Onlayn ictimai-siyasi qəzet
Bugünlərdə istefa verən Libbi ABŞ-ın Azərbaycana dost olduğunu, Vaşinqtona qarşı ittihamlar səsləndiyini bəyan edib, hətta irəli gedərək "Amerika olmasaydı, "Əsrin müqaviləsi" də olmazdı" deyib - reaksiya
ABŞ-ın Bakıdakı səfiri Mark Libbi Azərbaycan rəsmilərinin Vaşinqtonun Bakıya münasibətdə qeyri-dost münasibəti haqqında ittihamlarını təkzib edib. O, Amerika Ticarət Palatasının (AmCham) iclasında çıxış edərkən Azərbaycanın müstəqillik illəri ərzində iki ölkə arasındakı əməkdaşlığa yüksək qiymət verdiyini və gələcək üçün onların böyük potensialını qeyd edib.
Sitat: “Azərbaycan əvəzsiz regional nəqliyyat və logistika mərkəzinə çevrilmək üçün yaxşı mövqedədir. Biz Azərbaycanın rifahının növbəti mərhələsinin inkişafına dəstək olmaq üçün xüsusən də bu sektorlarda daha çox ticarət nümayəndəlikləri gətirməyi planlaşdırırıq”. Səfir hesab edir ki, Azərbaycanın aerokosmik sektorundakı artım potensialı, kibertəhlükəsizlik təcrübəsi və rəqəmsal infrastrukturu nəzərə alınaraq, innovativ Amerika şirkətləri mühüm rol oynaya bilər: “Ötən il ABŞ-Azərbaycan əməkdaşlığının uğurları haqqında düşünərkən, şübhələrin kinli səslərini də xatırlayıram. ABŞ-a qarşı Azərbaycana ziyan vurmaq üçün vəhşi və mənasız sui-qəsdlər haqqında bir çox ittihamlar səsləndirilib. Bu cür dezinformasiyaya cavab olaraq, təkcə ötən ilin uğurlarını qeyd etmək deyil, həm də hər kəsə son bir neçə onillikdə tərəfdaşlığımızın gücünü xatırlatmaq istərdim”.
Libbi deyib ki, bu il biz “Əsrin müqaviləsi”nin 30 illiyini qeyd etdik: “Bu əlamətdar hadisə bizə Azərbaycan rəhbərliyinin və təşəbbüsünün ABŞ-ın sərmayəsi və siyasi dəstəyi ilə birlikdə tarixin gedişatını necə dəyişdiyini xatırlatdı. O zaman yaradılmış müqavilə razılaşmaları və infrastruktur Azərbaycanı qlobal enerji təhlükəsizliyinə əsas və etibarlı töhfə verən ölkəyə çevirmişdir. Mübaliğəsiz demək olar ki, "Əsrin müqaviləsi"nin əsasında duran ABŞ-Azərbaycan tərəfdaşlığı olmasaydı, bunların heç biri mümkün olmazdı", - deyə səfir qeyd edib.
Libbi dekabrın 3-də diplomatik xidmətdən istefa verib. Onun səhhəti ilə bağlı problemlərə görə səfir postundan getdiyi qeyd olunub. O, ötən ilin noyabrında ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edilmişdi. Özü də uzun müddət fasilədən sonra onun səfir təyinatı təsdiqlənmişdi. Məlumdur ki, Qərbdən Bakıya qarşı şantaj xarakterli təzyiqlər pik həddə çatır. ABŞ, Avropa İttifaqı (Aİ) Azərbaycanın ünvanına qara PR kampaniyasını hər gün bir qədər də artırırlar. Əsas arqument insan haqlarının, media azadlığının, seçki hüququnun pozulması, jurnalistlərin və hüquq müdafiəçilərinin həbsidir. Sonuncu belə bəyanatlar elə dekabrın 4-də Bakıda səslənmişdi. Avropa İttifaqının Bakıdakı nümayəndəliyi Böyük Britaniya və İsveçrə səfirlikləri ilə birlikdə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə Azərbaycan hakimiyyətinə ittihamlar səsləndirilmişdi. Çıxış edənlərdən biri də məhz tədbirdən bir gün əvvəl istefa verən ABŞ səfiri Mark Libbi olmuşdu. Səfir bildirmişdi ki, “insan hüquqları və söz azadlığı uğrunda mübarizə aparanların bir çoxu bugünkü tədbirdə iştirak edə bilmir”. Azərbaycan Xarici İşlər Nazirliyi Qərb diplomatlarının bu bəyanatlarına reaksiya vermişdi, məhkəmə sisteminin işinə “müdaxilənin yolverilməzliyi” barədə yazı dərc edilmişdi. İndi isə Libbi tamamilə fərqli ritorikada danışıb: o, daha çox iqtisadi əməkdaşlıqdan, logistika imkanlarından, Azərbaycanı qlobal enerji təhlükəsizliyinə töhfəsindən söz açıb. Üstəlik, Vaşinqtonun Bakıya qeyri-dost münasibəti olmadığını söyləyib və Azərbaycan rəsmilərinin bu yöndə açıqlamaları ilə razılaşmayıb. Hətta “ABŞ-a qarşı Azərbaycana ziyan vurmaq üçün vəhşi və mənasız sui-qəsdlər haqqında bir çox ittihamlar səsləndirilib”, - deyə ifadələr dilə gətirib. Bu açıqlamaları necə şərh etmək olar? İstefa verən amerikalı səfir gah həbslərlə bağlı danışır, gah ABŞ-Azərbaycan arasında inkişaf edən münasibətlərdən...
Xəyal Bəşirov
Siyasi şərhçi Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, ermənipərəst senatorların, konqresmenlərin, dövlət katibinin addımları ucbatından münasibətlərdə belə mənzərə yaranıb və Azərbaycanda haqlı narazılıq doğurub: “Hətta Azərbaycan bəyan etdi ki, konqresmenlərin Blinkenə müraciəti elə Dövlət Departamentində hazırlanmışdı. Yəni biz faktlarla danışırıq. Bayden iqtidarı bu 4 il ərzində Azərbaycanı narazı salan addımlar atıb. Ümumiyyətlə, SSRİ dağılandan sonra postsovet respublikalarının hamısına dəstək verildi, yalnız Azərbaycana şamil olmadı, əksinə, bədnam "907-ci düzəliş" qüvvəyə mindi, 2001-ci ilə qədər davam etdi. 2021-ci ildə nə baş verdi? Yenə “907-ci” düzəliş işə düşdü. Biz əlbəttə ki, ABŞ-la münasibətlərdə yaxşı məqamları da qeyd edirik. Misal üçün, 44 günlük müharibə zamanı hakimiyyətdə olan respublikaçılar əleyhimizə çıxmadılar, haqlı mövqeyimizi qəbul etdilər. Demokratlar isə Azərbaycana qərəz, kin nümayiş etdirdilər. Həmin Libbi Qarabağa, Şuşaya səfərdən imtina edirdi, ictimaiyyətin qəzəbindən sonra azad edilən ərazilərə getdi. Hətta bu haqda ona sual veriləndə demişdi ki, “mən heç bir oyunda iştirak etmirəm”. Yəni səfir Azərbaycan xalqını təhqir etmişdi, işğala son qoyulmasını oyun adlandırmışdı. İndi səfir vəzifəsindən gedib, biz ona şəfalar diləyə bilərik, eyni zamanda, bizə qərəz xəstəliyi olanlara da şəfalar arzulamalıyıq". Ekspert ABŞ-ın fövqəlgüc olduğunu xatırladaraq, sıradan bir ölkə olmadığını əlavə edir: “Ancaq onun siyasətini davam etdirən Libbinin həmin addımları xoşagələn deyildi. Biz yeni səfirdən, Tramp komandasından daha obyektiv münasibət gözləyirik. Düşünürəm ki, yeni səfir Azərbaycanın bölgədə dominant olduğunu qəbul edərək fəaliyyət göstərəcək. Libbinin ”Əsrin müqaviləsi" haqda dediklərinə gəlincə, o dövrdə Avropa ölkələri, böyük resursları olan şirkətlər də bu sazişdə iştirak ediblər, təkcə ABŞ olmayıb. Amerikanın orada iştirakından asılı olmayaraq, bu müqavilə imzalanacaqdı. Çünki tarixi zərurət idi. Libbinin bu cür absurd çıxışları isə Bayden hakimiyyətinin özünüifşasıdır. İnanmıram ki, bu, ABŞ-ın mövqeyidir, Demokratların iflasa uğrayan siyasətinin tərkib hissəsidir və son dərəcə ziddiyyətli açıqlamalardır".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ