İnsanlara hürriyət, millətlərə istiqlal!

“Basma qaza, kəmərini tax...” - qəzaların əsas səbəbi açıqlandı

Yol-nəqliyyat hadisələrinin sayı azalıb, həlak olanların sayı isə...

Həftəsonu respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib.  Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.  Nəticədə 7 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarında avtomobil yollarında 780 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

Məlumata görə, bu hadisələr nəticəsində xəsarət alanların sayı 4,8 faiz azalaraq 1056 nəfər olub. Onlardan 387-si həlak olub, 669-u isə yaralanıb. Hadisələrin 44,3 faizi gündüz, 39,4 faizi gecə, 16,3 faizi isə toran vaxtı baş verib, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.  Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 24,7 faiz artaraq 293 nəfər, yaralananların sayı isə 7,5 faiz azalaraq 644 nəfər olub. Bütün yol-nəqliyyat hadisələrinin 39,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 37,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 23,0 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,7 faizini, yaralananların isə 73,2 faizini kişilər təşkil edir.

Qəzaların qarşısını necə almalı?

Antikorrupsiya həbslərinin hədəfi - ilin sonunadək “böyük başlar”...

Natiq Ələsgərov 

 “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyi üçün kompleks tədbirləri davam etdirir. Əhalinin sıx məskunlaşdığı paytaxtda yeni yolların, yol qovşaqlarının çəkilməsi, yeraltı və yerüstü piyada keçidlərinin tikilib istifadəyə verilməsi də yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinə yönəlib. Keçirilən sorğular, aparılan təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin baş verməsi əksər hallarda hərəkət iştirakçılarının intizamının səviyyəsindən asılı olur: “Bu sahədə durumun ciddiliyi nəzərə alınaraq ölkəmizdə yol hərəkəti qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib. Həyata keçirilən tədbirlər, o cümlədən müvafiq dövlət proqramları çərçivəsində yol polisi xidmətinin maddi-texniki imkanlarının artırılması, elmi-texniki vasitələrdən daha geniş istifadə etməsi hərəkətin təhlükəsizliyinin təmini işinə müsbət təsir göstərir. Sübhəsiz ki, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati tənbeh növlərinin sərtləşdirilməsi, ilk növbədə, profilaktik məqsəd daşıyır. Həyata keçirilən qabaqlayıcı tədbirlərdən aydın görünür ki, dövlət yol polisi ölkə ərazisində yol hərəkətinin fasiləsiz və təhlükəsiz təminatının əsas təşəbbüskarı kimi çıxış edir. Bu, həm də avtomobilləşmənin sürətli artımından yaranan tıxac problemini həll etmək məqsədindən irəli gəlir. Yol hərəkətinin təhlükəsizliyinin təmini polisin qarşısında duran mühüm vəzifələrdən biri olduğundan, yol polisi paytaxt ərazində profilaktiki tədbirlərin miqyasını davamlı olaraq genişləndirir. Bu məqsədlə, orta məktəblərin yerləşdiyi ərazilərdə, onlara yaxın küçə və yollarda, istifadəyə verilmiş yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında, piyadalar üçün keçid zolaqlarında mütəmadi olaraq reydlər keçirilir, qadağan olunan yerlərdən piyada hərəkətinin qarşısını almaq üçün profilaktiki iş aparılır. Eyni zamanda sürət həddinin aşılması, yolayrıclarının keçilməsi və ötmə qaydalarının pozulması hallarına yol verən, avtomobilləri sərxoş halda idarə edən sürücülərə qarşı mübarizə tədbirləri də davam edir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi rəsmi açıqlamalarında qəzaların böyük bir qisminin sürücülərin təhlükəsizlik kəmərindən istifadə etməməsi və sürət həddini aşması üzündən baş verdiyini bildirir”.

Natiq Ələsgərov deyir ki, hadisələr müxtəlif formalarda baş versə də, səbəb eynidir - yüksək sürət, manevr qaydalarının pozulması və s.: "Bu gün dövlət səviyyəsində yol hərəkətinin təhlükəsizliyi üçün böyük proqram hazırlanıb. 2019-2023-cü illərdə respublikanın avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi üçün Dövlət Proqramı qəbul edilib. Bu Dövlət Proqramına əsasən 5 il ərzində ölkə ərazisində qəzaların qarşısını almaq üçün davamlı tədbirlər nəzərdə tutulub. Yol hərəkəti qaydasının pozulması birmənalı olaraq qəzalara münbit şərait yaratmaq deməkdir. Əgər sürücü tez-tez qaydaları pozursa, intizamsızlıq edirsə, başqasının həyatını təhlükədə qoyursa, belə sürücülərlə bağlı sərt addımlar atılması vacibdir. Bəzi sürücülərin istirahət etmədən avtomobilləri idarə etməsi və bu zaman respublika əhəmiyyətli yolun kənarında iri yük maşınlarının saxlanılması üçün şəraitin olmaması elə özü mövcud qəzalara təkan verir. Dövlət Proqramına əsasən, belə halların aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin görülməsi diqqət mərkəzində saxlanılır. Belə ki, respublika əhəmiyyətli yolların müəyyən yerlərində sürücülərin istirahət etməsi üçün əlverişli şərait yaradılması nəzərdə tutulub”, - deyə hüquqşünas bildirib.

Hüquqşünas deyir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrində yol qəzalarında ölən insanların sayının 2030-cu ildə 3,6 milyon nəfərədək yüksələcəyini proqnozlaşdırıb: “Statistikaya əsasən, hər gün dünya üzrə yollarda 3 mindən çox insan həlak olur, 100 mindən çox insan isə yaralanır. Araşdırma zamanı məlum olub ki, 15-29 yaş arasında gənclərin əsas ölüm səbəbi də məhz yol qəzalarıdır. Ekspertlər onu da müəyyən edib ki, Avropa və digər inkişaf etmiş ölkələrdə daha az yol qəzaları baş verir və bu qəzalarda ölüm faktı da azdır. Afrika və bir çox Asiya ölkələrində isə əksinə, ağır yol qəzalarına tez-tez rast gəlinir. Statistikaya əsasən ən çox Çində və Hindistanda yol qəzaları baş verir. Hazırda inkişaf etmiş ölkələrdə yol qəzalarının sayı xeyli azalıb. Halbuki həmin ölkələrdə 1960-70-ci illərdə bizdəkindən 2-3 dəfə çox ağır qəzalar baş verib. Bu gün həmin ölkələrdə avtomobillərin sayının çox olmasına baxmayaraq yol-nəqliyyat hadisələri, qəzalar zamanı baş verən ölüm faktlarının sayı 2-3 dəfə azdır. Çünki problemlə bağlı xüsusi tədbirlər görülüb, bütün məsələlər nəzərə alınıb. O cümlədən məktəblərdə maarfiləndirmə işləri aparılır, avtomobillərin texniki sənədlərinə dair tələblər, sürücülərin hazırlanması, yol-nəqliyyat hadisəsi zamanı görüləcək ilk tibb-yardım haqda məlumatlar verilir. Buna görə də istənilən nəticə əldə olunub. Hazırda Azərbaycanda da bu cür tədbirlər görülməkdədir. Statistik məlumatlar göstərir ki, həyata keçirilən Dövlət Proqramının daha 5 il uzadılmasına çox ciddi ehtiyac var”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR