İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qızını döyməyən dizini döyər” - köhnəlmiş deyim, yoxsa...

Ekspertlərin fikrincə, bu atalar sözü xüsusilə qızlara vaxtında düzgün tərbiyə vermək kimi başa düşülməlidir 

Xəbər verdiyimiz kimi, keçmiş türkiyəli model-aparıcı Deniz Akkaya 15 yaşlı qızını döydüyü üçün 4 ay 27 gün həbs cəzası alıb. Məhkəmədə bildirilib ki, hadisə baş verən gün Akkaya ilə qızı mübahisə edib və bu zaman o, içərisində dəmir termos və simsiz qulaqlıq olan çantanı övladının başına atıb. Bundan başqa, eks-model qızını təpikləyərək boğazını da sıxıb.

 Bu ilin may ayında isə mübahisə etdiyi qızının onu eyvanda kilidlədiyini əsas gətirərək evinə polis çağırmışdı. Qızından şikayətçi olan Akkaya daha sonra onu cəzalandırmaq üçün dövlət himayəsinə verib. Bununla bağlı hər şeyi X hesabında paylaşan keçmiş model qızının otağında ikinci mobil telefon tapdığını da demişdi. 

Cəmiyyətin normal inkişafı ailələrdə uşaqlara verilən tərbiyədən asılıdır. Hər ailənin özünəməxsus tərbiyə metodu var. Kimi öz övladının tərbiyəsində sərbəstliyə üstünlük verir, kimisi də mühafizəkarlığa. Hətta “qızını döyməyən dizini döyər” prinsipi cəmiyyətdə anormal qarşılansa da, bu metodla uşaq böyüdənlər də az deyil.  

“Qızını döyməyən dizini döyər” vaxtilə Azərbaycanda ən çox yada salınan atalar sözlərindən biri idi. Əslində bu atalar sözü uşaqları döyərək tərbiyə etməyi deyil, xüsusilə qızlara vaxtında düzgün tərbiyə vermək kimi başa düşülürdü. İndi isə ümumiyyətlə, bu fikir ailə zorakılığı və ya şiddəti kimi qəbul edilir.

QRBe9ROsum5JZ8AbYzbmIzIKR4NlHt1OoFYYSpwj.jpg

Günel İsmayıllı

Psixoloq Günel İsmayıllı “Yeni Müsavat”a deyib ki, bu atalar sözünün məntiqi tərəfinə boylansaq, faydalı olacaq düşüncə görə bilərik. Lakin təəssüf ki, insanlar daha çox hərfi mənalara fikir verirlər: “İnsanlar "qızını döyməyən, dizini döyər" ifadəsini daha çox fiziki zorakılığa çağırış kimi yozurlar. Əslində isə məntiqi tərəf odur ki, qız övladının tərbiyəsi ilə məşğul olmalısan, onunla ünsiyyət qurmalısan, onun duyğularını anlamalısan. Bir sözlə, övladına qarşı empatiya ilə yanaşmalısan. Bunun üçün böyüklərin özünü inkişaf etdirmələri, bu istiqamətdə əmək sərf etmələri lazımdır. Yalnız bundan sonra valideynlərlə övladların aktiv dialoquna rast gələ bilərik. Valideyn qızının duyğu düşüncələrinə enməsə, gələcəkdə övladı ona daha yaxşı sahib çıxacaq, onu anlayacaq insan axtarışına çıxacaq. Valideynlər isə vaxtında qızlarının duyğu tələbatına cavab vermədikləri üçün pis nəticələri aradan qaldırmaqla məşğul olacaqlar". 

Psixoloq deyib ki, qız övladlarına ünsiyyət, onları anlayaraq dinləmək, sevgimizi göstərmək lazımdır: “Bunlar edilmədikdə qız yetkinlik yaşına çatdıqda duyğu acı olan beyin axtarışa çıxacaq. Ona ilk dəfə dəyər verən insana sığınacaq və elə biləcək ki, o doğru insandır. Əlbəttə ki, qarşımıza çıxan və bizə xoş söz deyən bütün insanlar heç də həmişə müsbət xarakterdə olmurlar. Sonda çox pis şəkildə aldana və ağır travma ala bilərik. Qızlar duyğularda natamam hissəni kənarda axtarırlar. Bu böhran qızın yaşadıqlarının rasional deyil, duyğusal tərəfdən baş verdiyini anlayana qədər davam edəcək. Ona qədər isə özünü aldadaraq natamam duyğuları tamamlamağa çalışacaq. Və bu yolda əlbəttə ki, yanlışlara yol verəcək, səhvlər edəcək. İnsanlarımız düşünür ki, uşağı döyməsən, sabah qarşına başqa problemlərlə gələcək.Ona görə də atalar sözünün hərfi mənasında ilişib qalmaq lazım deyil”.  

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir  Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

Üzeyir Şəfiyev

Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri Üzeyir Şəfiyev isə deyib ki, bizim dinimizdə qızlara nisbətən oğlanlara daha çox üstün imkanlar tanınır: “Hətta vərəsəlik münasibətlərində də oğlanlar irəli çəkilir. Bu ondan irəli gəlir ki, patriarxal cəmiyyətik. Tərbiyə məsələlərində də Şərq təfəkkürü önəmli rol oynayır.

Nizami Gəncəvinin əsərlərində qız övladlarının tərbiyəsi ilə bağlı maraqlı deyimlər var. Şair “Xosrov və Şirin” əsərində Məhinbanunun dilindən o nəsihətləri verir. Hesab edirəm ki, qız övladlarının tərbiyəsi ilə oğlan övladlarının tərbiyəsi fərqlənməlidir. Amma bu o demək deyil ki, qızını fiziki anlamda döyməyən, dizini döyər. Burada söhbət emosional zorakılıq yaşatmaqdan getmir.  Bu gün ölkəmizdə qızlar və oğlanlar üçün bərabər şanslar yaranıb. Qızlarımız və oğlanlarımız təhsilə, elmə açıqdırlar. Qızlarımız xaricdə təhsil alırlar. Bu baxımdan bəzi deyimlər köhnə dövr üçün hesablanıb və ilkin mənasını itirib. Bu gün oğlanlara da, qızlara da bərabər çağırışlar olunur.  Əfsus ki, bəzi valideynlər, patriarxal düşüncəli kişilər hələ də qız övladlarına köhnə təsir düşüncəsi ilə yanaşırlar. Onlar üçün “olmazlar” müəyyənləşdiriblər. Qızları köhnə tərbiyə qaydaları ilə idarə edirlər. Hətta ixtisas seçimində də məhdudiyyətlər qoyurlar. Amma deməzdim ki, belə kişilərin, valideynlərin sayı çoxdur. Bu, kütləvi deyil, çünki cəmiyyətdə zamanın ruhuna, qlobal cəmiyyətin çağırışına uyğun tərbiyə prosesləri də gedir. 

Doğrudur, Azərbaycan cəmiyyətinə kənar qüvvələr tərəfindən müdaxilələr də olur. Onlar ənənəvi cəmiyyətin əsaslarını dağıtmaq istəyirlər. Bu, gender bərabərliyi adı altında aqressiv feminizmə xidmətdir. Süni şəkildə qadın və kişi qarşıdurması yaradılır. Qorxulu tendensiyadır, nəzarət güclənməlidir".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR