İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qırğın törətdiyini etiraf edən polkovnikə yeni vəzifə verilir

Çingiz Qənizadə: “Onların cəzalandırılmasını Allahdan gözləyirik”

Bir neçə gündən sonra Rusiyada ən populyar idman növlərindən biri olan biatlon federasiyasının yeni prezidenti müəyyənləşəcək. Rusiya Biatlon İttifaqının  rəhbəri postuna iki namizəd mübarizə aparır: hazırkı prezident Viktor Maiqurov və vitse-prezident Aleksey Nujdov.

“Qazfond”da vitse-prezident postunu tutan 54 yaşlı polkovnik Nujdov xüsusi təyinatlılar tağımına komandirlik edib və keçmiş SSRİ-nin qaynar nöqtələrinə səfər edib. Haqqın.az xəbər verir ki, onun özü bu barədə danışıb. Nujdov deyib ki, silahdan istifadə etməli olduğu ilk ciddi ezamiyyət 1990-cı ilin 20 yanvarında Bakı olub: “Biz maşınla Çkalovski aerodromuna gəldik. Bizə dedilər ki, Bakıya reys olacaq, tapşırığı yerində öyrənəcəyik. Bir axşam bizi yığıb bildirdilər ki, şəhərdə vəziyyət ağırdır, iğtişaşlar var”, - deyə, o bildirib.

Nujdov deyib ki, tağımı “Kalaşnikov” avtomobili və snayperlə təchiz edilibmiş: "Körpüyə gəldik. Dəmir kuzovlu özüboşaldan yük maşını bizə doğru hərəkət edirdi.  Silahı götürdüm. Xəbərdarlıq atəşi açdım, amma maşın hərəkətə hələ də davam edirdi. Mən artıq növbətçi  döyüşçülərə avtomatik atəş əmri verdim", - deyə 20 Yanvar faciəsinin səbəbkarlarından biri fikrini yekunlaşdırıb.

Hadisənin üstündən 32 il keçsə də, bu cinayəti törədənlərlə bağlı cinayət işləri yarımçıq qalıb. Ölkəmizdə, “Beynəlxalq cinayətlərə görə ağırlaşdırıcı hallar üzrə cinayət hüquq normalarının geriyə şamil olunması haqqında” 2006-cı il Konstitusiya Qanunu qəbul olunub. Bu konstitusiya qanunu da cinayət hüquq normalarının geriyə şamil olunmasına kifayət qədər əsas yaradır. Bütün hallarda 20 Yanvar hadisələrinə görə təqsirli bilinən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar var (bununla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsində göstərilir ki, sülh və insanlıq əleyhinə cinayətləri... Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətləri törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq bu məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır).  Unutmaq olmaz ki, sovet qoşunlarının cinayətkar əməli nəticəsində 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Keçmiş sovet rəhbərliyi və hərbi xuntanın bu cinayətlə bağlı olan bütün heyətinin beynəlxalq cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər faktiki və hüquqi əsaslar mövcuddur. Azərbaycan bu adam haqda hansısa tədbirlər görə bilərmi?

Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan tarixinin qan yaddaşı olsa da, şanlı səhifələrindən biridir: “Çünki biz azadlıq uğrunda mübarizə aparırdıq. O zaman Azərbaycandakı milli azadlıq hərəkatını boğmaq üçün sovet imperiyası Azərbaycana qeyri-qanuni olaraq, cinayətə yol verərək qoşun yeritmişdi və dinc əhaliyə odlu silahlardan, hərbi texnikalardan atəş açmaq əmri verilmişdi. Bu isə cinayət idi. Şübhəsiz ki, milli azadlıq mübarizəsində qan-qadalar olur, azadlıq verilmir, azadlıq alınır. Bu yolda qurbanlar olur. Azərbaycan xalqı qurbanlar verərək azadlığa nail oldu. Bu mübarizənin 20 Yanvar mərhələsi Azərbaycan xalqının tarixinə xüsusi olaraq yazılıb. 20 Yanvarda insanların əlində silah yox idi. Silahsız insanlara qarşı qanunlara, insanlığa və beynəlxalq konvensiyalara zidd olaraq silah işlədildi, qırğın törədildi. Bu, insanlıq əleyhinə törədilən cinayətlər kateqoriyasına aid cinayət əməlidir. Bununla bağlı cinayət işi açılıb. İnsanlıq əleyhinə və sülh əleyhinə cinayətlərdə Cinayət Məcəlləsinə görə müddətin keçməsi məsələsi yoxdur. Azərbaycan hazırda bütün beynəlxalq konvensiyalara qoşulub. O cümlədən insanlıq və sülh əleyhinə cinayət törədənlər barəsində cinayət müddətinin olmaması ilə bağlı milli qanunvericiliyimizə beynəlxalq konvensiyalara uyğun maddələr daxil edilib. Odur ki, 20 Yanvar 1990-cı ildə Azərbaycan xalqına qarşı məlum cinayəti həyata keçirmiş şəxsləri qanuna görə istənilən vaxt həbs etmək olar. Sadəcə, hazırkı reallıqda o şəxslərin məsuliyyətə cəlb olunmasının perspektivini görmürəm. Aleksey Nujdov də o cinayəti törədənlərdən biridir. Başda o, vaxtkı SSRİ rəhbəri Mixail Qorbaçov, SSRİ Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin rəhbərliyindəki şəxslər və bu əmri icra edənlər hamısı cinayətkardırlar və məsuliyyət daşıyırlar. Təəssüf ki, onlara hüquqi cəza verməyə nail ola bilməmişik və nail olmaq perspektivi görünmür. Ona görə də onların cəzalandırılmasını Allahdan gözləyirik”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR