Onlayn ictimai-siyasi qəzet
Miçiqan ştatında ermənilər ilkin seçkilərdə Demokratların namizədini boykot ediblər; Amerika Erməni Milli Komitəsi bunu Bayden administrasiyasının Qarabağdakı antiterror əməliyyatında rəsmi Bakıya qahmar çıxması ilə əlaqələndirir
ABŞ-ın Miçiqan ştatında yerləşmiş ermənilər Demokratlar Partiyasının bu ştatda keçirdikləri ilkin seçkilərdə Baydeni boykot edərək “boş səs” veriblər.
“Yeni Müsavat” bildirir ki, bu barədə ABŞ-da nəşr olunan “The Armenian Weekly” qəzeti məlumat yayıb. Qəzet yazır ki, Miçiqanda yaşayan ermənilər Baydeni azərbaycanpərəst hesab etdiklərindən belə qərar qəbul ediblər. Qeyd edilir ki, Amerika Erməni Milli Komitəsi (ANKA - Armenian National Committee of America) də bu barədə qərar qəbul edib. Komitənin saytına yerləşdirilmiş məlumatda bildirilir ki, Azərbaycan Qarabağda əməliyyatlar keçirərkən Bayden administrasiyası rəsmi Bakıya guya qahmar çıxıb, erməniləri müdafiə etməyib: “Bayden BMT-nin Azərbaycanı pisləmək təşəbbüslərinə mane oldu və "soyqırımı"dan sonra beynəlxalq mandata uyğun olaraq ermənilərin “artsax”a təhlükəsiz qayıtmasını təmin edən BMT qətnamələrinə rəhbərlik edə bilmədi, onları təqdim etmədi və hətta dəstəkləmədi", - deyə mətndə bildirilir.
ANKA həmçinin hesab edir ki, Bayden 2021-ci ildə “erməni soyqırımı” ifadəsini işlədərkən erməni seçicilərinin səsini almaqdan ötrü belə edib və prezidentin bu addımını “riyakarlıq” adlandırıb. Ermənilər ABŞ iqtidarını həmçinin Türkiyəyə qırıcı təyyarələrin satışına icazə verdiyinə görə də qınayıb. Maraqlıdır, erməni lobbisi ən erməniyanlı Ağ Ev hakimiyyətindən niyə üz döndərib? Halbuki Bayden qədər ermənipərəst ABŞ lideri olmayıb. Onun qondarma soyqırımı tanıdığını bəyan etməsi hər nə qədər ermənilərin seçkidə səsini qazanmağa hesablanmış olsa da, faktiki bu ifadəni dilinə gətirib. Eyni zamanda Senatda Azərbaycan əleyhinə qətnamələr qəbul olunub, ermənipərəst konqresmenlər ittihamlar səsləndirib, dövlət katibi Blinkenin köməkçisi Ceyms O,Brayen ölkəmizə qarşı həddi aşıb, bir sözlə, heç də Bayden və ABŞ-ın ayrı-ayrı siyasi institutları Bakıya münasibətdə obyektiv davranmayıblar. Əksinə, bizim haqqımız çatır ki, Baydeni ermənipərəst adlandıraq. Amma göründüyü kimi, Miçiqan erməniləri onu azərbaycanpərəst çıxarmağa çalışıblar. Yeri gəlmişkən, Azərbaycana torpaqların işğal edildiyi bir zamanda hərbi yardımları qadağan edən bədnam “907-ci düzəliş”in həmmüəlliflərindən biri də elə Baydendir. Necə ola bilər ki, indi bizə qahmar çıxsın?! Ən gülməlisi odur ki, Baydeni Türkiyəyə "F-35" qırıcılarını satmağa razılıq verdiyi üçün günahlandırırlar. Sanki iki nəhəng NATO dövləti bir ovuc erməniyə görə münasibətləri ayırd etməli imiş...
Asim Mollazadə
Deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, bu, ermənilərin ənənəvi oyunlarıdır. A.Mollazadənin fikrincə, onlar öz mövcudluğunu, seçkilərə təsir imkanlarını nümayiş etdirmək, təsir gücünü şişirtmək üçün namizədə təzyiq göstərməkdədirlər: “Amerika ermənilərinin məqsədi Bayden administrasiyasını Azərbaycan əleyhinə addım atmağa sövq etməkdir. ABŞ öz milli maraqlarına zidd qərar verməyəcək. Tək Miçiqan ştatı deyil, digər ştatlarda da ermənilər oxşar rəy bildirəcəklər. Ancaq Kaliforniya ştatında təsir imkanları ola bilər. Amma bu ştatda ermənisiz də Demokrat Partiyasının gücü var”. A.Mollazadə hesab edir ki, onlar seçkilərin nəticələrinə böyük ölçüdə təsir edə bilməzlər.
Natiq Cəfərli
Real Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərliyə görə, ermənilər Respublikaçılara işarə edirlər: “Bununla siyasi qoxunu aldıqlarını hiss etdirirlər. Demək istəyirlər ki, Trampın qələbə şansı yüksəkdir və uduzmağa doğru gedən oyunçuya "stavka" etmək istəyində deyillər. Bu da tipik erməni yanaşmasıdır. Çünki erməni diasporunun böyük təcrübəsi var. Onlar bu addımla bildirirlər ki, Baydenin şansı yoxdur". N.Cəfərlinin fikrincə, ikincisi, Respublikaçılardan Ermənistanla bağlı qərarlar verilməsini gözləyirlər: “Onlar gələcəkdə Azərbaycana qarşı təzyiqlər göstərilməsini istəyirlər. Amma Tramp dönəmində ABŞ-Azərbaycan münasibətləri yaxşı olub. Əgər Baydeni bəyənmirlərsə, Respubikaçılardan Azərbaycanla bağlı heç nə gözləməsinlər”.
Fuad Əliyev
Siyasi şərhçi Fuad Əliyev isə bu qənaətdədir ki, ermənilər Baydendən daha artığını gözləyirdilər: “Erməni lobbisi xərclədiyi pulların batdığını başa düşür. Onlar yandığından acıq çıxmaq üçün seçkidə Baydeni cəzalandırdıqlarını göstərmək istəyirlər. Erməni diasporu gözləyirdi ki, ABŞ Azərbaycana sanksiya tətbiq etməlidir, ermənilərin Xankəndinə qaytarılması üçün güclü basqı etməlidir, həbsdə olan separatçı liderlərin azad edilməsi üçün təzyiqləri artırmalıdır. Bir sözlə, onlar ABŞ prezidentindən mümkün olmayanları tələb edirlər. Başqa bir səbəb isə Demokratlara etimadsızlıq nümayiş etdirməkdir. Bununla belə, seçkidə ermənilərin əksəriyyətinin məcburiyyət qarşısında yenə də Baydenə dəstək verəcəyini düşünürəm. Çünki Tramp onların arzularının bir faizini belə ifadə etməyəcək”.
Ekspert Baydenin kifayət qədər ermənipərəstlik etdiyini düşünür: “Daha nə etməlidir ki? Biz bu müddətdə Ağ Ev rəhbərindən Azərbaycanla bağlı təqdirəlayiq mövqe görmədik. Dövlət Departamentinin hesabatında Qarabağdakı erməni abidələrinin dərdini çəkirlər, O,Brayen ölkənin rəsmi mövqeyini Senatda ifadə edir, bir sıra konqresmenlər ermənilərə xidmət göstərirlər, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi məhz Baydenin prezidentliyi dönəmində İrəvana gedərək qondarma genosid abidəsinin önündə saxta göz yaşları axıdır... Yəni daha nə etməlidirlər? ABŞ yeganə dövlət idi ki, Qarabağ separatçılarına müxtəlif layihələr və adlarla maliyyə ayırırdı. Bunu rəsmi şəkildə heç bir ölkə etməyib və Azərbaycan Prezidenti də bu məsələni xüsusi vurğulayıb. Görünür, ABŞ liderindən yenə separatizmə dəstək istənilir. Ancaq onların hiyləsi var. Başa düşürlər ki, Bayden uduza bilər. Onun reytinqi getdikcə aşağı düşür. İnanmıram ki, qoca Bayden qalib gəlsin. Tramp ağıllı və praqmatik siyasətçidir. Ona görə də Miçiqan ştatında boykot ermənilərin Demokratlara naz etməsi, incik düşdüklərini göstərmə cəhdləridir”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ