İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı Rus İcmasının bəyanatı etiraz doğurub - YAP-dan reaksiya

“Biz unutmamalıyıq ki, bu, rus icmasıdır və Rusiya dövləti ilə birbaşa əlaqəlidir”

Azərbaycan Rus İcmasının (ARİ) meta-səhifəsində Rusiyanın Ukraynadakı hərbi əməliyyatının tam dəstəklənməsi ilə bağlı qurumun bəyanatı dərc edilib.

Müraciət Kremlin anti-Ukrayna təbliğatı ruhunda yazılıb: “Birləşmiş Ştatlar və onun müttəfiqləri bir zamanlar qardaş xalqlar olmuş  Rusiya və Ukrayna arasında düşmənçilik və nifrəti qızışdırmaq üçün hər şeyi edirlər. Bir ölkə başdan-ayağa xarici silahlarla silahlandırılırsa, yeniyetmələrə Rusiyanın ünvanına hədə-qorxu dolu faşist və millətçi əhval-ruhiyyə aşılanırsa, həbs yerlərindən cinayətkarlar azad edilib guya Ukraynanın suverenliyini qorumaq üçün silahla təchiz edilirsə, bu ölkənin nəyə hazırlaşdığını söyləmək çətin deyil...”

Müraciətdə Rusiyanı qınama yoxdur. Müraciətin sonunda Azərbaycan vətəndaşları “Rusiyanı anlamağa” çağırılır.

Azərbaycan Rus icması bəyanat yaydı: “Rusiyanı başa düşməyi xahiş edirik” -  Ajmedia.info

Sənəd kollektiv müəllif tərəfindən imzalanıb: Azərbaycan rus icmasının Respublika Şurası. Fərdi imza yoxdur, müraciət ARİ-nin möhürü ilə təsdiqlənib.

Qeyd edək ki, 1993-cü ildən ARİ-nin dəyişməz sədri Mixail Zabelindir. 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı, 1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V və VI çağırışlarının deputatı seçilib. Mixail Zabelin hakim Yeni Azərbaycan Partiyasının dəyişməz yaradıcılarından biridir. Partiya qurultayında YAP İdarə Heyətinin üzvü seçilib.

Zabelin Minval.az-a müsahibəsində deyib ki,  bu bəyanatı Rus icması yox, Respublika Şurası qəbul edib. “Yeri gəlmişkən, Respublika Şurasının bir-iki üzvü bəyanatın qəbulunun əleyhinə səs verib. Biz bu bəyanatı səs çoxluğu ilə qəbul etdik.  Burada Azərbaycanla Ukrayna, eləcə də Rusiya və Ukrayna arasında sülhə, yaxşı münasibətlərə zidd heç nə yoxdur. Azərbaycanın deputatı kimi şəxsi mövqeyimə gəlincə, Ukraynadakı hərbi əməliyyatlardan çox üzülürəm”, - deyə, o bildirib.  

Nöqsanlara ictimaiyyətin və medianın nəzarəti önəmlidir - Deputat

Ceyhun Məmmədov

YAP-çı deputat Ceyhun Məmmədov həmkarının öz dövlətinin mövqeyini nəzərə aldığını söylədi: “Siz bilirsiniz ki, həmin təşkilat Azərbaycanda yaşayan Rusiya vətəndaşlarını özündə birləşdirir. Bu baxımdan verilən bu bəyanatda təmsil etdiyi dövlətin mövqeləri nəzərə alınır. Bununla bağlı verdikləri bəyanatda bu mövqeyi nəzərə aldıqlarını göstərirlər. Biz unutmamalıyıq ki, bu, rus icmasıdır və Rusiya dövləti ilə birbaşa əlaqəlidir. Həmin dövlətin maraqlarına xidmət etdiyini də unutmamalıyıq. Bu baxımdan belə bir fikir səsləndirilə bilər. Ancaq bir məsələni xüsusi qeyd edim ki, Azərbaycan ictimaiyyətinin rəyi, ölkəmizdəki mövcud durum nəzərə alınmalıdır. İndi biz anlayırıq ki, belə bir təşkilatdır, bu cür bəyanatın verilməsi onlara tövsiyə olunur. Ancaq bəyanat verilərkən bir daha qeyd edim ki, ölkəmizdəki insanlarımızın hansı reaksiya verəcəyini əvvəlcədən düşünmək lazımdır, yəni sonradan ictimai qınağı özünə çəkməmək üçün”.

Razi Nurullayev partiyasının adını dəyişdi

Razi Nurullayev 

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev istənilən halda bu bəyanatın qüsurlu olduğunu söylədi: “Açığı, ölkədə olmadığım üçün bu bəyanatla tam yaxından tanış deyiləm. Mixail Zabelin hər zaman Azərbaycan dövlətçiliyini müdafiə etmiş bir millət vəkilidir. Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşması üçün də əlindən gələni edib. Bütün dövrlərdə Azərbaycanla bağlı müsbət məqamlar səsləndirib. Amma indi rus icmasının belə bir bəyanat səsləndirməsi təbii ki, insanlarımız tərəfindən müsbət qarşılana bilməzdi. ”Rusiyanı anlamağa" çağırış istənilən halda qüsurludur. Doğrudur, Rusiyadakı siyasətçilər, hətta bəzi Avropa ölkələri var ki, Kremli anlamaq yönündə müəyyən fikirlər səsləndirirlər. Əgər minlərlə insan həyatını itirirsə, şəhərlər xarabalığa çevrilərsə, artıq bu günə 3-5 milyon insan evindən didərgin düşübsə, yüzlərlə körpələr ölürsə, burada başa düşməli olduqca az məsələ var. Hesab edirəm ki, bu müharibənin qarşısını almaqla, bunu başqa yollarla həll etmək üçün Rusiyanın bütün imkanları tükənməyib. Bu imkanlar tükənmədən müharibəyə başlamaq dünya tərəfindən müsbət qarşılanmadı. Azərbaycan da orada günahsız insanların öldürülməsindən çox üzülür. Düşünür ki, bu müharibə tez bir zamanda dayandırılmalıdır. Məsələ orasındadır ki, Rusiya Ukrayna ərazilərində Luqansk və Donetsk kimi separatçı rejimlər yaradıb. Krımı isə işğal edib. Onun üçün başqa dövlətlər Rusiyada haqq görə bilmirlər. Əgər Ukrayna hücum etsəydi, Rusiyaya təhlükə törətsəydi, Rusiyanı başa düşməyə çalışmaq olardı. Rusiyanı başa düşənləri, açığı, anlaya bilmirəm. Məsələ burasındadır ki, təcavüzə məruz qalan Ukraynadır. Eyni məsələ Azərbaycanın da başına gətirilmişdi. Ermənistan Azərbaycanın suveren ərazisində başqa dövlət yaratmaq istəyirdi. Ay insan, sənin öz dövlətin var, get öz dövlətinin daxili işləri ilə məşğul ol. Sən çoxluq təşkil etdiyin yerlərdə dövlətini yaratmalısan? Onda kim harada çoxluq təşkil edirsə, dövlətini yaratsın. Əgər Ukraynada ruslar incidilsəydi, nələrisə müəyyən qədər başa düşmək olardı. Məsələ budur ki, Rusiyanın hücumundan sonra Ukraynadakı ruslar belə Kremlə kömək etmədi. Əksinə, Ukraynanın tərəfini tutdular, hətta döyüşlərə qatıldılar, açılan koridorlarla Rusiyaya deyil, başqa ölkələrə üz tuturlar. Buna nə ad verək? Bu suallar onu deməyə əsas verir ki, bu məsələdə Rusiyanı başa düşməyə çalışa bilərik, amma heç cür başa düşə bilməyəcəyik".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR