İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının Baş planı 18 il sonra üzə çıxdı

Bakı şəhərinin Baş Planı hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib. Bu fikirləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə bir sıra dövlət qurumlar da bu məsələyə cavabdehlik daşıyır. Bundan başqa, komitənin tabeliyində Şəhərsalma və Memarlıq Baş İdarəsi tikintiyə icazə prosesini təşkil edir. Tikinti başa çatdıqda isə onun istismarına icazə verir. Artıq tikinti zamanı FHN, yerli icra hakimiyyətlərinin və digər qurumların dəstəyi ilə tikinti prosesinin özünə nəzarət olunur. Bütün layihələrdə ictimai ərazilər dəqiqliklə planlaşdırılır, müvafiq məsafələr saxlanılır. İstər piyada səkiləri, istər digər ərazilərə xüsusi məsafə saxlanılır və yerli icra hakimiyyəti orqanları buna nəzarət edir”, - o əlavə edib.

Yada salaq ki, 2018-ci ildə Bakı şəhərinin Baş planının hazırlanması prosesinin beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil edilməsi barədə rəsmi xəbər yayıldı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, birinci mərhələdə beynəlxalq strateji məsləhətçi “Boston Consulting Group” (BCG) şirkətinin dəstəyi ilə paytaxtın inkişaf konsepsiyası işlənib. İkinci mərhələdə isə onun əsasında layihə tapşırığı hazırlanaraq beynəlxalq tender elan edilib. Rəsmi məlumata görə, Baş planın hazırlanması işi tenderin qalibi - Almaniyanın “AS+P” şəhərsalma və memarlıq şirkətinə həvalə edilib. Baş plan 2020-ci ildə ictimaiyyətə təqdim edilməli idi. Almaniyanın “AS+P” şirkəti planı təqdim etsə də, sonradan onun qəbulu reallaşmadı.

Bakı şəhərinin Baş planı axırıncı dəfə 1986-cı ildə tərtib olunub və 2005-ci ilə qədər nəzərdə tutulub. Bakı şəhərinin Baş planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə etməlidir. Baş planın həyata keçirilməsinin birinci mərhələsində (2020-2027-ci illər) xüsusilə mühüm əhəmiyyət kəsb edən tədbirlər, o cümlədən ərazi zonalaşdırılması və çoxmərkəzli şəhər həlləri, əsaslı tikinti, nəqliyyat infrastrukturu, sosial təsisatlar, mühəndis-kommunikasiya sistemləri, ətraf mühitin sağlamlaşdırılması və ərazinin mühəndis hazırlığı üzrə fəaliyyətlər nəzərdə tutulurdu. Ekspertlər onu da iddia edirdilər ki, paytaxtın baş planı qəbul olunsa, bütün tikinti şirkətləri həmin sənədə riayət etməlidir. 18 il paytaxt baş plansız qaldıqdan sonra artıq Nazirlər Kabinetinə təqdim edildi. Bəs bundan sonra tezliklə baxılıb qəbul olunması mümkündürmü, yoxsa daha bir neçə il gözləmək lazım gələcək?

Mənzillərin təmirsiz satışı niyə təhlükəlidir - ekspert şərhi - 12.09.2019,  Sputnik Azərbaycan

Elnur Fərzəliyev

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Bakının Baş planı 1986-cı ildə hazırlanıb və o zaman paytaxt ərazisindəki əhali sayı hazırkı əhali sayından demək olar ki, üç dəfə az idi: “Baş plan hazırlananda təqribən 20 illik planla nəzərdə tutulmuşdu ki, iyirmi ilə paytaxt ərazisindəki əhalinin və yüklərin sayı nə qədər artırıla bilər. O artımlar nəzərə alınaraq bütün avtomobil yolları, səkilər, binaların sayı, binalararası məsafələr və növbəti çoxmənzilli binaların tikintisi üçün torpaq sahələrinin hər biri nəzərdə tutulmuşdu. Lakin 90-cı illərin əvvəllərində həm sovet hökuməti dağıldı, insanlar bölgələrdən paytaxt ərazisinə üz tutdular. Başqa bir tərəfdən I Qarabağ müharibəsinin başlaması səbəbindən artıq 100 minlərlə vətəndaşımız məcburi köçkün düşərək daha çox paytaxta sığındılar. Eyni zamanda hər il bölgələrdən kütləvi şəkildə Bakıya axın səbəbindən  paytaxt əhalisinin sayı normadan artdı. Təqribən 2000-ci illərin əvvəllərindən artıq paytaxt ərazisində çoxmənzilli yaşayış binalarının inşasına start verildi. Bu günə qədər paytaxt ərazisində 200-dən artıq yeni çoxmənzilli bina tikilərək vətəndaşlara təhvil verilib. Başqa bir tərəfdən, biz mənzərəyə baxsaq, hazırda paytaxt ərazisində pilot layihələr üzərində söküntü işləri gedir. İstismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binası sökülərək yeni tikili binalarla əvəzlənir. Daha ciddi problem ondan ibarətdir ki, sökülən hər beşmərtəbəli binanın yerində 15-16 mərtəbəli yeni çoxmərtəbəli binalar tikilir. Lakin ən son baş planda, yəni 1986-cı ildə tikilən bütün 3-5 mərtəbəli yaşayış binalarındakı ara məsafələr həmin binaların hündürlüyünə və sayına nisbətində nəzərdə tutulmuşdu. Lakin mövcud vəziyyətdə binaların bir-birinə sıx şəkildə tikilməsi artıq bir çox ciddi problemlərə yol açır. Burada həm tıxac problemləri, başqa bir tərəfdən, paytaxt ərazisində artıq bir çox küçələrdə günün müəyyən vaxtlarında hərəkət məhdudlaşır. Bundan əlavə, paytaxtda yeni çoxmənzilli binaların sayı artsa da, yeni orta məktəblərin tikintiləri az hallarda aparılır. Biz nəzərə almalıyıq ki, bir orta məktəbin tikintisi üçün təqribən 1 ha torpaq sahəsi tələb olunur ki, hazırda orta məktəblərin tikintisi tələb olunan ərazilərdə həmin torpaq sahəsi mövcud deyil”.

Ekspert əlavə edib ki, baş planın uzun illər hazır olmaması səbəbindən digər yaranmış problemlərdən daha ciddisi təhsil sahəsində baş verdi: “Normativlərdə bir sinifdə 15-20 şagird oxumalı olduğu halda məktəblərin sayı məhdud olduğu üçün artıq hər sinifdə 30-40 şagird təhsil alır. Bu da onların yaxşı təhsil almasında ciddi problemlər yaradır. O baxımdan Bakının Baş planı illər əvvəl hazırlanmalı idi. Çünki bu illər ərzində çox sayda yaşayış binası inşa edildi. Fikrimcə, baş planın hazırlanması prosesinə yubanmadan start verilərsə, nə əldə etmək olar. Çünki hazırda minlərlə istismar müddəti bitmiş köhnə bina mərhələli şəkildə sökülür. Çox sayda qəzalı binalar var ki, sökülərək qısa müddətdə yenisi ilə əvəzlənməlidir. Təbii ki, baş plan hazır olmadığı təqdirdə binalar tikilərsə, bu, şəhərin həm xarici görünüşünə xələl gətirəcək, həm də insanların rahat yaşayışına ciddi problemlər yaradacaq”.

Özbəkistanın avtomobil sənayesində kifayət qədər təcrübəsi var – Elməddin  Muradlı (Özəl) - Azer.Press

Elməddin Muradlı

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, Bakının Baş planında tikinti məsələsinə həssas yanaşılıb, amma bu, sənəddə belədir, real olaraq buna əməl olunmayıb: “İndiki baş planda da biz vacib elementlərə rast gəlirik. Oxuduqca sevinirik ki, belə qaydalar var. Ancaq onun icra mexanizminə və nəticəsinə baxanda görürük ki, vəziyyət heç də ürəkaçan deyil. Çünki nəzarət olunmayıb. Qərarda müəyyən söhbət gedib ki, tikinti prosesinə bu qurumlar nəzarət etməlidir. Piyada səkiləri, digər ərazilərdə xüsusi məsafələrin qorunması həssas məsələ kimi qeyd olunur. Amma mexanizm elə qurulub ki, nəzarət güclü deyil. Çox təəssüf. Bunun da nəticəsində yollarımızda bu gün biabırçı hallar müşahidə olunur. Bunun qarşısını almaq artıq mümkün deyil. Niyə mümkün deyil? Artıq piyada səkiləri zəbt olunub, yollar tutulub. Demək olar ki, bütün ərazilər keçilməz bir həddə çatıb. Bundan sonra da heç kim o əraziləri sökəsi deyil. Çünki onun tikilməsi necə baha başa gəlirsə, sökülməsi daha da artıq məbləğə başa gələcək. Bu baxımdan xeyli gecikmişik. Bu gün sənəd qəbul ediblər, çox da gözəl açıqlamalar verirlər. Amma icra mexanizmində yenə görəcəyik ki, səkilərdə binalar tikəcəklər, dönər köşkü qoyacaqlar. Adı qəzet köşkü olan energetik içkilər, siqaret satılan köşklər qoyacaqlar. Söz verirlər ki, hər şey qaydasında olacaq, amma görünənlər tam əksini sübut edir”.

Afaq MİRAYİQ,

“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR