İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan İrəvana “konstitusion xilas yolu” təklifi - ƏGƏR DİNLƏMƏSƏ...

Ermənistanın təhlükəli oyunları öz başında çatlaya bilər; Paris “pıçıldaşmaları”ndan sonra Paşinyan yeni oyunbazlığa başlayıb; Azərbaycandan sərt xəbərdarlıq

 

44 günlük müharibənin yekununda Rusiyanın vasitəçiliyi ilə kapitulyasiya sənədinə imza ataraq, üzərinə öhdəliklər götürən Nikol Paşinyan vədlərinə əməl etməkdən müxtəlif bəhanələrlə yayınmaqdadır. Xüsusilə də Fransa prezidenti ilə sonuncu Paris görüşü ondan xəbər verir ki, Ermənistan rəhbərliyi bəyan etdiyi kimi, sülh sənədini cari ildə də imzalamayacaq.

Əslində Ermənistan hakimiyyətinin özünü şıltaq uşaq kimi aparmağa çalışması, qeyri-ciddi açıqlamaları ilə sadəcə zaman udmağa cəhd göstərməsi real mənzərəni göstərir. Bugünlərdə N.Paşinyanın növbəti dəfə Ermənistan Konstitusiyasında guya Azərbaycana qarşı hər hansı iddiasının olmadığını iddia etməsi məhz Parisdəki pıçıldaşmanın məntiqi nəticəsidir. Digər tərəfdən, Polşa prezidentinin Arazdəyən səyahətindən sonra Fransanın İrəvandakı səfirinin ardınca Almaniya səfiri də şərti sərhədlərdə peyda oldu. Bu da ondan xəbər verir ki, Avropa İttifaqının Ermənistandakı casus şəbəkəsi 2025-ci ildə müddətin uzadılmasına və bölgədə gərginliyi tətikləməyə yönəlik fəaliyyət göstərməyə nail olacaq. Rəsmi Bakının sülh üçün tələblərindən biri Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi bütövlüyü ilə bağlı müddəaların çıxarılmasıdır ki, qardaş Türkiyə də bu məsələ ilə bağlı prinsipial mövqedən çıxış edir. Bugünlərdə Türkiyə Böyük Millət Məclisinin üzvü Fuad Oktay “Yeni Müsavat”ın sualına cavab verərkən “Nə qədər ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var, sabit sülhə nail olmaq mümkün deyil. Daimi sülhü təmin etmək və bu problemi gələcək nəsillərə buraxmamaq üçün Ermənistan Konstitusiyasının bu maddəsi ləğv edilməlidir” - demişdi və bu fikirlər Ermənistanda geniş rezonans doğurub. Türkiyə ilə sərhədlərin açılmasına cəhd göstərən Ermənistan anlayır ki, Azərbaycanın şərtlərinə əməl olunmasa, bu da baş verməyəcək, çünki Bakı və Ankara birgə hərəkət edir. Amma bu ilin yayında Ermənistan Konstitusiyasının dəyişdirilməsinə ehtiyac olduğunu bildirən Paşinyan indi fərqli davranır ki, bu da bölgədə riskli vəziyyət vəd edən davranışdır. Ermənistanın davamlı silahlanması da sülhə xidmət etmir.

Ötən həftə Ermənistan rəsmiləri belə bir açıqlama yaydılar ki, Azərbaycanla sülh müqaviləsi üzrə 90 faiz razılaşma əldə edilib. Mümkündür ki, layihədəki bəndlərin 90 faizi üzrə razılaşma var. Ancaq Ermənistanın müqavimət göstərdiyi məsələ - konstitusiyadan Azərbaycana qarşı torpaq iddialarının çıxarılması üzrə tələbi İrəvan yerinə yetirməzsə, bu, sülh müqaviləsi üzrə prosesi pozmaqdan başqa bir şey deyil. Yəni bu halda 90 faiz razılaşma, sadəcə, demaqogiya kimi görünür. Azərbaycan şərtini bir daha açıqlayıb: “Sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir. Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunmasında iki əsas əngəl var ki, onlardan biri Ermənistan Konstitusiyasındadır”. Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov “Azərbaycanla Ermənistan arasında Sülh Razılaşmasının imzalanmasına əsas maneələr” adlı tədbirdə deyib. Elnur Məmmədovun sözlərinə görə, “Qarabağ Ermənistanın bir hissəsidir” müddəası Ermənistan Konstitusiyasında əsas kimi qəbul olunur: “2020-ci ildə ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan sülh təkliflərini ilk dəfə Ermənistana 2021-ci ildə edib. Müharibədə qələbə qazanan ölkə heç vaxt qarşı tərəfə sülh təklifi etmir, amma biz bunu etmişik. Biz sülhlə bağlı əsas prinsipləri hazırlamışıq. 2020-2022-ci illərdə biz Ermənistanın arzularının nə olduğunu bilmirdik. Bundan sonra biz ətraflı müzakirələr aparmışıq. Bu müzakirələr ABŞ, Rusiya və Qazaxıstanda aparılıb. Həmin müzakirələrdə sülh razılaşmasını tərtib etməyə çalışmışıq”. E. Məmmədov vurğulayıb ki, 30 ildən çoxdur Ermənistan hökuməti hələ də öz sərhədlərini dəqiq olaraq müəyyən etməyib. “Sualımız odur ki, hazırda biz danışıq naminə danışıqlar aparırıq, ya yox?”, - XİN rəsmisi qeyd edib. Elnur Məmmədov onu da bildirib ki, Ermənistan Konstitusiyasında sülhə maneə olan müddəaların mövcudluğu qarşı tərəfin diqqətinə çatdırılıb: “Sülh müqaviləsi bağlandıqdan sonra Ermənistan parlamenti onunla bağlı qərar verməli və Konstitusiya Məhkəməsi onu təsdiqləməlidir”. Əslində Azərbaycanın İrəvan qarşısındakı bu haqlı tələbi Ermənistan üçün “konstitusion xilas yolu” kimi başa düşülməlidir. Rəsmi İrəvanın təhlükəli oyunları Ermənistanın başında çatlaya bilər, hər halda, Paris “pıçıldaşmaları”ndan sonra Paşinyanın yeni oyunbazlığa başlaması diqqətimizdən yayınmır. Əgər Ermənistan gerçəkdən inkişaf, əməkdaşlıq yoluna qədəm qoymaq istəyirsə, bu addımı dərhal atmalıdır, alternativ yoxdur. Bəs 2025-in əvvəlində bunu gözləyəkmi? Paşinyan bu cəsarəti özündə tapacaqmı?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi – ƏTRAFLI

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Paşinyan Azərbaycanla sülh sazişini bu il imzalamaq istəyirdi: “Paşinyan əvvəlcə söyləyirdi ki, Bakı ilə sülh sazişini noyabr ayında imzalamaq istəyir. O istəyirdi ki, sülh sazişi Bakıda keçirilən COP29 tədbirinə qədər imzalansın. Bu alınmadıqda, Paşinyan sazişin ilin sonuna qədər imzalanmasına çalışacağını bildirdi. Ancaq bu mümkün deyil. Çünki ilin sonuna bir ay qalıb və Paşinyan yaxın günlərdə konstitusiyada dəyişiklik etmək istəmir. Belə olan halda ilin sonuna qədər sülh sazişi imzalanması mümkün deyil”. 

E.Şahinoğlunun sözlərinə görə, buna baxmayaraq, Nikol Paşinyan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndin yanlış olduğunu bir neçə dəfə etiraf edib: “Ancaq Paşinyan yanlış hesab etdiyi həmin bəndin çıxarılması mexanizmini həyata keçirmək istəmir. Həmin bənd ya referendum, ya da parlamentdə səsverməsi yolu ilə konstitusiyasından çıxarılmalıdır. Məsələ 2025-ci ilə qaldı. Paşinyanın söylədiyi kimi, sülh sazişinin mətninin 90 faizi Bakı ilə razılaşdırılıbsa, yerdə qalan 10 faizi də həll etmək lazımdır. Sülh sazişinin imzalanmasının uzadılması Nikol Paşinyana problemlər yarada bilər”. 

Politoloq şübhə etmir ki, Paşinyanın konstitusiyada Azərbaycanla bağlı bəndi çıxarması radikal müxalifəti yenidən fəallaşdıracaq: “Ancaq radikal müxalifət bu il ərzində bir neçə dəfə küçə yürüşləri və mitinqlər təşkil etdi, cəmiyyətin böyük dəstəyini qazanmadıqlarına görə Nikol Paşinyanı istefaya göndərə bilmədilər. Bu, Nikol Paşinyana imkan verir ki, radikal müxalifətin etirazını nəzərə almadan gələn il konstitusiya dəyişikliyini reallaşdırsın. Çünki sülh sazişi gələn il imzalanmasa, bölgədə vəziyyət yenidən gərginləşə bilər və bu, Ermənistanın zərərinə olacaq”.

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə isə bu mövzuda qəzetimizə bildirdi ki, Ermənistan Konstitusiyası Müstəqillik Bəyannaməsinin preambulasına istinad edir: “Burada da Qarabağın "Ermənistana məxsusluğu" təsbit edilib. Həmçinin Ermənistanın qüvvədə olan qanunvericilik aktları da buna əsaslanır. Ermənistanın baş naziri ötən gün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmadığını bir daha qeyd etdi. Amma konstitusiyanın istinad etdiyi müstəqillik bəyannaməsi barədə heç nə demədi. Düzdür, müstəqillik bəyannaməsini biabırçı və ölkəsinin inkişafına zərbə vurduğunu qeyd edib. Amma bunlar sözdən ibarətdir. Praktiki olaraq müstəqillik bəyannaməsindən imtina edilməli, yaxud düzəlişlər edilməlidir". 

M.Əsədullazadə qeyd etdi ki, Ermənistan rəhbərliyinin nə deməsindən asılı olmayaraq, Azərbaycana qarşı ərazi iddiaları konstitusiyadan çıxarılmalıdır: “Əgər Ermənistan tərəfi buna getməsə sülh müqaviləsi imzalanmayacaq. Bu ildə sülh üçün itirilmiş il oldu. Ermənistanın baş naziri Fransaya arxayın olub, sülhdən yayınarsa, ölkəsini Suriyanın aqibəti gözləyəcək. Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin bağlı qalmasına daha bir neçə il səbr etməyəcək. Ermənistan məğlub tərəfdir və Azərbaycan Ermənistanın ərazilərini işğal etməyib”. Ekspert digər məqama da toxundu: “Hələ də Ermənistan Azərbaycanın 4 anklav kəndini işğalda saxlayır. İran və Rusiyanın Yaxın Şərqdə və Cənubi Qafqazda mövqeləri zəifləyib. Türkiyə və Azərbaycan regionda koordinasiyalı siyasət aparır. Ermənistanın baş naziri siyasi iradə ortaya qoyub, 2025-ci ilin mart ayına kimi müstəqillik bəyannaməsində dəyişiklik edərsə, sülh mümkündür. Sülh müqaviləsi olmasa, Azərbaycan Zəngəzur dəhlizini özü açacaq və Ermənistanı sülhə məcbur edəcək. Yeni siyasi nizam yaranır və Ermənistan ən zəif bənddir”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR