İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı rus səfir getdi, İrəvandakı diplomatdan isə hədə...

Rusiyanın Cənubi Qafqaz diplomatiyası öz ampluasındadır - yenə təhdid, yenə şantaj...; Tofiq Zülfüqarovun fikrincə, güc və təhdid vasitəsilə ətrafını dost etmək mümkün deyil

“Rusiya sülhməramlılarının Qarabağda alternativi bugünkü gündə yoxdur”. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni mediasına müsahibəsində belə deyib. Səfir bildirib ki, Rusiya sülhməramlıları, tənqidlərə baxmayaraq, öz vəzifələrini yerinə yetirirlər:

“Söhbət təhlükəsizliyin təmini, Qarabağda erməni sakinlərin yaşamaq şərait yaratmaq, genişmiqyaslı eskalasiyanın qarşısını almaqdan gedir. Bu rol icra edilir. Və mən Qarabağda bu rolu əvəz edəcək başqa qüvvə görmürəm”. Kopırkin qeyd edib ki, gələcəkdən danışırıqsa, o zaman bəzi qüvvələrin yeridilməsi üçün bütün tərəflərin razılığı lazımdır: “Bundan əlavə, mövcud təcrübəni nəzərə alaraq, müxtəlif beynəlxalq və digər strukturların sülhməramlı imkanları ilə bağlı eyforiyaya qapılmaq olmaz. Xüsusilə Ukrayna, Yuqoslaviya təcrübəsi var”.

Kopırkinin sözlərinə görə, Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində olan ərazilərdə vəziyyətə nəzarət edir. “Rusiya öz öhdəliklərinə, 1990-cı illərdə iki ölkə arasında imzalanmış sənədlərə sadiqdir. Rusiya sərhədçiləri öz funksiyalarını yerinə yetirirlər, hətta Ermənistan-Azərbaycan sərhədində də olurlar, vəziyyəti monitorinq edirlər. Yəni Rusiya bununla bağlı öz öhdəliklərinə ciddi yanaşır. Burada bizim mövqeyimiz dəyişmir”. Rusiya sərhədçiləri 2020-ci ilin dekabrından Gorus-Qafan-Çakaten ərazisində yerləşdirilib. Kopırkin bir müddət əvvəl də “aydın başa düşmək lazımdır: əgər Rusiya olmasaydı və onun sülhməramlıları bölgəyə daxil olmasaydı, bu gün Dağlıq Qarabağın həmin hissəsindəki Stepanakert olduğu formada qalmayacaqdı” demişdi.

Bu arada Rusiyanın Azərbaycandakı səfir Mixail Boçarnikov diplomatik fəaliyyətini başa vurub. Boçarnikov 2018-ci ilin mayından Rusiyanın Bakıdakı səfiri idi. Yerli mediada Boçarnikovun Azərbaycandakı fəaliyyəti təftiş edilir. Bildirilir ki, onun Azərbaycana “dost” münasibətini göstərən faktlardan biri bu ilin əvvəlində İrandakı Azərbaycan səfirliyinə terror hücumu baş verəndən sonrakı dövrə təsadüf edib. Belə ki, həmin dönəmdə məhz Rusiya səfiri Boçarnikov nümayişkaranə şəkildə İran səfiri Seyid Abbas Musəvi ilə görüşərək, onunla guya “Cənubi Qafqaz regionunda baş verən son hadisələri, "3+3" təşəbbüsünü, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı, Şimal-Cənub dəhlizini" və s. bu kimi mövzuları müzakirə edib. “Əslində isə bu, sadəcə, İranın heç bir beynəlxalq hüquq və normalara, qanunlara sığmayan terrorçu hərəkətlərinə və molla rejiminə açıq dəstək jesti idi. Bununla da Rusiya səfiri bir daha Azərbaycana gerçək münasibətini və öz ölkəsi ilə İran rejiminin eyni mahiyyətə malik olduğunu göstərdi”, - deyə Azpolitika.info yazır.

O da qeyd edilir ki, bu il martın sonunda Boçarnikov bir qədər də irəli gedərək, Azərbaycan mətbuatını Ukrayna müharibəsində tutduğu mövqeyə və Rusiyanı ittiham etdiyinə görə tənqid edib, hətta bununla bağlı dövlətimizə irad bildirib: “Azərbaycan mediasında Rusiyanın mövqeyini və rəhbərliyini qərəzli tənqid edən materialların çoxluğu bizi təəccübləndirir. Dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini yerli mediada tüğyan edən anti-Rusiya isterikasına cəlb etməli olduq. Ümid edirik ki, bu proses dayandırılacaq”. Onu da qeyd edək ki, Azərbaycana göndəriləcək yeni səfirin kimliyi ilə bağlı hələ heç bir məlumat yoxdur. Amma fakt dəyişmir - istər İrəvandakı səfirin “Ukrayna hədəsi” olsun, istər Bakıdakı keçmiş səfirin fəaliyyəti və söylədikləri, Rusiyanın Cənubi Qafqaz diplomatiyası öz ampluasındadır. Bəs yaxın dövr üçün diplomatik ritorikada hansısa dəyişikliklər mümkündürmü?

Tofiq Zülfüqarov — Vikipediya

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun bu mövzuda fərqli təhlili var. Analitikin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın postsovet məkanında bu siyasəti və üslubu o yerə gətirib çıxarıb ki, dünyada, eləcə də bizim regionda bu ölkədən uzaqlaşma prosesi gedir: “Bu haqda dərindən fikirləşəndə sistemli və yanlış yanaşma görürəm. İstənilən postsovet ölkəsinə konflikt-menecment tətbiq olunur. Məqsəd ondan ibarətdir ki, hansısa bölgədə münaqişədən istifadə etməklə təsir imkanlarna malik olsunlar. Yəni qonşulardan hansısa birində Rusiyadan strateji uzaqlaşma olursa, gərginləşmə baş verir. Rusiyanın ətrafına, qonşularına baxın, onlarla dost yox, düşmənçilik siyasəti yanaşması var. Üstəlik, fərq etmir ki, yaxın müttəfiq ölkədir, yaxud heç bir geniş hərbi müttəfiqliyi yoxdur... Məsələn, Ermənistanı Qafqazda dayaq nöqtəsi kimi qiymətləndirirdi, indi bu ölkəyə qulpsuz çamadan kimi baxırlar”, - deyə politoloq belə düşünür.

Onun fikrincə, tətbiq edilən üslub əks-nəticə verir: “Ukrayna, Moldova, Gürcüstan olsun, habelə Orta Asiyada gərginlik artır. Yəni Rusiya köklü dəyişikliklər etməlidir, bu münasibətlər qonşularına da, özünə də xeyir gətirən balanslı şəkildə qurulmalıdır. Bunun tam tərsini etdikcə, uzaqlaşma davam edəcək. Məsələn, çox geniş yayılmış rus dili onlar üçün əsas faktordur ki, digər ölkələrlə mübarizə aparsınlar. Həmçinin humanitar elementlər var. Rusiyada azərbaycanlılar yaşayır, burada ruslar var. Əgər normal yanaşma olarsa, Rusiya həmişə belə müsbət nəticələr əldə edər. O baxımdan gərək qarşılıqlı prinsiplər olsun, xüsusən də qonşuların ərazi bütövlüyünə, suverenliyinə münasibət, onların daxili işlərinə qarışmamaq... Bu yanaşmanı Rusiya dəyişə bilsə, yaxşı əlaqələr yaranar”. 

Postsovet ölkələrinin Rusiyadan qopub Avroatlantik məkana can atmasına görə Moskvanın ətrafını cəzalandırması tərzinə toxunan T.Zülfüqarov hesab edir ki, Amerikanı təbliğ etmək asandır, o cümlədən Avropanı da. Politoloq “Qərbdə sosial münasibətlər, siyasi institutlar, hərtərəfli tərəqqi mövcuddur, bəs Rusiya nəyini təbliğ edəcək”, - deyə sual edir. “Əvvəla, dövlətində cəlbedici nəsə yarat ki, sənə kimsə oxşayıb inkişaf etsin. Güc vasitəsilə dost etmək mümkün deyil. Bu yerdə Rusiyanın üslubuna qayıtmaq istəyirəm - qonşularını nə ilə cəlb edəcəksən? Bəli, ədəbiyyat, musiqi, mədəniyyət ola bilər. Belə müsbət faktolardan istifadə etmir, hədə-qorxu dilini seçir. Misal üçün, Ukraynanı tənqid edirlər ki, rus dilinə maneələr vardı. Ukraynada rusdilli bir neçə milyon insan var, amma Rusiyada da 6 milyon ukraynalı var. Əvvəlcə sən onlara məktəb aç, imkanlar yarat, sonra öz nümunəndə başqasından tələb et. Yoxsa nüvəm var, ətrafını təhdid elə... Ona görə rus səfirlər neyləsinlər, nəyi təbliğ etsinlər?”

Emil SALAMOĞLU
“Yeni Müsavat”  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR