İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının milyon manatlıq torpaqları – Onları kimlər alır?

Paytaxt ərazisində son illər sürətlə qiyməti artan daşınmaz əmlak növlərindən biri də torpaqlardır. Hazırda Bakının mərkəzi rayonlarında torpaq sahələrinin sayı və ölçüsü xeyli məhdud olsa da, bazarda təkliflər hələ də qalmaqdadır. 

Musavat.com xəbər verir ki, Yenisabah.az paytaxtın mərkəzi rayonlarında təklif edilən torpaq qiymətlərini araşdırıb.

Müşahidələrimiz Bakının Səbail, Nəsimi, Nərimanov, Xətai və Yasamal rayonlarını əhatə edib. 

Maraqlıdır ki, ötən ildən fərqli olaraq, artıq bu sahədə liderliyi Nəsimi və Nərimanov deyil, Səbail rayonu əlində saxlayır. Hazırkı  vəziyyətdə elan saytlarında ən yüksək qiymətə təklif olunan torpaq sahələri məhz Səbail rayonu ərazisindədir. 

Rayonun Badamdar qəsəbəsi ərazisində 20 sot torpaq sahəsi 1 milyon 400 min manat, Bayıl qəsəbəsində 31 sot torpaq sahəsi 6 milyon 500 min manat, Şıxovda isə 80 sot ərazi 4 milyon 800 min manata satışa çıxarılıb. 

Nərimanov rayonu ərazisində də torpaq qiymətləri sözün əsl mənasında əl yandırır. Rayon ərazisində satışa təklif olunan 13 sot torpaq sahəsi 1 milyon 690 min manat, “Gənclik” metrostansiyası yaxınlığında yerləşən 21 sot torpaq sahəsi isə 3 milyon 500 min manata satılır.

Torpağın 1 sot dəyəri baxımından növbəti pillələri Nəsimi, Xətai və Yasamal rayonları tutur. Burada torpağın 1 sotunun qiyməti ən az 50-100 min manat arasında təklif edilir. 

Əlaqə saxladığımız realtorlar deyir ki, sözügedən torpaq sahələrini adətən iş adamları və yaxud MTK-lar alır. Bu cür torpaq sahələri vahid ərazi formasında satılır və müəyyən hissənin ayrıca alışı mümkün deyil. 

Onların sözlərinə görə, bu cür torpaq sahələrində hansısa fərdi yaşayış evinin tikintisi demək olar ki, müşahidə edilmir. Realtorlar ötən ilə nisbətən bu il paytaxt ərazisində torpaqların həm azalacağını, həm də bahalaşacağını bildirib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR