İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yaşayış olan bina sökülür: Tikinti şirkəti deyir, qəzalıdır, sakinlər isə - Videoreportaj

Bakının Nizami rayonunun Kamil Balakişiyev küçəsində binalarda söküntü işləri aparan şirkətlə sakinlər arasında narazılıq yaranıb.

Vətəndaşlar bildiriblər ki, "Kursus-Nizami" Mənzil-Tikinti Kooperativi sakinləri illərdir yaşadığı mənzildən məcburən çıxmağa vadar edir. Onların sözlərinə görə, MTK binanın qəzalı olduğunu bəhanə edib Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsində yerləşən 2519-cu məhəllədə yerləşən 39, 41, 43, 45, 47/13 nömrəli üçmərtəbəli binaları, eləcə də onların həyətində yerləşən ikimərtəbəli uşaq bağçasını, qazanxananı, qeyri-yaşayış obyektlərini sökmək barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılığa gəlib.

Sakin Cəfər Ağadadaş: “Mən bu məhəllədə böyümüşəm. İndi isə buradakı evimizdə anam yaşayır. Ötən ilin oktyabr ayından burada söküntü işləri aparılır. Şirkətlə razılığa gələn sakinlər çıxıb gediblər. Bizim kimi razılığa gələ bilməyənlər isə hələ də sökülmüş binada qalır. Bizə deyirlər ki, şərtlərimizi qəbul etməlisiniz. Mənim anamın evi 3 otaqlıdır. Onlar isə deyir ki, sizə iki otaqlı ev verəcəyik. Ona görə də razılığa gələ bilmirik”.    

Bina sakini deyir ki, tikinti şirkəti binanın qəzalı olduğunu bəhanə gətirərək onları öz şərtləri ilə razılaşmağa məcbur edir. Halbuki Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəyində binanın qəzalı olduğuna dair bir kəlmə də yazılmayıb:

“Binanın qəzalı olmasına dair hər hansısa bir sənəd yoxdur. Vizual ekspertiza keçiriblər. Bildiriblər ki, ev qəzalı deyil”, -Cəfər Ağadadaşov deyir.  

Şikayətçi sakin 1960-cı ildə inşa olunmuş binalarda zəlzələdən sonra çatların belə yaranmadığını, binanın texniki vəziyyətindən narazı olmadıqlarını bildirib. Onun sözlərinə görə, tikinti şirkəti əraziyə gəlməmişdən əvvəl bina tam istismara yararlı olub.

“Hər hansısa strategiya yoxdur. Hər kəslə individual bir razılığa gəlirlər. Məsələn, mənimlə evin kvadrat metrində razılığa gələ bilmirlər. Burada bir çox adam bu problemlə üzləşiblər. İnsanlardan güzəşt tələb edirlər, amma özləri heç bir güzəşt etmirlər. Evlərimizin sənədləri də qaydasındadır, heç bir problem yoxdur.

İcra hakimiyyəti isə neytral mövqe tutur. Qəzalı vəziyyətdə olmayan evləri necə sökə bilərsiniz. Mənim anam burada ikinci mərtəbədə yaşayır. Üçüncü mərtəbədə isə söküntü aparılır. O, gecələr qorxur. Bütün həyət dağıdılıb.  Binanı qəsdən qəzalı vəziyyətə salırlar ki, desinlər ki, söküntü üçün əsasları var”.    

"Kursus-Nizami" Mənzil-Tikinti Kooperativinin köçürmə meneceri Elxan Qurbanov isə deyir ki, hazırda binada heç bir söküntü işləri aparılmır. İndi köçürmə işləri ilə məşğuldurlar. Onun sözlərinə görə, binadan köçmək istəməyən sakinlər fantastik məbləğdə pul istəyirlər:

“İlkin mərhələdə 4 binadır, onlardan 4 sakin qalıb. Sakinlər bizə çox fantastik qiymət deyirlər. Biz əgər əlavə sahə veririksə, daha artığını istəyirlər. Elə sakin var ki, 50 kvadrat metrlik evə 200 milyona yaxın pul istəyir. Cəfərin evi 50 kvadrat metrdir, lakin bizdən 84 kvadratlıq tam təmirli ev istəyir. Burada heç bir sakinə pul ödənilmir. Öz köhnə mənzillərinin əvəzinə onlara yeni mənzillər təklif olunub.  Biz onların köçürülmə işlərini öz öhdəmizə götürmüşük.  Hazırda onlara kirayə pulu vermişik. Təmirdən sonra evlərinə qayıdacaqlar. Ümumilikdə söküntü işləri 6, 2 hektar ərazini əhatə edir. 24-36 ay ərzində təmirin bitməsi planlaşdırılır”.

Nizami Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov isə sözügedən ərazidə söküntü işlərinin pilot layihə əsasında aparılmadığını, tikinti şirkəti ilə sakinlərin öz aralarında razılığa gəlməli olduqlarını deyir. Bildirib ki, bu məsələ rayon icra hakimiyyətinin səlahiyyətində deyil. Amma sakinlər tikinti şirkətinin qanunsuz əməlləri ilə bağlı şikayət ediblərsə, bu faktlar araşdırılacaq.

Görünən isə odur ki, sakinlərin artıq hər hansısa araşdırmaya ümidi qalmayıb. Onlar çıxmayacam deyib, illərlə yaşadıqları evlərinə sığınıblar.  

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR