Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Favzan Musa Xan ötən ilin iyulunda Bakıda terror törətmək istəyərkən Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Musavat.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə Fayzan Musa Xan dövlət hesabına tərcüməçi və vəkillə təmin edilib.
Qeyd edək ki, Əfqanıstan Respublikasının vətəndaşı Favzan Musa Xan 2023-cü ilin iyul ayında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb. İttiham aktında göstərilib ki, Əfqanıstan Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın digər şəxslərlə qabaqcadan əlbir olaraq ölkə ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və digər müşayiət olunacaq təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırılması müəyyən edilib.
Məlum olub ki, Favzan Musa Xan qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlib. Bakıda yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidələr aparıb və terror aktında iştirak edə biləcək şəxslərlə əlaqəyə girərək sövdələşib. Favzan Musa Xan cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə məhkəmə baxışı iyunun 25-ə təyin edilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ