İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir Əli Əsədovun qərarı - orqan mafiyasına ciddi zərbə

Donor orqanların götürülməsi,  saxlanması, daşınması və transplantasiyası qaydaları açıqlandı;  orqan transplantasiyası ilə qanunsuz şəkildə məşğul olan qrupların fəaliyyətinə son qoyulacaqmı?

Nazirlər Kabineti “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Qaydası”nı təsdiq edib. Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd olunub ki, Səhiyyə Nazirliyi beynəlxalq təcrübə nəzərə alınmaqla, donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması prosesinin təşkilinə və transplantasiya metodu ilə tibbi yardım göstərilməsinə dair tələbləri iki ay müddətində təsdiq etməli və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Azərbaycanda orqan transplantasiyası ilə bağlı vahid bazada xəstənin, həmçinin donorun məlumatları yer alacaq. Eyni zamanda sağlığında orqanını bağışlamaq istəyənlər də bu sistemə daxil ediləcək. Şəxsin hansı orqanlarını bağışlamaq istədiyi sənəddə qeyd olunacaq. Yada salaq ki, ölkə Prezidentinin fərmanına əsasən, 2022-ci ilin yanvarın 1-dən Azərbaycanda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun qüvvəyə minib. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunda bir çox mühüm müddəalar yer alıb.

Qanuna əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər. Meyit donordan isə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürmək mümkündür.

Qanunda yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxsin sağlığında ölümdən sonra transplantasiya məqsədilə orqanlarının götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtinası nəzərdə tutulub. Şəxs ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsini istənilən vaxt dəyişdirə bilər. Qanuna əsasən, transplantasiya mərkəzlərində koordinatorlar olmalıdır. Bu koordinatorlar işin təşkili, orqan alınması, çıxarılması baxımından idarəedici işləri həyata keçirəcək.

Ölkədə orqana ehtiyacı olan və illərlə növbə gözləyən xəstələr var. Onların intizarına son qoyacaq qanun necə icra olunacaq, ölkə səhiyyəsi həyati əhəmiyyətli qanunun icrasına hazırdırmı? İlk dəfə tətbiq olunacaq meyitdən orqan götürülməsi prosesi gözləntiləri doğruldacaqmı?

Məlumat üçün bildirək ki, Azərbaycanda ilk dəfə orqan nəqli akademik Mirməmməd Cavadzadə tərəfindən icra olunub. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə canlı donordan böyrək köçürülməsi həyata keçirilib və bu nailiyyətə görə o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülüb. Ümumilikdə isə mərhum akademikin rəhbərliyi altında 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın canlıdan böyrək nəqli əməliyyatı aparılıb. Sonradan bu iş dayandırılıb. Sovet hakimiyyətinin  süqutundan sonra yaranan durğunluq, tibbi kadrların, avadanlıqların və hüquqi bazanın olmaması səbəbindən transplantasiya aparılmayıb və bu vacib sahə diqqətdən kənarda qalıb. Bu sahədə ənənələrin bərpası yalnız müstəqillikdən sonrakı dövrdə müşahidə olunub. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması məqsədilə 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub.

İnfeksionist qaydalara əməl etməyənlərə çağırış etdi: "Səhiyyə sistemi çökə  bilər" - Finans.az

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı bunları dedi: “Bu qanunun qəbul edilməsi vacib idi və gözlənilən idi. Tibb elmi inkişaf edir və artıq müasir tibb elmində transplantasiya əməliyyatları əsas yerlərdən birini tutur. Bu, inkişaf etmiş ölkələrdə, Amerikada daha geniş yayılıb. Təbii ki, bizdə də artıq icra olunmağa başlayıb. Amma sizə deyim ki, bizdə transplantasiya əməliyyatları bir çox ölkələrdən öncə icra olunub. Hətta sovet dövründə bizdə böyrək köçürmə əməliyyatları olub. Bir sözlə, transplantasiya əməliyyatları genişlənməkdədir. Belə olan halda donordan orqanların götürülməsi, toxuma hissələrinin köçürülməsi müəyyən qanunla təsbit olunmalıdır. Bu qanunun qüvvəyə minməsi bu sahədə tibbin və elmin daha da inkişaf etməsinə təkan verəcək”.

Nicat Əzimli - Teleqraf.com

Nicat Əzimli

Həkim infeksionist Nicat Əzimli də mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Fikrimcə, Azərbaycanda bu əməliyyatları icra edə biləcək yetərli sayda mütəxəssis mövcuddur. Bu sahədə kifayət qədər biliyi və təcrübəsi olan bir çox həmkarımız var. Həmçinin zaman keçdikcə bu istiqamətdə ixtisaslaşmış kadr sayında da artım olacaqdır”.

Onu da qeyd edək ki, bu il avqustun 1-də Azərbaycanda qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsinə görə cəzalar da müəyyənləşib. Bu, Prezident İlham Əliyevin Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub. Dəyişikliklə qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsi 9000 manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Həmin əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və s. cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Həmin əməl ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətdə müəyyən müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Orqan transplantasiyası ilə qanunsuz şəkildə məşğul olan şəxslərin, qrupların fəaliyyətinə son qoyulacaqmı?

Aydın Əliyev: 'Vaksinasiya prosesini ölkədə təcili sürətləndirmək lazımdır'

Aydın Əliyev 

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, belə bir qanunun qəbulu orqan ticarətinin müəyyən qədər qarşısını alacaq: “Cinayətkarlar hər zaman müxtəlif yollar axtarırlar. Ola bilsin ki, kimisə cəlb edərlər, o adamlar könüllü şəkildə donor olmağa razılıq verərlər. Amma belə bir qanunun qəbul olunması təqdirəlayiqdir. Çünki əgər qanun orqanın pulla satılmasına icazə versə, o zaman çox ciddi problemlər yarana bilər. Tutaq ki, insan hansısa ehtiyac üzündən gələcəkdə nə kimi fəsadın olacağını bilmir. Hansısa maddi ehtiyacına görə bu addımı ata bilər. Amma sonradan onda problem yaranarsa, fəsadı olarsa, onu geri qaytarmaq artıq mümkün deyil. Necə deyirlər, sonrakı peşmançılıq fayda vermir”.

Qeyd edək ki, Azərbaycanda 2013-2018-ci illərdə minə yaxın orqan və onun hissələrinin köçürülməsi əməliyyatı həyata keçirilib. Ümumi orqan köçürülməsi əməliyyatının 70 faizini böyrək transplantasiyası təşkil edir. İkinci yerdə qaraciyər və onun seqmentlərinin köçürülməsi gəlir. 10 faizini isə sümük iliyinin nəqli tutur. Azərbaycanda orqan transplantasiyasında böyrək nəqli əməliyyatı ona görə üstünlük təşkil edir. Mərkəzi Neftçilər Xəstəxanasında 2014-cü ilə qədər 128 xəstəyə böyrək köçürülüb,  2018-ci ildə isə bu say 600-ə çatıb.

Afaq MİRAYİQ,
Yeni Müsavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR