İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden ikinci dəfə “erməni soyqırımı” sayıqladı - reaksiyalar

ABŞ prezidenti Co Bayden aprelin 24-də növbəti dəfə soyqırım ifadəsini işlədib. Türkiyədən buna təpki özünü gecikdirməyib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu hərəkəti Qərb liderinin ikiüzlü siyasəti kimi dəyərləndirib.

Bəs Azərbaycandan Baydenin bu davranışına reaksiya necədir? Qərbi süddən çıxan ağ qaşıq sayan, ədalətin, obyektivliyin nümunəsi sayan, Amerikanı öyən şəxslərin bu mövzuda mövqeləri nədən ibarətdir?

Etiraf edək ki, əgər Rusiya prezidenti Vladimir Putin soyqırım kəlməsi işlətsəydi, indi onu yıxıb-sürüyürdülər. Amerika cocuqları isə Baydenin antitürk, Türkiyəyə düşmənçilik fəaliyyətini kəskin tənqid edən yazı, status yazmırlar.

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyana müraciət ünvanlayıb. O, mesajında “Bir daha dünyasını dəyişən Osmanlı ermənilərinin xatirəsini ehtiramla yad edir, sağ qalan yaxınlarına dərin hüznlə başsağlığı verirəm” deyib.

Ərdoğan Ermənistanla münasibətlərin normallaşması üçün tarixi fürsət yarandığını da vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ prezidentinin erməni anım günü ilə əlaqədar çıxışına münasibət bildirib. XİN-in yaydığı bəyanatda deyilir: “ABŞ prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında növbəti dəfə 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur. Bir əsr bundan öncə baş verən hadisələrin yanlış şəkildə təqdim edilməsi və qondarma ”erməni soyqırımı" məsələsinin siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləri qəbuledilməzdir. ABŞ prezidentinin bu bəyanatı, həmçinin hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlara uyğun gəlmir. 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Tarixin saxtalaşdırılması cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir".

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov: “Amerikaya susub Rusiyanı vurmaq...”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bunun gözlənilən olduğunu söylədi: “Amerika prezidenti Co Baydenin bu cür deməsi onsuz da labüd idi. Nə üçün? Türkiyə artıq qlobalist güruhun deyil, millətinin strateji maraqlarını düşünən bir şəxsin-Ərdoğanın rəhbərliyi altındadır. Regional aktordur. Ona görə də hər nə qədər Türkiyəni sevməsələr də, amerikalılar onunla hesablaşmalı olur. Türkiyənin milli müdafiə sənayesinin son layihələrini həzm edə bilmirlər. Bizim bəzi qərbpərəstlərə gəldikdə isə onlar onsuz da milli olan hər şeyə qıcıqdılar. Xüsusilə Ərdoğanın adı gələndə əziyyət çəkirlər. Amerikaya susub Rusiyanı vurmaq, sadəcə, qlobal maliyyə və siyasətüstü dairələrə yarınmaq cəhdidir. Biz nə etməliyik? Milliləşməyi davam etdirməliyik”.

Avropadan Rusiyaya diplomatik həmlə

Şəhla Cəlilzadə: “Sadə erməninin ağlında saxta ”soyqırım" xatirələri daim canlı tutulmağa çalışılır"

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə dedi ki, “erməni soyqırımı” adlandırılan 1915-ci il tarixi hadisələrinə dünyada ikili baxış mövcuddur. Bunlardan biri Osmanlı türklərinin ermənilərə qarşı məqsədli şəkildə kütləvi və davamlı xarakter daşıyan (1915-1923-cü illər arasında guya 1.5 milyon erməninin öldürüldüyü) soyqırım törətdiyinə dair iddialardır. Uzun müddət Türkiyə ilə Ermənistanın münasibətlərinin təsis olunmasında bu iddiaların Türkiyə tərəfindən qəbul edilməsi, üzr istənilməsi tələb və ön şərt olaraq irəli sürülməkdə idi. Bu iddiaların başında bundan siyasi məqsədlər və Türkiyəyə təzyiq olaraq istifadə edən ABŞ, Fransa kimi dövlətlər durur. Təsadüfi deyil ki, Türkiyə Rusiya ilə S-400 sazişini imzaladıqdan və ABŞ tərəfindən CAATSA sanksiyalarına məruz qaldıqdan sonra ABŞ prezidentinin dilindən (Bayden, 2021) ilk dəfə “erməni soyqırımı” ifadəsi çıxmış, Fransa isə bunu 2001-də rəsmi olaraq tanımış, hətta 2012-ci ildə (daha sonra ləğv olunsa belə) “soyqırımı” tanımayanlara maddi cəzalar tətbiq olunmasını nəzərdə tutan qanun qəbul edilmişdi.

Hadisələrə digər baxış I Dünya müharibəsi ərəfəsində və gedişində Osmanlıda yaşayan ermənilərin yaşadıqları ölkəyə arxadan zərbə vurmaq məqsədilə atdıqları addımlara, Osmanlıya qarşı savaşan xarici güclərə yardım etdiklərinə görə 1915-ci ildə yaşadıqları ərazidən köçürülmələrini əks etdirən tarixi qərarın (tehcir kararı) verilməsi və köçürülmə zamanı ermənilərin bir çoxunun aclıq-susuzluq və yaşanan dünya müharibəsi fonunda müxtəlif etnik qruplar arasında baş verən qanlı toqquşmalar nəticəsində həlak olması ilə bağlıdır. Türkiyəli ekspertlər o dövrdə Osmanlıda 1,2 milyon erməninin yaşadığını, tehcirə məruz qalan erməni əhalisinin sayının 438,7 min nəfər olduğunu və Suriyadakı toplama kampına 382,1 min nəfərin gəlib çatdığını qeyd edirlər. Həmin hadisələr fonunda ermənilər də türk kəndlərinə hücum edərək kütləvi-toplu qətliamlar törədiblər ki, bu onların təbiətinə heç də yad deyil. Bu sırada qəddarlığı ilə seçilən 1915-ci ildəki Akdamar adası qətliamı, 1918-ci ildəki Alaca köyü qətliamı başda olmaqla, 1890-1922-ci illər ərzində Anadoluda 518 minə yaxın türkün ermənilər tərəfindən öldürüldüyü sənədlərlə təsdiq edilib".

Siyasi ekspert qeyd etdi ki, yaşanan hadisələrdə kütləvi insan qətliamının olduğunu, milyondan çox olmasa da, bir neçə yüz min erməninin müharibə gedişində öldürüldüyünü bugünkü Türkiyə rəsmiləri də danmır: “Cənab Ərdoğanın erməni patriarxına göndərdiyi başsağlığı və yaşanan hadisələrdə dünyasını dəyişən ermənilərin xatirəsini yad etməsi də bunu təsdiq edir. Bununla belə, bu tarixi hadisələrin siyasi məqsədlərlə, xüsusilə diaspora erməniləri tərəfindən barıt qatılmış atəşlə istifadə olunması yolverilməzdir. Türkiyə tərəfi ”soyqırım" iddialarını rədd edərək buna sərt cavab verməklə yanaşı, cənab Çavuşoğlunun bugünlərdəki Uruqvay səfəri ərəfəsində onu etirazla qarşılayan ermənilərə “bozqurd” işarəsi göstərməsi kimi simvolik cavab “atəşləri” də açmaqdadır. Paşinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması fonunda “soyqırım” iddialarının ön şərt olaraq irəli sürülməyəcəyini bildirsə də, görünən odur ki, erməni cəmiyyəti özünün yoğrulduğu “türk-düşmənliyi ideologiyası”ndan və bu saxta iddialardan əl çəkməyə hələ ki hazır deyil. Məhz 1915-ci il 24 apreldə köçürmə qərarı verdiyi üçün erməni soyqırımının anım günü olan həmin gündə İrəvanda baş tutan izdihamlı tədbirdə Türkiyə və Azərbaycan bayraqlarının yandırılması və ermənilərin buna alqış tutması, cəmiyyətin ümumi ab-havasını nümayiş etdirir. Bununla belə, bu cür şou xarakterli göstərişlərin real siyasi proseslərə təsir etməyəcəyini deyə bilərik.

Əlavə qeyd olaraq bildirim ki, “erməni soyqırımı” iddiaları nə qədər xaricdən alovlandırılırsa, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin də İrəvanda eyni dərəcədə xaricdən idarə olunduğu aydındır. Belə ki, Türkiyə tərəfinin “ikitərəfli görüşləri 3-cü tərəfin ərazisində keçirməyək, ya Ankara, ya da İrəvanda keçirək” çağırışına rəsmi İrəvandan hələ ki, müsbət cavab gəlməməsi Ermənistanın beynəlxalq münasibətlərin subyekti olduğunu göstərir və onun ikitərəfli müstəvidə və çərçivədə qonşu Azərbaycan və Türkiyə ilə münasibətlərini bərpa etməsinə hələ ki ağalarının izn vermədiyi aydın olur. Məhz buna görə sadə erməninin ağlında saxta “soyqırım” xatirələri daima canlı tutulmağa çalışılır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR