Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Türkiyə əleyhinə təməlçiləri İran, gey-liberal Fransa, buddist Hindistan olan koalisiyanın məkrli niyyəti; ekspert: “Nə Fransanın, nə yaxın-uzaq qonşularımızın bəzi addımları bizi qorxutmamalı, əksinə...”
İkinci Qarabağ savaşı artıq dördüncü ildir bitsə də, Ermənistan odla oynamaqda davam edir. Hələ də revanşist ümidlərlə yaşayan rəsmi İrəvan qonşu Azərbaycan və Türkiyə ilə təcili sülh müqavilələri imzalamaq əvəzinə, Bakı və Ankaranı yeni hərbi avantüraya çəkməyə çalışır - həm də bölgədən uzaq bəzi gücləri münaqişəyə cəlb etməklə...
Bu məqsədlə Ermənistan ilk baxışda bir-biri ilə antaqonist mövqedə olan dövlətləri belə bir araya gətirməyə can atır. "Bəs proqnozlar nə deyir, gözləntilər nədir, böyük sülh anlaşmasının üfüqdə görünmədiyi bir vaxtda Bakı ən çox nəyi ciddiyə almalıdır", - sualları təbii olaraq ortaya çıxır.
Ermənistanın yeni koalisiyası hətta xarici ekspertlərdə də heyrət doğurur. “İlk baxışda çox qəribə bir ittifaq - fundamentalist İranla liberal Fransa birliyi Ermənistana görə məsuliyyəti öz üzərinə götürməyə hazır görünür. Vəziyyətə baxın, gey xarici işlər naziri olan Fransa ilə homoseksualları edam edən İran arasında Azərbaycana qarşı ittifaq qurulur”. “Yeni Müsavat”ın məlumatına görə, bu fikri Minval.az-a rusiyalı tanınmış analitik Maksim Şevçenko deyib. “Reallıq budur. Fransa-İran ittifaqı çox güclü ittifaqdır. İran eyni zamanda Rusiyanın müttəfiqidir, onunla hərbi texnologiyalar və bir çox digər şeylərin mübadiləsini aparır. Rusiya və İranın arxasında isə Çin dayanır - hansı ki, özü heç nəyə qarışmayacaq. Fransa çox fəaldır və bu, şüurlu bir fəaliyyətdir. Münasibətlərin konfiqurasiyası qurulur, Fransa-İran-Hindistan əlaqəsi yaranır”. Sözünə davam edən analitik əlavə edib: “Hindistan Fransa kimi nüvə silahına malik ölkədir və məncə, İran da artıq bir neçə nüvə başlığına malikdir. Beləliklə, Azərbaycan ətrafında faşist partiyanın iqtidarda olduğu bütpərəst Hindistandan, təməl şiə İranı və liberal Fransadan ibarət paradoksal bir konsorsium yaranır. Qeyri-təbiidir, eləmi? Məgər vaxtilə çar Romanov Rusiyası ilə Fransanın ittifaqı qeyri-təbii deyildi?” Şevçenko bu və digər səbəbdən Azərbaycana diqqətli və ehtiyatlı olmağı məsləhət görüb: “Mən qorxutmaq istəmirəm, amma səmimi bir dost kimi Azərbaycanın bu gün üzləşdiyi reallıqları göstərmək istəyirəm. Məncə, vəziyyət ciddidir”. Ölkəmizin tanınmış simaları ilə mövzunu şərh edərkən rusiyalı ekspertin gözləntisinin nə dərəcədə əsaslı olduğu barədə də mövqe soruşduq.
Arzu Nağıyev
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, tarixin müxtəlif dönəmlərində İran və onunla eyni mövqedə olan dövlətlərin Azərbaycana qarşı tutduğu mövqe hamıya məlumdur: “Lakin İkinci Qarabağ müharibəsindən sonra bu mövqe özünü daha aydın büruzə verdi. Qeyd etdiyim kimi, qələbəmiz yalnız cənub qonşumuzu deyil, Fransa və Hindistan kimi eynimövqeli dövlətləri narahat etməyə başladı. Təbii ki, burada Pakistanla əlaqələrimiz də ciddi bir faktor kimi qabardıldı. Eyni zamanda Pakistanın Ermənistana olan münasibətindən doğan məqamlar da öz işini gördü”. İctimai-siyasi müstəvidə baxışları üst-üstə düşməyən bu üç dövləti Cənubi Qafqazda birləşdirən ortaq maraq nədir? A.Nağıyev: “Fransa-İran-Hindistan üçlüyü Ermənistana dəstəkdən çox, Azərbaycana qarşı mövqe alıb desək, yanılmarıq. Revanşist İrəvanın istəklərinə təkan verən bu dövlətlər Ermənistanda keçirdiyi hərbi təlimlərlə öz çirkin niyyətini büruzə verir. Bu işdə isə İranın ən böyük yardımçısı Hindistandır. Qeyd edim ki, Hindistan Ermənistanın ən böyük silah tədarükçülərindəndir. İran və Hindistanın dəstəyi ilə Ermənistanın sakitcə silahlanması bizim üçün təhlükədir. Burada Hindistandan İrana və Ermənistana yük daşınması, logistik imkanları da Ermənistan qabardır və Fransa da bu məsələlərdə iştirakda maraqlıdır. Cənubi Qafqaza çıxış əldə etmək istəyən Fransanın isə ən böyük məqsədi regionda möhkəmlənməkdir. Sülh danışıqlarına gedən yolda vasitəçiliyə can atması da bunun göstəricisidir. Burada məqsəd sülh deyil, gərginliyi qorumaqla regionda münaqişə ocağını aktiv saxlamaqdır”.
Türkiyə faktoruna gəldikdə, deputat qeyd etdi ki, tarix boyu Avropanın Türkiyəyə qarşı önəmli əks təsir faktoru məhz İran olub: “Dolayısı ilə bu ittifaq Azərbaycan üzərindən həm də Türkiyəyə qarşı yönəlib. Mövcud reallıqda İran daha çox anlayır ki, Zəngəzur dəhlizinin açılması regionda iqtisadi və siyasi səhnəni dəyişəcək, Türk dövlətlərinin birləşməsinə zəmin yaradacaq. Təbii ki, Rusiya da mühüm bir regional aktor kimi Fransanı narahat edir və İranla yaxınlaşaraq onun tarixi tərəfdaşı olan dövlətə qarşı da məkrli siyasətini həyata keçirə bilər. İran-Rusiya-Çin üçlüyü daima gündəmdə olan mövzudur, Qərb də Fransa vasitəsilə bu əməkdaşlığı özünə uyğun şəkildə istifadə etməyə çalışır”. A.Nağıyev hesab edir ki, belə bir vəziyyətdə İran Azərbaycanla iqtisadi və siyasi əlaqələrini gücləndirsə, onun üçün daha faydalı olar: “Bu gün İranın idarəsində olan türk toplumunu da nəzərə alsaq, deyə bilərəm ki, bu müqavimət İranı birdəfəlik məhv etməsə də, daxili çaxnaşmalara, vətəndaş müharibəsinə səbəb olacaq ki, bu da onun siyasi arenadakı imicinə zərbə vuracaq. Çünki ABŞ, Qərb Fransanın timsalında əsasən siyasi məqsədlərinə çatmağa çalışır, İran isə Qərbin regiona gəlməyinə meylli deyil, bunu da dərk etməlidirlər ki, hədəf heç də sülhün bərqərar olması deyil, yeni münaqişə ocaqlarının yaradılmasından başqa bir şey deyil”.
Üzeyir Cəfərov
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov da qəzetimizə bildirdi ki, Ermənistan öz oyunlarını davam etdirməkdədir: “Ona təilmat verən güclər vəziyyəti maksimum gərgin saxlamağa çalışır, arada bu amili təxribat xarakterli addımlara çevirmək üçün də bəzi qərarları verməklə bağlı tərəddüd etməyi də məsləhət görürlər. Bütün bunların fonunda da Ermənistan son həftələr çox aktivləşib. Rəsmi İrəvan ölkə daxilindəki vəziyyətin çox gərgin və bəzən kritik dönəmlərində belə bu cür açıq müstəvidə çıxışlar etmir. Yəni qərarlar vermir və hakimiyyəti üçün riskli addımları atmırdı. İndi isə çox rahat şəkildə həm Azərbaycanın, həm də qardaş Türkiyənin milli maraqlarına zidd addımlara belə getməyə çəkinmir. Paşinyanın Paris, Afina səfərlərinə diqqət etmək kifayətdir ki, onun haradan qidalandığını və nə demək istədiyini anlamaq asan olsun. Onu yaxın illərdə daha revanşist addımlara sövq etmək üçün bir çox mərkəzlər aktiv fəaliyyət göstərirlər”. .
Ü.Cəfərovun sözlərinə görə, görünən də odur ki, heç bu il də sülh sazisi imzalanmayacaq: “Paşinyanın müavini Mqer Qriqoryanın verdiyi son bəyanatlara diqqət etsək, məncə, çox şey bizə aydın olar. Ermənistan vaxt uzatmağa çalışır, sonrakı illərdə isə öz təhdid və təzyiqlərini artırmağı düşünür. Bizim cənub qonşumuz da, Fransa da, Yunanıstan da Ermənistanı aktiv şəkildə həm maddi, həm də mənəvi şəkildə dəstəkləyirlər”. Rusiyalı analitik Şevçenkonun sözlərinə gəlincə, polkovnik hesab edir ki, bir şeyi unutmamalıyıq: “Bizim şimal qonşumuzun bəzi tanınmış, tanınmamış ekspert və politoloqlarının da öz ölkəsinin maraqlarını bizim cəmiyyətdə təqdim etmək üçün yaxşı şansları yaranıb. Onlar hər addımda bizim diqqətimizə çatdırmağa çalışırlar ki, Rusiya olmasa, Azərbaycan üçün qarşıdakı dönəmlərdə çox çətin olacaq. Bu da bəzi perspektivlərlə bağlı olan məsələlərdir. Mövzuya birbaşa aidiyyəti olmadığı üçün üstündə çox dayanmıram. Amma onların son vaxtlar Ermənistanla, Fransa ilə öz "haqq-hesabları var" - deyə bu cür açıqlamalar verirlər. Bu da başadüşüləndir". Hərbi ekspert hesab edir ki, biz öz yolumuza davam etməli, bizə qardaş olan Türkiyə ilə münasibətləri daha da dərinləşdirməli, bəzi sahələrdə isə daha çevik addımlar atmalıyıq: “Vəziyyət hər zaman həm bölgədə, həm də Azərbaycan ətrafında ciddi və düşündürücü olub. İndi də bir sıra məqamlar var ki, onlar bizi narahat edir. Amma bölgəyə aid olan və olmayan dövlətlər öz maraqlarını həyata keçirmək üçün bəzən informasiya müharibəsinin elementlərindən də ustalıqla istifadə etməyə çalışırlar. Azərbaycan üçün çox qorxulu və gərgin məqamlar arxada qalıb. Sadəcə, bəzi özünü dost və müttəfiq göstərən dövlətlər hələ də reallıqları qəbul edib dünyanın nizamının dəyişdiyini və bundan sonra daha da çox dəyişəcəyini qəbul etmək istəmirlər. Azərbaycan da baş verən proseslər fonunda lazım olan bəzi addımları atıb və bundan sonra da atacaq. Nə Fransanın, nə yaxın-uzaq qonşularımızın bəzi addımları bizi qorxutmamalı, əksinə, buna qarşı biz qabaqlayıcı addımlarımızı düşünüb atmalıyıq. O işlər də, məncə, qardaş Türkiyə və digər səmimi, dürüst dövlətlər vasitəsilə həyata keçirilir”.
E.PAŞASOY,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ