biri də konqresmen kimi Co Bayden olub.
2001-ci ildən sonra antiterror koalisiyası formalaşanda və Azərbaycan orada iştirak edəndən sonra dövlətimizə qarşı aqressiv münasibət az da olsa səngidi. Çünki Azərbaycan ərazisindən İrana qarşı istifadə etmək istəyirdilər. Təbii ki, sonrakı dövrlərdə dövlətimiz buna razılıq vermədi. Təəssüf ki, İran bunu qiymətləndirə bilmədi.
Bir məsələni də qeyd edim ki, ABŞ-də prezidentlər formalaşmış siyasəti çox ciddi şəkildə dəyişdirmək imkanına malik deyillər. Prezidentlər hər hansısa məsələyə üstünlük verə bilərlər və ya bir qədər ona qarşı çıxa bilərlər. Co Bayden Azərbaycana olan münasibətdə ciddi dəyişiklik edə bilmədi, əksinə bacardığı pislikləri etdi. Sonuncu pisliyi isə ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması olub. 907-ci düzəlişin qüvvəsi 2001-ci ildə dayandırılmışdı, onun yenidən qüvvəyə minməsi də Bayden administrasiyasının növbəti pisliyi idi. Əlbəttə ki, bu həm də Amerikanın dövlət siyasətini ifadə edir. Donald Trampın dövründə də bu siyasətin ciddi şəkildə dəyişəcəyini gözləmirəm. Sadəcə olaraq Ermənistana münasibətdə Baydendən fərqli ağıllı siyasət yürüdülə bilər. Başqa dövlətlərin daxili işlərinə qarışmaq, onun problemlərini həll etmək Trampın proqramına o qədər də daxil deyil. Doğrudur, ermənilər vitse-prezidentin erməni əsilli olduğunu deyib çox sevinirlər. Güman edirlər ki, Ermənistana bunun köməyi dəyəcək. Fikrimcə, bunun özü də dezinformasiyadır”.
Politoloqun sözlərinə görə, Entoni Blinken uzun müddət Azərbaycana qarşı balanslı siyasət yürüdən biri kimi görünməyə çalışıb. O bildirib ki, dövlət katibi Baydenin apardığı siyasətin eynisini həyata keçirib.
Q. Əlibəyli Baydenin ailəsini əfv etməsi ilə bağlı sərəncamı da şərh edib:
“Prezidentin belə bir hüququ var, lakin siyasi mədəniyyət və əxlaq onu ailə üzvlərinə tətbiq etməyi məqbul sayılmır. Bayden bunu onunla əsaslandırır ki, Tramp onun ailəsini təqib edəcək və s. Lakin nəzərə alaq ki, ABŞ-də prezident hər şeyi həll etmir və bu məsələyə hüquq orqanları baxır. Onlar prezidentdən asılı deyillər. Görünür, Bayden ailə üzvlərinin fəaliyyətində cinayət əməllərinin olduğunu bilir deyə onlara toxunulmazlıq verir”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, Bayden prezident olduğu dövrlərdə həm ölkə daxilində, həm də ölkə xaricində siyasətində çoxsaylı səhvlərə yol verib.
“Bayden administrasiyası ermənilərə dəstəyi ilə yadda qaldı. Onun ailəsi ilə bağlı əfv sərəncamı imzalaması isə beynəlxalq ictimaiyyətdə ciddi tənqid olundu və sivil-demokratik ölkələrdə başa düşülən olmadı. Ona verilən səlahiyyətlərdən sui-istifadə edərək öz ailəsinin cinayətlərini ört-basdır etdi. Əslində isə o, prezidentlik dövründə ailəsi ilə elə bir təmas qurmalı idi ki, ən azı onun imicinə zərər gətirən sərəncamlar verməyə məcbur qalmasın. Bayden əskinə qanunları pozan ailə üzvlərini əfv etməklə onları cəzadan qurtardı”.
Şahanə Rəhimli
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ