Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Azərbaycana qarşı törətdiyi sərhəd təxribatı Cənubi Qafqazda hərbi-siyasi gərginliyi son həddə çatdırıb. Rəsmi İrəvan bu hərbi təxribatla əslində, məhz Cənubi Qafqazda regional sülh prosesinə birbaşa atəş açmış oldu. Ona görə də, indi regionda savaş riski növbəti dəfə ən aktual reallığa çevrilməyə başlayıb. Və hazırda yaranmış vəziyyətin bütün hərbi-siyasi məsuliyyəti məhz silahlı təxribatı törətmiş Ermənistanın üzərinə düşür.
Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvan Ermənistanın məsuliyyətini qəbul etmək niyyətindən çox-çox uzaqdır. Paşinyan hakimiyyəti öz hərbi təxribatına dolayısı ilə haqq qazandırmağa və günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir. Hər halda, rəsmi İrəvanın son açıqlamaları və davranışları belə düşünməyə tamamilə əsas verir. Və buna əmin olmaq üçün Ermənistan baş naziri Nikol Paşinyanın son hadisələrə münasibətinə diqqət yetirmək tamamilə kifayətdir.
Məsələ ondadır ki, erməni baş nazir Ermənistanın müdafiə nazirinin atəşkəsi pozmamaq, təxribatlara uymamaq üçün göstəriş olduğunu bildirib. Onun dediyinə görə, əgər, nizam-intizam pozulubsa, bunun araşdırması və nəticəsi olacaq. Erməni baş nazir iddia edir ki, buna baxmayaraq, Azərbaycan araşdırmaların nəticələrini gözləmədən güclü cavab atəşı ilə reaksiya verib.
Yenə də absurd və məntiqsiz erməni yanaşma tərzi açıq-aşkar müşahidə olunur. Birincisi, Ermənistanın müdafiə naziri atəşkəs kobud şəkildə pozulduqdan sonra hansısa göstərişlər vermiş olması heç nəyi dəyişmir. Üstəlik, həmin göstərişdə məhz birtərəfli qaydada təxribatı törətmiş erməni hərbçilərə "təxribatlara uymamaq barədə tələb"in özü absurd xarakter daşıyır. Və Azərbaycanın dolayısı ilə ittiham edilməsi isə ümumiyyətlə, heç bir məntiqlə izah edilə bilməz.
Baş nazir Nikol Paşinyan deyəsən, çox sadə bir reallığı anlamır ki, erməni nazirlərin göstərişləri yalnız Ermənistan ərazisində keçərli ola bilər. Halbuki, Ermənistanda Paşinyan hakimiyyətinin verdiyi qərarların keçərli olub-olmadığı da hazırda kifayət qədər ciddi şübhələr doğurur. Azərbaycan isə Ermənistan müdafiə nazirinin göstərişinin hansı səviyyədə icra olunduğunu müşahidə edərək, onun nəticələrini gözləmək məcburiyyətində deyil.
Rəsmi Bakı üçün yalnız bir hərbi reallıq önəm daşıyır. Azərbaycan ərazisinə başqa ölkədən atəş açılıb və ona mütləq uyğun reaksiya vermək lazımdır. Azərbaycan da məhz bu hüququndan istifadə edib. İndi rəsmi İrəvan Ermənistanın törətdiyi hərbi təxribatı, onun qaçılmaz nəticələrini bundan sonra da istədiyi qədər araşdırmaqda davam edə bilər.
Ancaq buna baxmayaraq, hərbi təxribat məhz Ermənistan tərəfindən törədilsə də, baş nazir Nikol Paşinyan buna görə üzr istəyib, günahkarları cəzalandırmaq əvəzinə, Azərbaycanın reaksiyasını yenə də bəsit "erməni məntiqi" ilə izah etməyə çalışır. Erməni baş nazirin fikrincə, "hadisələrin təsviri" guya Azərbaycanın niyyətlərinin dəyişməz qaldığını göstərirmiş. Rəsmi Bakı guya Ermənistana qarşı hərbi zorakılıq siyasəti yürüdürmüş: "Bizdə belə bir təəssürat yaranır ki, Azərbaycan sərhədlərin sabitliyini və təhlükəsizliyini təmin etməkdə maraqlı deyil".
Göründüyü kimi, baş nazir Nikol Paşinyan hər şeyi yalnız ermənicə təqdim etməyə çalışır. Birincisi, erməni baş nazir ilk atəşin məhz Ermənistan tərəfindən açılmasının üzərindən keçir. Azərbaycanın hərbi təxribata reaksiya vermək hüququnu Ermənistana qarşı hərbi zorakılıq kimi izah edir. Yəni, erməni baş nazir nəyə görəsə, hesab edir ki, Ermənistan Azərbaycana qarşı hərbi təxribat törətməkdə sərbəstdir. Ancaq Azərbaycanın Ermənistan tərəfindən törədilən hərbi cinayətə reaksiya verməsi hərbi zorakılıq siyasətidir.
Baş nazir Nikol Paşinyan hələ də anlamır və yaxud da anlamaq istəmir ki, Azərbaycanın Ermənistana verdiyi reaksiya məhz rəsmi Bakının sərhədlərin sabitliyini və təhlükəsizliyini təmin etmək məqsədi güdür. Rəsmi Bakı tam dəqiqliyi ilə bilir ki, əgər, Ermənistanın hərbi təxribatlarına dərhal sərt reaksiya verilməzsə, qarşı tərəf sərhəd bölgəsində silahlı insidentlərin davam etdirilməsini özü üçün vərdişə çevirə bilər. Və rəsmi Bakı Ermənistana belə təxribatçı "vərdişlər" üçün şans tanımaq niyyətində deyil.
Baş nazir Nikol Paşinyan iddia edir ki, Azərbaycan “Mənə istədiyimi danışıq yolu ilə ver, əks halda, onu müharibə yolu ilə götürəcəm” siyasətini davam etdirir. Erməni baş nazir unudur ki, Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır. Rəsmi İrəvan həmin kəndləri öz həqiqi sahibinə - Azərbaycana mütləq qaytarmalıdır.
Rəsmi Bakı belə problemlərin məhz danışıqlar yolu ilə həll edilməsinə tərəfdardır. Ancaq rəsmi İrəvan danışıqları qəlizləşdirirsə, Azərbaycanın ərazilərini geri qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmağa çalışırsa, deməli, bunun hərbi nəticələrinə də hazır olmalıdır. Və rəsmi Bakı haqlı olaraq, Azərbaycan ərazilərini Ermənistanın nəzarətində buraxmaq fikrində deyil.
Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan öz ənənəvi qeyri-kostruktiv mövqeyinə hələ də sadiqdir. Paşinyan hakimiyyəti ABŞ, Avropa Birliyi və Fransanın Ermənistana verdiyi dəstəyə ümid bəsləyir. Rəsmi İrəvan hesab edir ki, Ermənistanın beynəlxalq himayədarları Azərbaycan ilə növbəti hərbi münaqişədən xilas edə biləcək. Halbuki, bu, Ermənistan üçün ən təhlükəli seçim variantları sırasına daxildir. Çünki ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı müdafiə etməyə həvəs göstərməyəcək. Və hətta buna heç imkan da tapmayacaq.
Digər tərəfdən, Ermənistanın aldığı silahlar da növbəti hərbi münaqişədə işə yaramayacaq. Hətta erməni hərbi ekspertlər belə, etiraf edirlər ki, Ermənistanın Hindistan, Fransa və digər ölkələrdən aldığı silah, sursat və hərbi texnikalar müasir keyfiyyət standartlarından çox-çox geri qalır. Azərbaycanın sahib olduğu "Dəmir Yumruq" isə müasir tələblərə tamamilə uyğun gəldiyini artıq birmənalı şəkildə təsdiqləyib. Üstəlik, son vaxtlar rəsmi Bakı "Dəmir Yumruğu" ən müasir hərbi texnika ilə daha da gücləndirib. Və bu səbəbdən, rəsmi İrəvan Azərbaycanın son hərbi mesajından doğru nəticələr çıxarmağa çalışsa, Ermənistan üçün daha təhlükəsiz situasiya yarana bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ