İnsanlara hürriyət, millətlərə istiqlal!

“Başımla cavabdehəm, barmağını yalayacaqsan... Get, benzinin qiymətindən yaz” - REPORTAJ + FOTOLAR

Hər həftənin altıncı günü Sumqayıt şəhərində böyük ərazini əhatə edən yarmarka təşkil edilir.

İllərdir ki, bu ənənə davam edir. İnsanlar qiymətlərin yarmarkada bazar və marketlərə nisbətən ucuz olduğunu hesab etdikləri üçün həftə sonları bu məkana üz tuturlar.

Azərbaycanın müxtəlif bölgələrindən sözügedən yarmarkaya kənd məhsulları gətirilir. Burada növbənöv meyvə və tərəvəzdən tutmuş, müxtəlif otların, ədviyyatların, ət məhsullarının, hətta geyimlərin satışına da rast gəlmək olar.

PALTAR.jpeg (236 KB)

Musavat.com-un əməkdaşı həmin yarmarkada olub, həm qiymətlərlə maraqlanıb, həm də ab-hava ilə tanış olub.

Satış yarmarkasına girər-girməz armud satıcısının səsinin izi ilə onun piştaxtasına yaxınlaşıram.

“Gəl ay müştəri, meşə armudundan, karmen armuddan qalmadı, yeyin ağzınız şirin olsun”, - deyib alıcıları səsləyir.

ARMUD.jpeg (181 KB)

Onunla söhbətimdə bəlli olur ki, meşə armudu 1 manat 50 qəpiyə, karmen armudu isə 2 manatadır.

Məhsulunu elə tərifləyir ki, özümü saxlaya bilməyib bir kilo armud da mən alıram və daha sonra digər piştaxtalara baş çəkirəm.

Burada kənd toyuqları da satılır. Günün istisindən yorulmuş satıcı qadın yorğun-yorğun “alsanız, 5 manata da verərəm. Təki alın”, - deyə qiyməti bildirir.

TOYUQU.jpeg (148 KB)

Yarmarkada maraqlı məqam isə pomidorun qiyməti ilə bağlıdır. Ötən həftə qiyməti kəllə-çarxa çıxan pomidorun əlasını burada 1 manata tapa bilərsiniz.

POMİDOR.jpeg (200 KB)

Pis olan isə odur ki, xiyarın qiymətində enmə yoxdur. Hələ də satışı 2 manatdır. Hətta satıcılar bunun səbəbini açıqlayarkən zarafat da etdilər:

“Bir kərə qalxan qiymət, bir daha enməz. Bura Azərbaycandır, heç görmüsünüzmü ki, nəyinsə qiyməti aşağı düşsün”.

Qarpız satanlar da dil boğaza qoymurlar.

“Bal kimidir, ay xanım, al apar, pis çıxsa, gətir qaytar. Başımla cavabdehəm. Elə bil arı balıdır, yeyirsən doymursan. Sən hələ bir yemişin dadına bax”, - deyib mehribanlıqla bir dilim yemişi mənə doğru uzadır. İnsafən, dediyi kimi var. Həm dadı, həm də ətri adamı valeh edir.

QARPİZ SON.jpeg (204 KB)

Yay fəslində sevdiyim meyvələrdən biri də şaftalıdır deyə tez onların qiyməti ilə də maraqlanıram. Ovuca sığmayan, böyük ölçüdə olan nisbətən bərk şaftalılar 1 manat əlli qəpiyə, lap irilər isə 2 manata satılır. Amma bazarda 80 qəpiyə də bu meyvədən tapmaq mümkündür. Puluna minnət, varsa, lap yaxşısını ala bilərsən.

SAFTA.jpeg (246 KB)

Çiyələk satan da kilosunu 1 manata almağa çağırır. Üstümdə pulumun az olduğunu deyəndə “Bilsəm ki, sonra gətirib ödəyəcəksən, lap nisyə də verərəm. Hələ bir bunun dadına bax. Rayondan gətirmişəm e” deyir.

Kənd məhsullarından qatıq, pendir, növbənöv şor, süzmə də satılır. Pendirlərin qiyməti 6-7-8 manatdan başlayır. Xalalar hər pendirdən bir az kəsib: “heç alma, eləcə dadına bax, barmağını yalayacaqsan” - deyib bıçaqdakı pendiri alıcılara uzadırlar.

KENDİM.jpeg (173 KB)

Jurnalist olduğumu anlayan digər satıcı isə yaxınlaşıb o ki var gileylənir: “Qiymət artımından yazmayın e. Yanacağın bahalaşmasını işıqlandırın, daşımanın qiymətinin artmasından danışın, satışın monopoliyada olmasını dilə gətirin”, - deyə imdad istəyir.

Yarmarkanı xeyli gəzib, sona yaxınlaşıram. Burada oturub son müştərilərini gözləyən çörəkçi xala ilə söhbətləşirəm.

“Tezdəndən buradayam. Gecəni də yatmamışam. Un ələmişəm, xəmir yoğurub çörək bişirmişəm. Hamısını satmışam, 3-ü qalıb. Xala qurban, gəlsənə birini də sən alasan, ləzgi çörəyidir, baha deyil, 1 manat 20 qəpiyə satıram” - deyib reaksiyamı gözləyir.

Beləliklə, isti və xeyli böyük ləzgi çörəyindən alıram və yeyə-yeyə yarmarkadan çıxıram.

COREK.jpeg (214 KB)

Türklərdə bir deyim var: Əkmək aslanın ağzında olur. Elə bu insanlar da isti-soyuq demədən hər həftə bura pənah gətirib, çörək pulu qazanırlar. Bu, bir parça çörəyə görə aslanla güləşməkdən də çətindir.

GUNUN.jpeg (208 KB)

Şahanə Rəhimli,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR