Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, ABŞ-nin 46-cı prezidenti Cozef Baydenin səlahiyyətlərinin bitməsinə az qalmış ailə üzvlərini öncədən əfv etməsi barədə qərar imzalaması birmənalı qarşılanmır.
Baydenin bu qərarının mütəşəkkil cinayət əlamətləri daşıdığı barədə iddia irəli sürənlər var.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib. Dövlət başçısı bunun nəticəsində ikitərəfli əlaqələrin böhrana sürükləndiyini vurğulayıb.
Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.
Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a şərhində bildirib ki, Bayden administrasiyası hakimiyyətdə olduğu 4 il ərzində beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün nəinki heç nə etmədi, əksinə, Avropada İkinci Dünya müharibəsindən sonra ən böyük müharibənin - Rusiya-Ukrayna müharibəsinin başlamasına rəvac verdi:
"Trampın mövqeyinə görə Rusiya-Ukrayna müharibəsinin baş verməməsi mümkün idi. Müharibədə milyonlarla insan həlak olub. Qəzza bölgəsində məlum hadisələrin yaşanmasında da Bayden administrasiyasının böyük məsuliyyəti var - 47 minə yaxın insan həlak olub. Bəşəriyyət üçün böyük fəlakətlərə səbəb olmuş bu şəxs tələm-tələsik iki qərarı ilə daha çox yadda qaldı. Birincisi, oğlu da daxil olmaqla, yaxınlarını cinayət məsuliyyətindən azad edəcək, onların əfvi ilə bağlı qərarı qəbul etdi. Bu da onu göstərir ki, əlində səlahiyyət var ikən fürsətdən istifadə etmək istəyib. Çünki Tramp administrasiyası dövründə onların cinayət əməlləri sübuta yetiriləcəkdi. O da indidən qabaqlayıcı addımlar atır ki, gələcəkdə övladı və digər yaxınları hüquqi müstəvidə məsuliyyət daşımasınlar. Bu, artıq onun hansı siyasət yeritdiyini sübut edir.
İkinci qərar isə Ermənistanla strateji tərəfdaşlıqla bağlı saziş imzalanmasıdır ki, bununla Ermənistan-ABŞ münasibətləri strateji dialoq səviyyəsindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Bu, özündə hərbi komponentləri - Ermənistan sərhədinə ABŞ hərbçilərindən ibarət missiyanın gətirilməsini ehtiva edir. Bu da nəticə etibarilə bir yandan Cənubi Qafqazın Ukraynalaşdırılması və ya Suriyalaşdırılması ilə bağlı ssenarilərin həyata keçirilməsi üçün münbit şərait yaradır. O, geosiyasi mühiti, reallıqları və s. nəzərə almadan bu addımı atıb".
E.Nəsirov vurğulayıb ki, Bayden 36 trilyon dollar dövlət borcu qoyub ki, ÜDM 29 trilyona yaxındır.
"Yəqin ki, Trampın 90 gün müddətinə xarici yardımlarla bağlı qərarının qüvvədən düşməsinin səbəblərindan biri dövlət borcunun olmasıdır", - deyə deputat əlavə edib.
Nigar HƏSƏNLİ
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ