İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Əsədi niyə qoruyub, Hakan Fidan sirləri açdı: Türkiyə ABŞ-ın “Suriya planları”nı pozub

Türkiyənin Yaxın Şərqdə geopolitik və geoiqtisadi layihələrinin reallaşdırılması baxımından, Suriyanın yenidən bərpa edilməsi böyük əhəmiyyət daşıyır… Böyük ehtimalla Türkiyə Suriyada PKK/YPG terror təşkilatını dəstəkləyən və bu ölkədə xaosun qalmasında maraqlı olan ABŞ-la rəqabət aparmalı olacaq…

Suriya böhranının həlledici mərhələyə keçməsi Yaxın Şərq uğrunda mübarizədə olduqca böyük önəm daşıyır. Çünki məhz bu böhranın necə həll olunması Yazın Şərqin yenidən dizayn edilməsi ilə bağlı proseslərə birbaşa təsir göstərə bilər. Hətta müəyyən mənada, Yaxın Şərqdə qurulacaq yeni düzəninin məzmun və keyfiyyətinin məhz Suriya böhranının inkişaf istiqamətlərindən asılı ola biləcəyi də qətiyyən istisna deyil. Və bu baxımdan, Suriya böhranı ətrafında qlobal ziddiyyətlərin dərinləşməsi qətiyyən gözlənilməz xarakter daşımır.

Onu da qeyd etmək lazımdır ki, Əsəd rejimi devrilsə də, Suriya böhranının sona çatdığını düşünmək sadəlövhlük olardı. Belə ki, Suriya böhranının gələcək taleyi və inkişaf istiqamətləri əlsində, bundan sonra müəyyən olunacaq. Hər halda, Suriya böhranının tam nizamlanması üçün ilk növbədə bu ölkədə yeni legitim hakimiyyətin formalaşdırılması əsas prioritet kimi qəbul olunur. Üstəlik, bu prosesə əngəl törətməyə cəhd göstərən kənar güclər də olmamış deyil. Və ona görə də, Suriya üçün olduqca taleyüklü bir mərhələnin hələ irəlidə olduğu qətiyyən şübhə doğurmur.

c3c2547122a8362349c315abb6f7a991.jpg (134 KB)

Məsələ ondadır ki, hazırda Suriyanın ərazi bütövlüyü yalnız Türkiyə tərəfindən qeyd-şərtsiz dəstəklənir. ABŞ başda olmaqla, Yaxın Şərqin yenidən dizayn edilməsində maraqlı olan bəzi ölkələr PKK/YPG terror təşkilatını dəstəkləməklə, Suriyada unitar dövlətin yaradılmasına əngəl törətməyə çəhd göstərirlər. Onlardan bəzilərinin, xüsusilə də, ABŞ-ın Əsəd rejiminin devrilməsindən sonra Suriyada yaranmış vəziyyətdən, daxili proseslərin inkişaf istiqamətlərindən mənun olmadıqları açıq-aşkar müşahidə edilir. Və belə vəziyyətdə Suriya böhranının tam şəkildə nizamlanmasının o qədər də asan olmayacağını da düşünmək olar.

Maraqlıdır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan son açıqlamaları ilə Suriya ətrafında yaranmış situasiyanı qəlizləşdirən əsas faktorları gündəmə gətirib. Rəsmi Ankaranın Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan xarici işlər naziri Hakan Fidan Türkiyənin bu ölkədə demokratik siyasi idarəçilik sistemi yaratmağa çalışdığını qabardıb. Onun fikrincə, Suriyada qurulacaq yeni hökumətin Əsədin rejiminin davranışlarını təkrarlamasına imkan vermək olmaz. Və bu məsələdə Türkiyənin mövqeyi prinsipial xarakter daşıyır.

Digər tərəfdən, rəsmi Ankara Türkiyənin Suriyada İranı əvəz etmək niyyətində olmadığını da qətiyyən gizlətmir. Yəni, Türkiyə bununla Suriyanın yenidən qarşıdurma məkanına çevrilməsində maraqlı olmadığını biruzə verir. Ona görə də, rəsmi Ankara Suriyanın yeni hökuməti və bu ölkə ilə qarşılıqlı münasibətlər qurmaq istəyən dövlətlər, eləcə də, ABŞ arasında vasitəçilik etməyə də hazır olduğunu gizlətmir. Və Türkiyə Suriyada cərəyan edən proseslərlə bağlı Səudiyyə Ərəbistanı ilə ən yüksək səviyyədə koordinasiyalı fəaliyyət göstərir.

images-hakan-fidan.jpg (42 KB)

Bütün bunlar onu göstərir ki, Suriyanın siyasi idarəçilik sisteminin bərpa olunması prosesində Türkiyə hazırda əsas geopolitik iradə sahibidir. Ən əsasısa, rəsmi Ankara kənar dövlətlərin Suriyanı yenidən xaos məkanına çevirmək cəhdlərinə şans tanımayacağını da qətiyyən gizlətmir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamasına görə, Ağ Ev və ABŞ-ın bəzi müttəfiqləri ilkin olaraq, Əsəd rejiminin devrilməsinə qarşı müqavimət göstərməyə çalışıblar. Və bu, o deməkdir ki, həm ABŞ, həm də onun müttəfiqləri Suriyada xaosun davam etməsində daha çox maraqlıdırlar.

Onu da qeyd etmək lazımdır ki, vaxtilə Suriya müxalifəti hələ Dəməşqdə fəaliyyət göstərərkən, ABŞ-ın zamankı vitse-prezidenti Co Bayden Türkiyəyə səfər edib və prezident Rəcəb Tayyib Ərdoğana “Biz Bəşərin getməsini istəmirik” demişdi. Rəsmi Ankara Co Baydenin yalnız Ağ Evin deyil, həm də ABŞ-ın digər müttəfiqlərinin də mövqeyini ifadə etdiyinə şübhə etmirdi. Yəni, ABŞ və müttəfiqləri Əsəd rejimini öz geopolitik maraqları baxımından, faydalı regional faktor hesab edirmişlər. Və bu, o deməkdir ki, Suriyada situasiyanın dəyişərək, fərqli istiqamətlər alması Qərbdə bəzi siyasi dairələri elə indi də qətiyyən qane etmir.

Bütün bunlar onu göstərir ki, Türkiyə Suriya böhranının suriyalıların mənafeyinə uyğun həll olunması üçün demək olar, təkbaşına mübarizə aparmaq məcburiyyətində qalıb. Hazırda bəzi dünya ölkələri, xüsusilə də, Qərb dövlətləri Suriyadakı müvəqqəti hökumətlə təmaslar qurmağa can atırlar. Əslində, bu, Suriyanın gələcək taleyi baxımından pozitiv irəliləyiş də sayıla bilər. Ancaq bu təmaslarda Suriyada situasiyanın daha da qəlizləşdirilməsinə, Türkiyənin fəaliyyət prioritetlərinə kobud müdaxilə cəhdlərinin olacağı qətiyyən şübhə doğurmur. Və bu, Suriyanın bərpa olunması prosesini əngəlləməsə belə, ləngidə bilər.

YPG PKK.png (322 KB)

Halbuki, Suriyanın yenidən normal siyasi dinamika ilə bərpa olunması Türkiyə üçün böyük əhəmiyyət daşıyır. Belə ki, Türkiyə öz sərhəd qonşusu olan Suriyada terrordan və xaosdan uzaq situasiyanın yaradılmasında maraqlıdır. Çünki bu, Türkiyənin milli təhlükəsizlik maraqlarına qarşı bəzi ciddi təhdidlərin zərərsizləşdirilməsini, xüsusilə də, PKK/YPG terror təşkilatının sıradan çıxarılmasını təmin edə bilər.

Eyni zamanda, rəsmi Ankara Suriyada daxili vəziyyətin sabitləşməsi ilə Türkiyədə olan üç milyondan çox suriyalı qaçqınlarla bağlı problemdən də xilas olmağı da hədəfləyir. Digər tərəfdən, Suriyanın bərpa edilməsinin Türkiyənin geoiqtisadi layihələrinin reallaşdırılması baxımından da böyük əhəmiyyət daşıdığı qətiyyən şübhə doğurmur. Və bu baxımdan, böyük ehtimalla Türkiyə Suriyada PKK/YPG terror təşkilatını dəstəkləyən, bu ölkədə xaosun qalmasında maraqlı olan ABŞ-la rəqabət aparmalı olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR