İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda su qiymətləri "əl yandırır"

Bakı günlərlə susuzluqdan əziyyət çəkmirmiş kimi, indi də köşklərdə satılan suların qiymətləri "əl yandırır".

Həkimlər isti havalarda bol su içməyi tövsiyə etsələr də, görünür, bu tövsiyəyə əməl etmək üçün əvvəlcə cibə baxmaq lazımdır.

Qızmar yay günlərində insanlar sərinlənmək üçün mərkəzdəki köşklərdən su almağa məcbur qalırlar. Lakin qarşılaşdıqları mənzərə insanın su içmək həvəsini belə öldürür: mağazalarda 500 ml-lik su 50-60 qəpiyə satıldığı halda, köşklərdə eyni marka, eyni tərkib, eyni ölçü – qısacası, eyni butulka 1 manat və ya daha baha qiymətə təklif olunur.

Suyun içində nə dəyişib? Heç nə. Sadəcə, satıldığı yer dəyişib. Qiymət isə əsassız şəkildə artıb.

NATİQ CEFERLİ.jpg (27 KB)

İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı Musavat.com-a deyib ki, Azərbaycanda tənzimlənən və tənzimlənməyən qiymətlər var:

"Tənzimlənən qiymətlər Tarif Şurası tərəfindən müəyyən olunur. Tənzimlənməyən sahələrdə isə dövlətin iki əsas funksiyası var: birincisi, satışdan əldə edilən gəlirdən düzgün verginin tutulmasını təmin etmək, ikincisi isə məhsulun keyfiyyətinə nəzarət etməkdir".

N.Cəfərli qeyd edib ki, su sahəsində qiymət tənzimlənməsi yoxdur:

"Yəni topdansatış şirkəti və alıcı arasında razılaşma əsasında qiymət müəyyən olunur və istədikləri məbləğdə satış edə bilirlər. Dövlətin bu prosesə müdaxilə imkanı və səlahiyyəti yoxdur".

İqtisadçı tənzimləməmənin daha doğru olduğunu vurğulayıb:

"Əgər dövlət qiymətlərə müdaxilə etməyə çalışsa, nəticədə daha böyük problemlər ortaya çıxa bilər. Sovet dönəmində qiymətlər inzibati şəkildə tənzimlənirdi və nəticədə məhsullar piştaxtalardan yox olur, sonra "piştaxta altından" satılırdı.

Rəqabət məsələsinə gəlincə, burada da ciddi boşluqlar və görülməli işlər var.

Antiinhisar qanunvericiliyinə əsasən, bazarın 30 faizindən çoxuna nəzarət edən şirkətlərin fəaliyyəti dövlət tərəfindən nəzarətə götürülməli və lazım gəldikdə qiymət manipulyasiyasına görə cəzalandırılmalıdır.

Azərbaycanda bir neçə böyük su şirkəti var, lakin onların bazar payı ilə bağlı rəsmi məlumatlar ictimaiyyətə açıqlanmır".

Natiq Cəfərli həll yolu olaraq dövlətin bu sahədə təşviqedici rol oynamalı olduğunu bildirib:

"Bu, daha çox istehsalçının bazara daxil olması və rəqabət artdıqca "bazarın görünməz əlinin" qiymətləri tənzimləməsi ilə nəticələnəcək".

Mənzər Novruzlu,
Foto müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR