İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakıdakı İsrail səfirliyi ciddi qorunur” mesajı kimlərə idi?

Ekspert: “Bu təlimlərin İsrail səfirliyi ilə birgə keçirilməsinin xüsusi mənası var”

Fevralın 18-də İsrailin Bakıdakı səfirliyi Azərbaycanın Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə öz binasında təlim keçirib. Təlim ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığımızı möhkəmləndirməyə və genişləndirməyə yönəlmiş davamlı əməkdaşlığın bir hissəsidir. İsrail səfiri Corc Dik səfirliyin və diplomatik heyətin təhlükəsizliyini təmin etdiklərinə görə Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarına təşəkkür edib. 

“Bu birgə təlim çox uğurlu keçdi və ölkələrimizin möhkəm təhlükəsizlik əməkdaşlığına mühüm əlavə idi. Azərbaycan dövlətinin, bütün diplomatik nümayəndəliklərin, o cümlədən İsrail səfirliyinin təhlükəsizliyinə sadiqliyi göz qabağındadır və sarsılmazdır. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirməyə davam etməyi səbirsizliklə gözləyirik”, - o deyib. 

Əlbəttə ki, Bakıdakı bütün səfirliklərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Amma bu təlimin məhz İsrail səfirliyində keçirilməsi diqqət çəkir. O zaman “Bakıdakı İsrail səfirliyi ciddi qorunur” mesajı kimlərə idi?

Arzu Nağıyev: “Seçkiləri yetərli sayda beynəlxalq missiyalar müşahidə  edəcək”

Arzu Nağıyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Azərbaycanın bütün strateji obyektlərə qarşı mövqeyinin eyni olduğunu söylədi: “Məlum məsələdir ki, strateji əhəmiyyətli obyektlərin qorunması çox mühüm və vacibdir. Eyni zamanda səfirliklər də bu strateji obyektlər siyahısındadır. Perimetr üzrə Azərbaycan tərəfi, daxildən isə onların öz xüsusi xidmət orqanları və müvafiq mühafizə orqanları bunu təmin edir. Bu Azərbaycanın da xaricdəki səfirliklərinə aiddir. Məhz məsuliyyət perimetri üzrə bir daha deyirəm ki, həmin dövlətin üzərinə düşür. Daxili mühafizə onların öz məsələləridir. Səfirlikdə keçirilən bu təhlükəsizlik tədbirində - hansı ki, Daxili İşlər Nazirliyi ilə birlikdə keçirilir - səfirin nazirliyə təşəkkür etməsi bir daha onu göstərir ki, onlar bu qorumadan razıdırlar. Eyni zamanda mühafizədən razıdırlar. Birgə təlimdən nəticə kimi səfirin də təşəkkürü hüquq-mühafizə və xüsusi xidmət orqanlarımızın öz peşələrini yerinə yetirməsindən irəli gəlir. Bir məsələni də qeyd edim ki, bu tək İsrail səfirliyi ilə bağlı deyil. "Şərti düşmən" deyilən bir tədbirlər var. Bu, metropoliten və digər nəqliyyat növlərində, strateji obyektlərdə mütəmadi olaraq keçirilir. Ayıq-sayıqlıq itməsin deyə bu edilir. Əgər indi İsrail müharibədədirsə, təbii ki, bu, İsrailə daha çox sirayət etməlidir, daha ciddi qoruma olmalıdır. Bu digər dövlətlərdə bir başqa cürdür. Yəni bunlar gündəlik olan işlərdir. Bildiyiniz kimi, hüquq-mühafizə orqanları yaxud xüsusi xidmət orqanları ciddi tədbirlər olan vaxtları gücləndirilmiş iş rejiminə keçir. Bu, ayıq-sayıqlığı itirməmək üçün atılan ən mühüm addımlardan sayılır. Burada biz belə qorunuruq, yaxud bizi belə qoruyurlar kimi söz-söhbətlər məişət səviyyəsində gedən müzakirələrdir. Bu problemlərin çözülməsi çox mühüm məsələdir. Səfirliklərə, hər bir strateji obyektlərə qarşı bizim mövqeyimiz eynidir".

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bu təlimlərin xüsusi mənasının olduğunu qeyd etdi: “Uzun illərdir İsrail ilə Azərbaycan arasında müxtəlif səviyyəli əməkdaşlıqların olması heç kimə sirr deyil. Azərbaycan mütəmadi olaraq İsraillə birgə hərbi sənaye kompleksinin inkişafı sahəsində, ordu quruculuğu işlərində qarşılıqlı maraqlara və dostluğa söykənən işləri görüb. Hazırda keçirilən təlimi də bu qəbildən hesab edirəm. Bu təlimlərin İsrail səfirliyi ilə birgə keçirilməsinin xüsusi mənası var. İsrail səfirlikləri dünyanın bir çox ölkələrində təhdid altında olduğundan bu bir göstəricidir ki, Azərbaycanda bütün səfirliklərin, o cümlədən İsrail səfirliyinin təhlükəsizliyinə xüsusi diqqət var. Həmçinin uzun illər boyu diplomatik nümayəndəliklərinə, xaricdə yerləşən müxtəlif ofislərinə ən çox terror basqını olmuş dövlətlərdən biri İsraildir. Bu səbəbdən İsrail dövləti belə qanlı basqınların qarşısını almaq məqsədilə tədbirlər görməyə məcbur olub. Bu tədbirlər illər boyunca təkmilləşdirilərək hazırda İsraili bu sahədə təcrübəli dövlətə çevirib. Son vaxtlarda dünyanın müxtəlif ölkələrində dəfələrlə səfirliklərimizin basqına məruz qalması, təhdidlər alınması Azərbaycanı bu istiqamətdə daha hazırlıqlı olmağa məcbur etmişdi. Bu sahədə ən təcrübəli və uğurlu işlər görən dövlət İsrail olduğundan məhz onlarla bu sahədə əməkdaşlığımız daha doğrudur. Hesab edirəm ki, bu təlimin keçirilməsi kimlərəsə mesaj vermək üçün görüntü xətrinə olunmuş təlim kimi qəbul olunmamalıdır. Terrorçular, əleyhimizə işlər görən yaxud görməyi planlaşdıranlar istisna olmaqla kimsə bunu özünə qarşı qəbul etməməlidir. Dediyim kimi, iki dövlət arasında münasibətlər hamıya bəllidir, hazırkı təlim indiyədək görülən işlərin qarşısında xırda hadisədir. Kimsə özünə qarşı görəcəksə, bu artıq onun problemidir və deməli dövlətimizə qarşı hansısa məkrli planların içərisindədir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR