İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydendən gözlənilməz bəyanat - Zelenski suçlu çıxarıldı

“Qərbin öz müttəfiqlərini satması birinci dəfə deyil”

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenskini ittiham edən açıqlama verib. O, ABŞ kəşfiyyatının Rusiyanın Ukraynaya hücum edəcəyi barədə bildiyini, Kiyevə xəbərdarlıq etdiyini, lakin Volodimir Zelenskinin bunları eşitməzdən gəldiyini deyib.

Qeyd olunur ki, Baydenin Ukrayna lideri barədə gözlənilməz açıqlaması rəsmi Kiyevin Qərbdəki müttəfiqlərindən Ukraynaya ağır silahların çatdırılmasını sürətləndirməyi istədiyi vaxta təsadüf edib. Zelenski administrasiyası bildirib ki, Rusiya qoşunları ağır artilleriya qurğularının sayına görə Ukrayna Silahlı Qüvvələrini üstələyir, Donbasda Rusiyanın hücumunu son gücü ilə saxlayan ukraynalılarda döyüş sursatları çatmır. Cəbhələrdə vəziyyəti əsaslı şəkildə dəyişdirə biləcək çoxlu raket sistemlərinin təchizatı naməlum səbəblərdən təxirə salınıb.

Fransa, Almaniya liderlərinin ardından ABŞ prezidentinin Ukrayna və Zelenski haqda bu bəyanatı Qərbin Ukrayna məsələsində Rusiya ilə gizli anlaşdığı anlamına gəlir? Bayden bu açıqlaması ilə Rusiyanın işğalçılıq siyasətinə haqq qazandırmış olmur? Bu cür bəyanatlar sonda nə ilə nəticələnə bilər? Ukraynanı Rusiyanın hərbi aqressiyası ilə baş-başa buraxmaqla?

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədli

Politoloq Əhəd Məmmədli bildirdi ki, ABŞ-ın Ukraynanı yarı yolda qoyacağı əslində əvvəldən bəlli idi: “Bu barədə müharibənin hələ yeni başladığı vaxtlardan dediklərimiz, verilən proqnozlar artıq reallaşır. Demişdik ki, Ukraynada Suriya ssenarisi təkrarlana bilər. Suriya müharibəsi başlayanda da ilk iki-üç ildə elə bir təsəvvür yaranmışdı ki, Rusiyanın müdafiə etdiyi Bəşər Əsəd rejimi yıxılacaq. Lakin Əsəd rejimini Rusiya xilas etdi və sonra da ABŞ Rusiya ilə anlaşaraq təsir dairələrinə böldülər. Mərkəzi və cənubu Rusiyanın təsir dairəsidir, şimalı isə ABŞ-ın təsiri altındadır. Suriyada oyunu nisbətən Türkiyə pozmuşdu, qalan hər şey ABŞ və Rusiyanın öz aralarındakı razılaşmalar əsasında yekunlaşdı. İndi də görünür ki, belə bir ssenari Ukrayna ilə bağlı təkrarlanacaq. Çox deyirdilər ki, ABŞ ən ağır silahlarını Ukraynaya verəcək. İndi məlum olur ki, silah verilişi dayandırılıb. Kiyevin istədiyi silahlar Ukraynaya gəlib çıxmır. Ağır artilleriya silahları göndərilmir. Ukrayna hakimiyyəti hətta söz verdi ki, raketlər Rusiya ərazisinə atılmayacaq, lakin yenə də həmin vəd olunan raketlər göndərilmədi. ABŞ, Almaniya, Fransa Ukraynanı Rusiya ilə meydanda tək qoyurlar. Artıq ABŞ-dan qeyri-rəsmi də olsa açıqlamalar verilir ki, Krım və Donbas Rusiyaya verilməlidir, müharibə dayanmalıdır. Belə görünür ki, Vaşinqton Moskva ilə danışıqlara gedir və ya gedib, Ukraynanın bir sıra ərazilərinin Rusiyanın nəzarətində qalması şərti ilə müharibəni dayandırmaq istəyindədir. ABŞ-ın ”dərin dövləti" hesab olunan Kissincerin xatırladığımız açıqlamasından hələ 3 həftə keçməyib, artıq ABŞ-ın Ukrayna ilə bağlı məhz Kissincerin dediyi varianta getmək istədiyi sezilməkdədir. Kissincer o açıqlamanı verəndə Azərbaycanda bəziləri onu Putinin “beşinci kolon”u adlandırırdılar, elə danışırdılar ki, Kissincer sanki Araz Əlizadədir. Yəni bu cür dayaz ağılda olan “siyasi ekspertlər”imiz də var. İndi Baydenin Zelenskini ittiham eləməsi Ağ Evin Ukraynanı qurban verdiyindən xəbər verir. Bu, açıq-aşkar o deməkdir ki, Ukrayna məsələsi ilə bağlı ABŞ Rusiya ilə anlaşmaya doğru gedir. Ukrayna üç təsir dairəsinə bölünəcək. Paytaxt Lvov olmaqla Qərbi Ukrayna ABŞ-ın təsir dairəsində olacaq, paytaxtı Kiyev olmaqla mərkəzi Ukrayna neytral zona-guya müstəqil Ukrayna olacaq, Ukraynanın şərqi isə bütövlükdə Rusiyaya veriləcək. Bundan sonra Zelenskinin siyasi taleyi Mixail Saakaşvilinin də taleyindən betər olacaq".

Əli Orucov: “Siyasi təşkilatların xaricdən maliyyə dəstəyi alması  yolverilməzdir”

Əli Orucov

Siyasi şərhçi Əli Orucov isə bildirdi ki, Qərbin öz müttəfiqlərini satması birinci dəfə deyil: “Belə təcrübə tarixdə dəfələrlə yaşanıb. Ona görə də bu dəfə də ABŞ-ın Ukraynanı satacağı gözlənilən idi. Artıq iş elə səviyyəyə gəlib çatıb ki, Qərb Rusiya ilə bazarlığa getməyə üstünlük verir, nəinki Ukraynanın suverenliyinin qorunmasına. Rusiyaya qarşı verilən sanksiyalar zaman keçdikcə Qərbin özünə də təsir göstərir. Bu sanksiyaların hesabına Qərb Rusiya kimi böyük bir bazarı da itirir. Bundan başqa sanksiyalar Rusiyaya çox da ciddi, öldürücü təsir göstərmir. Çünki Rusiyanın dünya nəhənglərindən Çinlə, Hindistanla, Türkiyə ilə, Meksika ilə, həmçinin bir çox region dövlətləri ilə iqtisadi, ticari əlaqələri davam edir. Sanksiyalar Rusiyanı sıxsa da Qərbin hesabladığı kimi diz çökdürə bilməyəcək. Artıq belə görünür ki, ABŞ, Almaniya, Fransa və digər müttəfiq ölkələr bunun fərqindədirlər. Co Bayden proseslərin bu şəkil almasını görür və ona görə də günahı özlərinin üzərindən atmağa başlayır. Zelenskinin günahlandırılması buna görədir.

ABŞ həm də görür ki, Rusiyanın zəifləməsi halında bu durumdan uduşlu çıxan Çindir, Çin irəli çıxacaq. Çinin bundan artıq güclənməsini isə Vaşinqton istəmir. Bu amilə görə də Qərbin Rusiya ilə sövdələşmələrə gedəcəyi gözləniləndir. Sadəcə, hansı sövdələşmələrə gediləcəyi hələlik dəqiq deyil. Sövdələşmədən uduzan tərəfin Ukrayna, Ukrayna xalqı olacağı, demokratik dəyərlər olacağı barədə indi daha əminliklə danışmaq mümkündür".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR