İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ŞOK cinayətlər – 1 mənzili 11 nəfərə satıb...

25 ilin müəlliməsini aldadan mütəşəkkil cinayətkar dəstəni himayə edən kimlərdir?

Azərbaycanda 1 mənzilin bir neçə nəfərə satılması praktikasının kökünü kəsmək üçün dövlət tərəfindən atılan addımlar bəzi məmurların maraqları ilə üst-üstə düşmür. Bu səbəbdəndir ki, bu qəbildən olan cinayətlərin araşdırılması da süni şəkildə uzadılır.

“Yeni Müsavat”a müraciət edən Azərbaycan vətəndaşı, Bakıda məktəblərin birində tarix fənnindən dərs deyən stajlı müəllimə S.Şirvanova da belə bir dələduz dəstənin qurbanına çevrilib.

Stajlı müəlliməni dinlədikcə Bakıda mənzil fırıldağı ilə məşğul olan, içində vəzifəli şəxslərin olduğu mafiyanın peyda olması təəssüratı qətiləşir.

Cinayətkarlarla əlbirliyindən şübhələndiyim 46 N-li notariusdan Ədliyyə Nazirliyinə şikayət etdim

Zərərçəkən Şirvanova redaksiyamıza müraciətindən əvvəl hüquq mühafizə orqanlarına müraciət edib. Deyir ki, ötən 1 ay ərzində Xətai və Səbayel Polis İdarələrinin arasındakı ötür-ötür oyununa salınıb!

“Mütəşəkkil cinayətkar dəstənin qurbanı olmuşam. Mənzil alqı-satqısı yolu ilə 70 (yetmiş) min manat vəsaitim mənimsənilib. 25 ilin müəllimiyəm və bilirəm ki, belə halda KİV-dən əvvəl polisə, hüquq mühafizə orqanlarına müraciət etmək gərəkdir.



                             Cinayətdə adı keçən Xuraman Bağırovanın bacısı 

Belə də etmişəm: cinayətkarlara rast gəlməyiblə bağlı şübhəm yaranan kimi 102-yə zəng edib, şikayət etmişəm. Dərhal cinayət obyektinin yerləşdiyi Xətai Polis İdarəsinin 34-sü Polis Bölməsinə, bu tipli cinayətlərdə ən effektiv orqan kimi tanınan DİN MCQMBİ- nə, Baş Prokurorluğa, cinayətkarlarla əlbirliyindən şübhələndiyim 46 N-li notariusdan Ədliyyə Nazirliyinə şikayətlər vermişəm.

 25 ilin müəlliməsini polisdən narazı salan nədir?

Şikayətim başıma müsibət gətirib, məni evsiz qoyan cinayətkarlardan daha çox şikayətimə münasibətdə faktiki olaraq, hərəkətsiz qalan polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarındandır.
 

Təsəvvür edin ki, ay yarımdır hadisə olub, şikayət verilib,  cinayət faktı, bu faktı təsdiq edən obyektiv dəlilər, saxta sənədlər ortada ola-ola, bu fakt ayrı-ayrı vəzifəli şəxslərin və işdə adı keçən şəxslərin izahatları ilə təsdiqlənə- təsdiqlənə, fakt üzrə cinayət işini belə başlamaq istəmirlər! İş üzrə dindirilən, cinayəti bilavasitə törətmiş şəxslərin bir çoxunun ünvanları, şəxsiyyət vəsiqələri, şəkil və videoları ortada ola-ola tapıb saxlamırlar!

Cinayətkarlar dələduzluğu davam etdirir, eyni evi başqa vətəndaşlara satırlar!

Həmin cinayətkar qrup heç nədən çəkinməyərək eyni sxem üzrə mənim və aldatdıqları Rəşad adlı digər bir şəxsin şikayətindən sonra da, yeni-yeni vətəndaşlara qarşı cinayətlər törətməkdə davam edir.

“Dur” deyən yoxdur!

Artıq 2 belə yeni cinayət törədiblər. “Dur” deyən yoxdur. Bu səbəbdən  çox əsaslı şübhələr yaranır ki, bu cinayətlərdə  bilavasitə cinayətkar olmaları açıq-aydın  olan şəxslərlə yanaşı prosesdə “Əzizbəyov KM” MMC, “Etalon MTK” və s. vardır. Bənzəri şirkətlər, ev alqı-satqısı zamanı mənə vasitəçilik xidməti göstərən alqı-satqı şirkəti, dövlət notariusu əməkdaşları da iştirak edirlər, hüquq mühafizə orqanlarının passivliyi, cinayətkarları yaxalamaq üçün real tədbir görməmələri, ötür-ötür oyunu oynamaları isə belə təəssürat yaradır ki, həmin mütəşəkkil cinayətkar dəstənin həmin orqanlarda da himayəçiləri, istisna deyil ki, üzvləri vardır.

MCQMİ materialı yenidən Xətai Polis İdarəsinə, İdarə yenə 34-cü Polis Bölməsinə, bölmə Səbayel Polisinə ötürüb...

Bir aydır 34-cü Polis bölməsinə şikayət etmişəm. İlkin təhqiqatı həmin bölmənin əməkdaşı Ülvi Qəhrəmanlı aparıb və materiallar barədə konkret qərar qəbul etməyib, onları DİN MCQM Baş İdarəsinə  və paralel Səbayel polisinə göndərib. İş daha sonra  DİN MCQM Baş İdarəsində araşdırılıb (əməliyyatçı Natiq Əzimov).  Yenə heç bir qərar qəbul edilməyib və yenidən geriyə, Xətai polis idarəsinə, oradan 34-cü polis bölməsinə göndərilib. Bu dəfə iş Asiman Allahverdi ad soyadlı başqa əməliyyatçının üstünə yazılıb və o da materialı yenidən Səbail rayonuna göndərməyi planlaşdırdığını deyir. Şikayət etdikdən sonra mənimlə maraqlanan, özüm axtarmasam, axtaran yoxdur. Qeyri-rəsmi məlumat almışam ki, MCQMİ materialı yenidən Xətai Polis İdarəsinə, İdarə yenə 34-cü Polis Bölməsinə qaytarıb və Ülvi Qəhrəmanlı məzuniyyətdə olduğundan materiallar Asiman Allahverdi ad soyadlı (tel:055 240 29 29)  başqa bir əməlliyatçıya verilib  və məlumat var ki, o da hansısa əsas tapıb işi bu dəfə Səbail Polis İdarəsinə göndərməyi qərara alıb.

Bu amilə də diqqət yetirilməsini istəyirəm

Mənə qarşı törədilmiş cinayətin məzmunu belədir:

-Maddi ehtiyacımla bağlı “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən bir otaqlı mənzilimi satdım ki, şəhərin daha ucuz mənzil olan yerində ev alıb, artıq qalan vəsaiti ehtiyacıma sərf edim. Mənə məxsus mənzilin satılmasında mənzil alqı-satqısı ilə məşğul olan Səadət adlı şəxs vasitəçilik xidməti göstərdi. Niyyətimi həmin Səadətə də dedim ki, istədiyim tipli mənzil olsa xəbər versin. Bir müddət sonra Səadət mənə bildirdi ki,  Xətai rayonu, Xocalı küçəsi 2347- 48- ci məhəllə ünvanında, “Əzizbəyov” MTK-ya məxsus binada, 70 min manata, tamamlanmamış, təmiri olan birotaqlı mənzil satılır. Mühüm olan bir cəhəti göstərim ki, elanda həm də həmin satılan mənzilin təfərrüatlı təsviri olan videosu yerləşdirilmişdi. Ona görə bu detalı göstərirəm ki, həmin bina, mənzil, MTK-ya aidiyyəti olmayan şəxslərin belə bir videoçəkiliş aparmaları mümkün görünmürdü. Səadət dedi ki, bu şəxslər həmin binada başqa bir mənzil də satdıqlarını deyirlər, o “Əzizbəyov MTK” ilə  ilkin araşdırma aparıb və mənzil problemsiz mənzildir, baxmayaraq ki, yeni tikili olan həmin bina hələ rəsmən  təhvil verilməsə də, ancaq orda 10 ildən çoxdur ki, sakinlər yaşayır. Habelə, Səadət dedi ki, elanda göstərilən telefona zəng edib, bir qadın cavab verib ki, mənzilin əsl sahibi Şahin adlı qohumlarıdır. Həmin qadın, Şahinin Rusiya telefon nömrəsini verib, o, (yəni Səadət) Şahinlə də danışıb, Şahin elanı təsdiqləyib və mənzilin rəsmi sahibinin onun xalası olduğunu deyib. Bildirib ki, mənzili xalasını müalicə etmək üçün vəsaitə ehtiyac olduğuna görə satırlar.  Mənzilə baxmaq lazım gələrsə, mənzilin açarının Hakim adlı şəxsdə olduğunu deyiblər. Sonradan məlum olub ki, Hakim deyilən şəxsin ad və soyadı Akim Avdiyevdir.

 

                                                     Akim Avdiyev

Habelə bildirib ki, mənzil almaq, beh vermək istəyənlər var, fikrimiz varsa qətiləşdirək. Səadət dedi ki, ona həmin binada yaşayan tanışı olan qadın və Şahin deyiblər ki, binada mənzil alqı-satqısı  kimi işlər binanın komendantı Akif adlı şəxs vasitəsilə görülür. (Akifin telefonu: 050 300 94 22; 050 3009432;) Bu məsələni xüsusi ilə ona görə qeyd edirəm ki, mənzil alqısı və ya satqısı alqı-satqı şirkətləri vasitəsi ilə aparıldıqda onlara haqq ödənildiyinə görə alqı-satqıya onlar da zəmanət verdiklərinə, bu sahədə təcrübələri, bilgiləri, informasiyaları olduğuna görə adamda inam yaranır ki, işlər mötəbərdir və qayda qanuna uyğundur. Yəni təfərrüatları təsadüfi olmayan şirkətə, alqı-satqı maklerinə həvalə etdiyinə və onların da bu işə görə məsuliyyət daşıdıqlarına görə insanda arxayınçılıq yaranır. Yoxsa mən deyilən hər şeyə inanıb da özüm əlbəttə ki, detalları yoxlamamış hərəkət etməzdim. İndi də Səadət adlı həmin vasitəçiyə qarşı bir şübhəm olmasa da, hər halda bunları da qeyd etməyi lazım bilirəm və başıma gələnlərdə öz günahımı da kənara qoymayaraq bu amilə də diqqət yetirilməsini istəyirəm.


Dələduzluq qurbanı daha bir cinayətin izinə düşüb...

 

Mən də elanla tanış oldum, sonrakı günlərdə Səadətlə birlikdə göstərilən ünvana getdik, həmin Akif deyilən şəxslə də görüşdük. Akif bildirdi ki, binadakı mənzillərin satışında problem yoxdur. Səadətlə birlikdə adının Şahin olduğunu deyən həmin şəxslə mən də danışdım və bildirdim ki, mənzilə baxmaq istəyirik. Şahinin dostu kimi təqdim etdiyi Hakim (Akim Avdiyev tel: 077 739 07 07) adlı şəxs açarla gəldi, komendant Akifin köməyi ilə, mənzilə qalxdıq. Liftin kartları da Akifdə idi. Mənzilə baxdıq, Hakim də Şahinin dostu olduğunu dedi. Bu məqamı ona görə deyirəm ki, sonradan o, polisdə, guya belə işləri muzd müqabilində gördüyünü deyib. Akim barədə onun daxil olduğu dəstənin digər bir  qurbanı Rəşad adlı şəxsin və Səadətin əldə etdikləri məlumata görə o, guya keçmiş hərbçidir. 2020-ci ilə dair  İctimai televiziyada efirə verilmiş bir çəkilişdən də görünür ki, o, kapitan rütbəsindədir. Özünü Qarabağ qazisi kimi təqdim edirmiş. Bizə satılan mənzilin guya həqiqi sahibi də odur. Şahinin vaxtı ilə onunla xidmət keçən əsgərlərinin qohumu kimi tanıyırmış. Guya hansısa pensiya verilməsi ilə bağlı cinayət işində Hakimin həyat yoldaşı cinayət məsuliyyətinə cəlb edilib, Şahin söz veribmiş ki, onu qurtaracaq və Hakimdən 8 min pul alıb. Lakin Hakimin həyat yoldaşı məhkum olunub, həbsə alınıb. Şahin deyib ki, mənzil satıldıqdan sonra onun 8 mini ödəniləcək. Onun bu işdə iştirakı bununla bağlıdır.

“Bu, çox şübhəlidir”

Baxış zamanı mənzildə xeyli təmir işlərinin görüldüyü məlum oldu. Və mənzildə təmirin son aylarda aparıldığı görünürdü. Təmir yarımçıq saxlansa da, görünürdü ki, burda uzun müddət işləyiblər. O da görünürdü ki, təmir təzəcə saxlanılıb, hətta təmirin tullantıları, ustaların bəzi alətləri ortada idi. Yəni bu təmir işləri xüsusi qorunan, MTK əməkdaşlarının binada baş verən hər şeyi nəzarətdə saxladığı, komendant Akifin binanın giriş qapısında oturub girib-çıxanlara nəzarət etdiyi yeni tikili binada aparılması qeyri-mümkündür. Halbuki onlar indi polisdə verdikləri izahatlarında ümumiyyətlə həmin mənzil barədə, onun sahibi barədə, həmin mənzildə yaşayışın olması, təmir barədə heç bir məlumatlarının olmadığını iddia edirlər ki, bu çox şübhəlidir.

“Bizi konkret olaraq 46 N-li notariusa cinayətkar dəstənin üzvləri təkidlə yönləndiriblər”

  Alqı-satqı şirkətinin nümayəndəsi Səadətlə vədələşib, görüşüb, sonra satışa çıxarılan mənzil barədə əyani təsəvvür əldə etmək, habelə sənədlərinin qaydasında olduğunu yoxlamaq üçün ünvanda yerləşən “Əzizbəyov” MTK-ya getmişik. Orda bizi Əzizbəyov MTK-nın məsul işçisi (binanın komendantı) olan  Akif qarşılayıb. Səadətin dediklərini təsdiq edib. Qeyd elədiyim kimi ora satışa çıxarılan evin rəsmi sahibinin nümayəndəsi kimi Akim adlı şəxs də gəlib. Səadət, Akimlə liftlə mənzilin yerləşdiyi mərtəbəyə qalxmışıq. Mənzilə baxmışıq, bəyənmişik, razılaşmışıq ki, alqı-satqı edək.

Akim də dedi ki, (əvvəl Rusiya nömrəsi ilə əlaqə saxlanılan Şahin bunu makler Səadətə demişdi. Səadətin dediyinə görə), mənzil bir qadının adına rəsmiləşdirilib. Lakin əsl sahibi Şahin adlı şəxsdir və hazırda Rusiyada yaşayır. (Şahinin telefon nömrəsi  +79280552903) Mənzilin adına rəsmiləşdirildiyi qadın xəstədir. “Sahil” metro stansiyası yaxınlığında yaşayır. Ona görə də alqı- satqını “Sahil” metrostansiyası yaxınlındakı notariusda rəsmiləşdirməyi təklif edib. Yəni bizi konkret olaraq 46 N-li notariusa cinayətkar dəstənin üzvləri təkidlə yönləndiriblər. Bu səbəbdən  məhz həmin notariusa gəlib alqı-satqını orda rəsmiləşdirmişik. Mənim diqqətimi cəlb edən o olub ki, ora mənzilin rəsmi sahibi kimi gələn yanındakı şəxslər notariusun yanına sərbəst girib çıxırdılar. Yəni görünən o idi ki, bura birinci dəfə gəlmirlər. Biz 46 N-li notariusa gələndə nahar fasiləsi olmasına baxmayaraq, notariusun 2 əməkdaşı bizi gözləyirdi. Biz orda olmağımıza baxmayaraq müqavilə əsasən hazır idi. Mənim şəxsiyyət vəsiqəmi alıb sadəcə məlumatları əlavə etdilər. Alqı-satqı müqaviləsi ilə bağlı təqdim olunan sənədlərin doğru olduğunu deyib xidmətin əməkdaşları, daha doğrusu bir əməkdaş xanım yoxlayıb, sonra göstərmək üçün müdirin yanına aparıb, yenə də hər şeyin qaydasında olduğunu deyib.

 

                                    Cinayətkar dəstənin üzvü Faiq

Məhz bundan sonra mənzilə görə 70 min manatı banka köçürmüşəm!

Məhz bundan sonra alqı-satqı müqaviləsi bağlanıb, təsdiq edilib və mən 70 min manatı satıcıya verilməsi üçün oradakı banka köçürmüşəm. Xüsusi olaraq əlavə edirəm ki, hazırlanan müqavilə məndən heç nə soruşulmadan, hüquq və vəzifələrim izah edilmədən, müqavilənin nə müqaviləsi olduğu izah edilmədən, o cümlədən  müqavilənin xarakteri haqqında məlumat verilmədən (sonra bilmişəm ki, ilkin alqı-satqı müqaviləsi bağlanıb və guya sonra əsas müqavilə bağlanacaqmış) tərtib olunub.

 

           Cinayəti rəsmiləşdirən 46 nömrəli notariusun rəhbəri Tamilla xanım və əməkdaşı  

46 N-li notariusdan sənədləri oğurlayan kimdir?

 Bütün bu dediklərim onunla sübut oluna bilər ki, müqavilənin bağlanması prosesi kameraların altında gedib və asanlıqla yoxlanıla bilər. Əlavə edirəm ki, hazırda vəkilimin sorğusuna notarius cavab verib ki, guya müqavilə bağlanması üçün əsas olan sənədlər işin içində yoxdur!

                                     Alqı-satqı müqaviləsi

Bu da notariusun bu cinayətin içində olduğuna sübutdur

Alqı-satqı müqaviləsi bağlandıqdan  sonra alqı-satqı müqaviləsi əsasında MTK-nın payçı olaraq bu dəfə mənimlə müqavilə bağlanması üçün alqı satqı müqaviləsini “Əzizbəyov” MTK-nın ofisinə (komendanta) təqdim etmişəm ki, kooperativ rəhbərliyi mənimlə müqavilə bağlasın.  Həmin alqı-satqı müqaviləsinə baxan komendant Hakim məni mənzilə gətirib, mənzili təqdim edib, göstərib. Kirayədə yaşadığımı deyib, onun müşahidəsi və razılığı ilə  dərhal mənzildə zəruri təmirə icazə alıb başlatmışam. Mənzilin  çöl qapısını dəyişmişəm. Həmin günlərdə komendant dəfələrlə yanıma gəlib. 400 manat kommunal və lift xərclərini məndən nağd şəkildə alıb. Habelə şirinlik və MMC ilə müqavilənin bağlanmasını sürətləndirmək üçün əlavə 1500 manat alıb. Bu müddətdə mənzilin hansısa başqa bir şəxsə də satılması, habelə kooperativin mənimlə bağlayacağı müqavilə barədə ondan heç bir söz eşitməmişəm. 

                           Alqı-satqı müqaviləsi-2

Eyni mənzilin 2-ci sahibi də ortaya çıxdı

8 may 2023-cü ildə Rəşad adlı şəxs mənə zəng edib və deyib ki, mənzil ona da satılıb. Şikayət etmişik. Və qəribə hadisələr də bundan sonra başlayıb.

Komendant hüquq–mühafizə orqanlarının ilkin təhqiqatı zamanı əvvəlcə deyib ki, məni və Rəşadı ümumiyyətlə tanımır. Lakin sonra tanıdığını etiraf edib. Lakin dərhal da satın aldığım mənzilə mənim asdığım qapının üzərinə “mübahisəlidir” elanını vurub.

“Notariusun adını çəkmə” hədəsi ilə çıxış edən kimdir?

Hüquq mühafizə orqanları şikayətimiz əsasında təhqiqat başladıqdan sonra habelə notariusa müraciət edilib və notariusun alqı-satqı müqaviləsini, guya 2009-ci ildə hazırda mövcud olmayan “Etalon” şirkəti tərəfindən verildiyi göstərilən  saxta sənəd əsasında rəsmiləşdirdiyi şübhəsi meydana çıxıb. Əgər alqı-satqı şübhə doğuran sənəd əsasında aparılıbsa, notariusun qanunsuzluqda qəsdli iştirakı nəticəsi çıxır. Biz notariusa şikayət etdikdən sonra “Şahin” - Murad meydana çıxıb, əllərinin uzun olduğu, notariusdan şikayətimizin fayda verməyəcəyini, notariusun adını hallandırmamağı tələb edib. Burda ən maraqlı olan onun bizim notariusun yanına gedib irad bildirməyimizdən az sonra Şahinin bu məsələdə xəbər tutub, mənə zəng etməsi və hədələməsidir. Bu onun göstərici sayılmaya bilməz ki, notarius və “Şahin” əvvəldən tanışdırlar.

                    Cinayətkar dəstənin üzvü Xuraman Bağırova 


Akim Avdiyev deyib ki, o, sadəcə pullu xidmət göstərib


Ev alqı-satqısı ilə məşğul olan şirkət və onun nümayəndəsi elanı sadəcə vatsapdan şəbəkə sistemindən Şahin kimi tanıdıqları və Rusiya Federasiyasına məxsus telefon nömrəsi vasitəsi ilə əlaqə saxladıqları, əsl kimliyini və harada yaşadığını bilmədikləri Şahin adlı  şəxsin müraciəti əsasında yerləşdiklərini bildirib.

Mənzilin “rəsmi” sahibinin nümayəndəsi kimi təqdim edilən Akim Avdiyev deyib ki, o da Şahin və ya Murad kimi şifahi tanıdığı, əsl kimliyini bilmədiyi şəxsə sadəcə pullu xidmət göstərib, açarı gətirib. Mənzil sahibi bir qədər sonra yenə onu bizimlə alqı-satqı yerinə gətirən “baxıcı” qadınla başqa bir mənzili satdığı görüntülənib. Və nəhayət polisdə deyilib ki, mənzilin sahibi və onun baxıcısı peşəkar dələduz bacıdırlar. Və bu prosesin mən və Rəşaddan qeyri bütün iştirakçıları biri-birlərini əvvəldən tanıyıblar!

Peşəkar cinayətkar dəstənin fəaliyyəti ilə qarşı-qarşıya olduğumuz aydın görünür

Buradan çıxış edərək peşəkar cinayətkar dəstənin fəaliyyəti ilə qarşı-qarşıya olduğumuz aydın görünür. Göstərilən dəstənin hüquq-mühafizə orqanlarında himayəçiləri olması təəssüratını yaradan odur ki, 34-cü polis bölməsi 2 həftədən çoxdur ki, dəstə üzvlərini neytrallaşdırılmasını ləngidir. Artıq danışılır ki, haqqında danışılan mənzilin sahibi kimi keçən şəxs guya gizlənir. Onun axtarışa verilib-verilməməsi də məlum deyil.

25 ilin müəlliməsi ona dəymiş külli miqdarda zərərin ödənilməsini xahiş edib: “Mütəşəkkil cinayətkar dəstənin məsuliyyətə cəlb edilərək cəzalandırılmaları üçün daxili işlər naziri Vilayət Eyvazovdan, baş prokuror Kamran Əliyevdən kömək göstərmələrini xahiş edirəm”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR