İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda önəmli tədbir: Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək- VİDEO

Dekabrın 21-də İqtisadiyyat Nazirliyi Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin, Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü il dönümünə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək.

Musavat.com xəbər verir ki,  tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edəcək.

Tədbirdə eyni zamanda PA-nın Maliyyə Ofisnin rəhbəri Prof.Dr. Göksel Aşan, Türkiyə Respublikasının Ticarət naziri cənab Prof.Dr. Ömər Bolat və Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov iştirak edəcəklər.  

Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq.

Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, “yaşıl” enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.

Bununla yanaşı, sahibkarlar arasında B2B görüşlər təşkil olunacaq.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyindən (TÜİB)  Musavat.com-a bildirilib ki,  Birlik fəaliyyətə başladığı gündən Azərbaycan ilə Türkiyə arasında sosial, mədəni və iqtisadi əlaqələrin inkişafına iki qardaş ölkənin dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Kənd təsərrüfatı və heyvandarlıq, tikinti, sənaye, ticarət, səhiyyə, turizm və s. sektorlarda aparıcı şirkətləri təmsil edir:

“Əsas məqsədimiz və vizyonumuz "Güclü iqtisadiyyat-Güclü dövlət" şüarı ilə iki ölkənin iqtisadiyyatının inkişafına və güclənməsinə töhfə verməklə, Azərbaycan və Türkiyə arasında ayrılmaz qardaşlıq körpüsünün təməl daşlarından birinə çevrilməkdir”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR