Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə Azərbaycan münasibətlərinin son dövrlərdə hansı gərginlik fonunda davam etdiyini gizlətmək mümkün deyil.
Musavat.com xatırladır ki, Təhlükəsizlik Şurasının son iclasında Vladimir Putinin şəxsən Bakıya qarşı informasiya hücumlarını gücləndirmək barədə göstəriş verdiyi artıq heç kim üçün sirr deyil. Bu çərçivədə Moskvanın müxtəlif təbliğatçıları səhnəyə çıxarılır və Azərbaycana qarşı yönəlmiş kampaniya yeni tonlarla aparılır. Onlardan biri də Kiril Kabanovdur – Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri, eyni zamanda Kremlin ən sadiq “informasiya köpəklərindən” biri.
Pekində keçirilən tədbirdə Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevlə qısa və rəsmi əl sıxması Kabanov tərəfindən böyük “siqnal” kimi təqdim olunub. O, bu protokol addımını Azərbaycanın Rusiyadakı lobbi imkanlarına qarşı açıq xəbərdarlıq kimi qələmə verir və beləliklə, Moskvanın elitalarına mesaj ötürür: “Azərbaycanla yaxınlıq toksikdir”.
Halbuki faktlar tam fərqlidir. Putin tədbir zalına daxil olarkən özü İlham Əliyevə yaxınlaşıb, salam verib. Daha sonra isə Azərbaycanın birinci vitse-prezidenti, ölkənin birinci xanımı ilə də görüşüb. Yəni təşəbbüs məhz Kremldən gəlib. Deməli, Kabanovun söylədikləri reallığı əks etdirmir, sadəcə Kremlin təbliğat xəttinin bir parçasıdır.
Kabanovun açıqlaması Rusiyanın hazırda Azərbaycana münasibətdə seçdiyi strategiyanı açıq göstərir: dostluq ritorikasından imtina, informasiya müstəvisində təhdid dili və daxili ictimai rəy üzərində manipulyasiya. Məqsəd odur ki, Rusiya cəmiyyətinə “Azərbaycanla münasibətlərin korlanması normaldır, bunun məsuliyyəti Bakının üzərindədir” mesajı aşılansın.
Lakin bu yanaşma, əslində, Moskvanın təcridinin yeni mərhələsindən xəbər verir. Çünki Putin beynəlxalq aləmdə artıq yalnız Şimali Koreya və məhdud sayda müttəfiqlə açıq təmas qura bilir. Azərbaycan isə regional lider kimi həm Qərb, həm də Türkiyə ilə çoxşaxəli əlaqələrini genişləndirir.
Kremlin əsəbiləşməsinin əsas səbəbi Azərbaycanın müstəqil siyasətidir. Bakı artıq Moskvanın diktəsinə boyun əymir, regionda yeni reallıqlar formalaşdırır, Zəngəzur dəhlizi və Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji xəttini gücləndirir. Bu da Kreml üçün həzmolunmaz görünür. Ona görə də Kabanov kimi fiqurlar səhnəyə çıxarılır və Azərbaycanın nüfuzunu zədələmək üçün “rəsmi protokol jesti” belə təbliğat silahına çevrilir.
Kiril Kabanovun açıqlamaları nəinki onun şəxsi mövqeyi, əslində Kremlin mövqeyidir. Bu, Azərbaycanla Rusiya arasında münasibətlərin gərginliyinin təsadüfi deyil, sistemli olduğunu göstərir. Moskva barışıq kursunu seçmir, əksinə, informasiya savaşını genişləndirir. Lakin unutmaq lazım deyil: Putin Pekində İlham Əliyevin qarşısına özü gəldi, özü salam verdi. Bu fakt Kreml təbliğatçılarının bütün arqumentlərini alt-üst edir.
Kabanovun dili ilə səsləndirilən “soyuq mesajlar” əslində Rusiyanın beynəlxalq aləmdə tədricən daha da təcrid olunmasının göstəricisidir. Dünya arxa çevirir, Kreml isə özünü aldatmaq üçün yeni “düşmən obrazı” axtarır. İndi bu obraz Azərbaycandır.
Musavat.com
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ