Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda şəriksiz geopolitik iradə mərkəzi statusu məhz Azərbaycana məxsusdur. Rəsmi Bakı bu reallığı öz müstəqil geopolitik qərarları ilə dəfələrlə artıq sübuta yetirib. Hər halda, beynəlxalq siyasi iradə mərkəzləri də Cənubi Qafqazla bağlı maraqlarını və hədəflərini reallaşdırmağa çalışarkən, Azərbaycanın regional lider olduğunu mütləq nəzərə almaq məcburiyyətində qalırlar. Və bu reallıq artıq bu regionda inkaredilməz geostrateji faktora çevrilib.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı geniş maliyyə-iqtisadi və hərbi-siyasi resurslarını Azərbaycanın yüksəliş faktoruna çevirməyə artıq bacarıb. Belə ki, Azərbaycanın maliyyə-iqtisadi yüksəlişi ölkəninin güclü ordu quruculuğu hədəflərinin reallaşmasına münbit şərait yaratmış oldu. Nəticədə rəsmi Bakı cəmisi 44 günlük savaş sayəsində 30 il mövcud olmuş problemi birdəfəlik həll edə bildi. Və Azərbaycanın ərazi bütövlüyü müstəqillik dövründə ilk dəfə bərpa edilmiş oldu.
Təbii ki, Azərbaycanın tarixi hərbi zəfəri öz növbəsində rəsmi Bakının geopolitik gücünü artırdı, beynəlxalq məkanda da söz sahibinə çevirdi. Hər halda, hazırda Azərbaycanın “Dəmir yumruğu” beynəlxalq siyasi məkanda da təsir faktoruna çevrilməyə başlayıb. Belə ki, ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı “geopolitik müstəmləkə”yə çevirməyə bacarıb. Ancaq bu, “məkrli üçlüyə” Cənubi Qafqazda hegemonluq etmək imkanları açmır. Və rəsmi Bakı öz qətiyyətli mövqeyi ilə bu “məkrli üçlüyü” Cənubi Qafqazda geopolitik proseslərdən kənarda saxlamağı bacarır.
Məsələ ondadır ki, rəsmi Bakı ABŞ-ın regional sülh prosesində vasitəçilik missiyasını ələ keçirtməsinə və ənənəvi manipulyasiya əməliyyatlarına başlamasına imkan verməyib. Avropa Birliyi də ABŞ kimi, ermənipərəst mövqeyinə görə Cənubi Qafqazda sülh prosesindən kənarlaşdırılıb. Ermənistanın “əkiz bacısı”, Afrikadan qovulan Fransaya da bu regionun giriş qapıları qapadılıb. Və bu baxımdan, “məkrli üçlüyün” indi yalnız Ermənistanın hələ de-yure dəqiq olmayan sərhədləri içərisində qapanıb, qalması qətiyyən səbəbsiz deyil.
Ona görə də, ABŞ, Avropa Birliyi və Fransanın dəstəyini Ermənistanın bu regionda əsas təhlükəszilik sisteminə çevirmək şansından uzaq qalan rəsmi İrəvan hələ də bu istiqamətdə nəticəsiz cəhdlərini davam etdirməyə çalışır. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan hər dəfə çətin vəziyyətə güşəndə dərhal Yelisey sarayına qaçaraq, Fransa prezidenti Emmanuel Makrondan dəstək almağa çalışır. Halbuki, Cənubi Qafqaza təsir məsələsində Fransanın Azərbaycan qarşısında gücsüz qaldığını anlayan prezident Emmanuel Makron artıq iki ildir ki, erməni baş nazirə vəd versə də, Ermənistana səfərə həvəs göstərmir. Və bu, Fransa prezidentinin beynəlxalq məkanda Azərbaycanın növbəti “Dəmir yumruq” zərbəsinə məruz qalaraq, daha da nüfuzdan düşə biləcəyindən ehtiyatlandığını biruzə verir.
Bütün bunları nəzərə aldıqda, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın fransız həmkarı Bris Rokfo ilə məsləhətləşməsi də tamamilə boşuna vaxt itirməkdən başqa bir şey deyil. Çünki bu məsləhətləşmədə “iki ölkənin genişmiqyası ortaq maraqlarının reallaşdırılma yolları”nın müzakirə edildiyi bildirilir. Halbuki, Fransa və Ermənistanın Cənubi Qafqazdan kənarda hər hansı ciddi ortaq maraqları mövcud deyil. Və bu, o deməkdir ki, həmin “ortaq maraqlar” nə qədər müzakirə edilsə də, Azərbaycan onların Cənubi Qafqazda reallaşmasına heç bir halda, imkan verməz.
Məsələ ondadır ki, Azərbaycan-Fransa münasibətləri hazırda ermənipərəst rəsmi Parisin günahı ucbatından ən qəliz dövrünü yaşayır. Belə ki, rəsmi Bakı Azərbaycana qarşı əsassız böhtan kampaniyası aparan Fransanın beynəlxalq müstəmləkəçilik siyasətini açıq şəkildə hədəfə alıb. Rəsmi Bakı Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən xalqların azadlıq hərəkatına birmənalı şəkildə dəstək verir. Və rəsmi Parisin bəşəri cinayətlərinin ifşa olunmasında xüsusi rol oynayır.
Ona görə də, beynəlxalq nüfuzunu sürətlə itirməkdə olan Fransanın siyasi dairələri Azərbaycana qarşı olduqca qəzəblidirlər. Hətta Fransanın öz həmcinsi ilə evlənmiş keçmiş baş naziri Qabriel Attal rəsmi Parisi və Avropa dövlətlərini Azərbaycana sərt reaksiya verməyə çağırıb. Onun fikrincə, Fransanın müstəmləkə altında saxladığı xalqların rəsmi Parisə qarşı kütləvi etiraz fəaliyyətinə başlaması Azərbaycanın onlara verdiyi açıq dəstəklə birbaşa bağıdır. O, iddia edib ki, Azərbaycan indi Fransanın və Avropanın ərazi bütövlüyünə təhlükə törədir. Və Fransanın keçmiş baş naziri bunun həm ölkəsinin, həm də bəzi Avropa ölkələrinin beynəlxalq cinayət sayılan müstəmləkəçiliklə hələ də məşğul olduğunu dolayısıyla etiraf edib.
Halbuki, hazırda rəsmi Parisin məşğul olması daha vacib sayıla biləcək problemləri də mövcuddur. Belə ki, Fransa əhalisi prezident Emmanuel Makrondan və onun partiyasından ciddi şəkildə narazıdır. Ona görə də, “Le Figaro” ictimai araşdırmasında indi prezident E.Makronun rəyi soruşulanların yalnız 21 faizinin dəstəkləməsi qətiyyən təəccüblü deyil. Və bu, yaxın gələcəkdə Makron hakimiyyətinin Fransanın siyasi səhnəsindən silinə biləcəyini biruzə verir.
Ancaq Makron hakimiyyəti deyəsən, Fransada artan etiraz dalğasını məhz süni “xarici düşmən” axtarışı ilə aradan qaldıra biləcəyinə ümid bəsləyir. Belə ki, bəzi məlumatlara görə, ictimai təbliğat kampaniyalarında son vaxtlar Fransanın nüvə raketlərinin Azərbaycana tuşlanması ilə bağlı çağırışlar artmağa başlayıb. Makron hakimiyyətinin düşdüyü aciz durumu nəzərə aldıqda, belə avantürist “ideyalar”ın gündəmə gətirilməsi qətiyyən təəccüb doğurmur. Və böyük ehtimalla Azərbaycanın “Dəmir yumruq” zərbəsi Fransa siyasi-ictimai elitasında ağıl tutulması üçün tamamilə yetərli olub.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
29 Yanvar 2025
28 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ