İnsanlara hürriyət, millətlərə istiqlal!

Başlıbel qətliamının 29-cu ili faciə yerində qeyd edildi - əməkdaşımız Kəlbəcərdən yazır

Bu gün Kəlbəcər rayonunun Başlıbel kəndində Ermənistan silahlı birləşmələri və terror qruplarının törətdiyi qətliamdan 29 il ötür. Ermənilərin xalqımıza qarşı törətdiyi qətliamlardan biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Həmin 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub.

Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. 62 nəfərin sığındığı Portda adlanan ərazidəki mağaraları Ermənistan hərbçiləri mühasirəyə alıblar və saat 15-dən 21 radələrinədək atəşə tutmağa başlayıblar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın və 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülüblər.

19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb.



Düşmən gülləsindən canını qurtara bilən və qaçmağa nail olan 30 nəfər isə yenidən dağlara çəkilib sonrakı tarixlərdə iki qrupa bölünməklə Portda ərazisindən 5 kilometrə yaxın uzaqdakı müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 1993-cü il mayın 12-də gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.



29 nəfər 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək bir həftəyə yaxın yol gedərək iyul ayının 22-də Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər. Amma 1 nəfər - II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bugünədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.



2020-ci ilin 27 sentybarında başlanan Vətən müharibəsi isə Kəlbəcər rayonunun Başlıbel kəndinin də azad edilməsi ilə nəticələndi. 10 noyabrda kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistan 25 noyabrda Kəlbəcər rayonunu əsl sahibinə-Azərbaycana təhvil verdi.

Başlıbelin azad edilməsi 1993-ci ilin 18 aprelində törədilən Başlıbel qətliamı ilə bağlı hüquqi, siyasi addımların atılmasına başlanması üçün zəmin yaratmış oldu. Baş Prokurorluqda Başlıbel qətliamına görə cinayət işi açılıb.



Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, 2021-ci il aprelin 24-də Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilib və 50 santimetr dərinlikdə torpağa basdırılmış, kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkarlanıb. Bundan başqa, istintaq hərəkəti zamanı cinayət hadisəsinin baş verdiyi yerdə mülki şəxslərin gizləndiyi mağaralarda aşkarlanmış müxtəlif məişət əşyaları, mülki şəxslərin qəsdən öldürülməsini sübut edən giliz və güllələr cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən qablaşdırılaraq rəsmiləşdirilib.
Dörd ay davam edən istintaqdan sonra eksqumasiya edilmiş cəsədlərin əvvəlki yerinə qaytarılması və orada dəfn edilməsi barədə qərar qəbul olunub. Qərar sentybarın 2-də icra olunub.



Onu da qeyd edək ki, Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən ümumilikdə 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı, iki ayağını itirmiş birinci qrup əlil Hüseyn Hüseynovu kəndin mədəniyyət klubunda diri-diri yandırıblar. Kənd sakini, səhhətində problemlər olan Qənaət Ağamirovu kəndin içərisində işgəncə ilə qətlə yetiriblər.



Başlıbel qətliamının 29-cu ili qətliamın baş verdiyi yerdə anım ziyarəti ilə qeyd olunub. Prezident Adminstrasiyasının tapşırığı, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzə Dövlət Komitəsinin təşkilatçılığı ilə 16 apreldə Başlıbel kəndinə səfər təşkil olunub. Səfərdə qətliam qurbanlarının ailə üzvləri, qətliam zamanı sağ qalmış 113 gün mühasirədə yaşamış şəxslər və jurnalistlər iştirak ediblər. Səfərdə “Yeni Müsavat” qəzetinin əslən Başlıbel kəndindən olan əməkdaşı Etibar Seyidağa da iştirak edib.
Anım tədbirində Başlıbel qətliamında şəhid olmuş şəxslərin məzarları üzərinə güllər qoyulub. Şəhidlərin ailə üzvləri, 18 aprel qətliamının canlı şahidi olan şəxslər həmin qanlı hadisə haqda danışıblar. Başlıbel qətliamının Ermənistan dövlətinin törətdiyi insanlıq əleyhinə cinayətlərdən biri olduğu çıxışlarda ifadə ounub. Həmçinin bildirilib ki, Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində Ermənistanı diz çökdürdüyü kimi, Başlıbel qətliamına görə də beynəlxalq hüquqi müstəvidə Ermənistanın cəzalandırılmasına nail olacaq. Sakinlər qeyd ediblər ki, Prezident İlham Əliyevin 2021-ci ilin 24 sentyabrında BMT Baş Assambleyasında çıxışı zamanı Başlıbel qətliamı barədə də söylədiyi fikirlər buna bir daha əminlik yaradıb. Başlıbellilər doğma rayonlarının, kəndlərinin düşməndən azad olunmasına, şəhidlərimizin qisasının alınmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Ordumuza təşəkkürlərini ifadə ediblər.



Qətliam qurbanlarının məzarları ziyarət edildikdən və ruhlarına dualar oxunduqdan sonra məzarlıqdan təxminən 100 metr məsafədə yerləşən mağaralar da ziyarət edilib. O mağaralar ki, özündə çox dəhşətli tarixi və izləri yaşadır. 29 il öncə bu mağaralara sığınan insanların paltarları, istifadə etdikləri bəzi məişət əşyaları, güllə-boran nəticəsində darmadağın olmuş yorğan-düşəklərinin qalıqları burada qalır. Bu mağaralara sığınan günahsız insanların burada hansı məşəqqətli şəraitdə yaşadıqları gözlər önündə canlanır.
Qeyd edək ki, Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi, işğal zamanı 1900 nəfərə yaxın sakini olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşir.

Etibar SEYİDAĞA
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR