Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda “Hərbi əməliyyatların hüquqi aspektləri” mövzusunda kurs keçirilir.
NATO-nun mobil təlim qrupunun təlimatçıları tərəfindən keçirilən kursun əsas məqsədi Silahlı Münaqişələr Hüququnun yaranması və prinsipləri, güc tətbiq etmək üçün hüquqi çərçivə sənədi, sülhə dəstək əməliyyatlarının hüquqi aspektləri, əməliyyatlarda hədəf almanın hüquqi aspektləri, mülki əhalinin müdafiəsi, mədəni sərvətlərin qorunması, rəhbər heyətin məsuliyyəti, NATO missiyalarında qüvvələrin statusu və imtiyazları, həmçinin sülhməramlı əməliyyatlar zamanı beynəlxalq müqavilələr mövzularında təcrübələrin aşılanmasıdır. Yekunda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinqlər təqdim olunacaq, kursun iştirakçılarına sertifikatlar veriləcək.
Belə təlimlərin ordumuz üçün əhəmiyyəti nədən ibarətdir, yoxsa daha çox siyasi aspekt önəm kəsb edir?
“Azərbaycan xarici ölkələrlə və beynəlxalq təşkilatlarla çox uğurlu, qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir. Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə əməkdaşlıq bu baxımdan xüsusilə önəm kəsb edir”.
Səbinə Salmanova
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib. Onun sözlərinə görə, Azərbaycan dünyanın yüksək nüfuzlu siyasi-hərbi təşkilatı olan NATO ilə əməkdaşlığı uğurla inkişaf etdirir: “Sevindirici haldır ki, tarixi uzun illərə dayanan Azərbaycan-NATO münasibətləri qarşılıqlı etimad üzərində qurulub. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hərbi qüdrətimizin artması və xarici siyasətimizin möhkəmləndirilməsi məqsədilə atdığı uzaqgörən addımlardan biri məhz NATO ilə əlaqələri dərinləşdirmək idi. 1994-cü il mayın 4-də Belçikanın Brüssel şəhərində NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramının çərçivə sazişinin imzalanması ilə Azərbaycan-NATO münasibətlərinin beynəlxalq müstəvidə təməli qoyulub. Bununla da ölkəmiz NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrların hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazanıb. Azərbaycan elə ilk gündən bu proqrama qoşulmaqla özünü etibarlı və nümunəvi tərəfdaş kimi göstərməyə müvəffəq olub".
Deputat xüsusi vurğulayıb ki, 1999-2008-ci illərdə Azərbaycan NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak edib, 2008-ci ildə bu əyalətin öz müstəqilliyini birtərəfli şəkildə elan etməsindən sonra öz qüvvələrini oradan çıxarıb: “2002-ci ilin noyabrın 20-dən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22 nəfərlik heyəti Əfqanıstandakı əməliyyata cəlb olunub. 2008-ci ildə Əfqanıstanda xidmət edən Azərbaycan hərbçilərinin sayı 45 nəfərə çatdırılıb və bir il sonra bu rəqəm daha iki dəfə artırılıb. 2021-ci ilin avqustunda Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olub. Bu, bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.
Parlamentari bildirib ki, hərbi və təhlükəsizlik məsələləri ilə yanaşı, NATO-Azərbaycan əməkdaşlığı elm, təhsil kimi digər sahələrdə də uğurla inkişaf etdirilməkdədir: “Hazırda Bakıda keçirilən kursa gəldikdə, Azərbaycanla NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsində bu cür tədbirlərin çox böyük əhəmiyyəti var. Çünki hərbi əməliyyatlar zamanı beynəlxalq hüququn bütün norma və prinsiplərinin qorunması vacibdir. Ermənistan tərəfi Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə və 44 günlük Vətən müharibəsi zamanında beynəlxalq hüququn bütün norma və prinsiplərinə əməl etməyib. Onlar dinc əhalinin yaşadığı ərazilərə ağır artilleriyadan və qadağan olunmuş silahlardan atəş açmaqla günahsız insanları qətlə yetiriblər, evlərimizi atəşə tutublar. Bütün bunlar onların xislətindən xəbər verir. Azərbaycan həmişə beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirib. İstər Vətən müharibəsi, istərsə də birgünlük antiterror əməliyyatı zamanı ordumuz beynəlxalq hüququn bütün norma və prinsiplərinə əməl edib”.
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Azərbaycan-NATO əlaqələrinin durmadan sürətləndiyini söylədi: “Xatırlatma üçün bildirim ki, Azərbaycan NATO ilə uzun müddətdir əməkdaşlıq edir, müxtəlif proqram və tədbirlərdə birgə iştirak edib. NATO-Azərbaycan əlaqələrinin tarixinə qısa ekskursiya etsək görərik ki, bu əlaqələr dinamik və uğurla inkişaf etməkdədir. Azərbaycanın hədəflərindən biri də Silahlı Qüvvələrini NATO standartlarına çatdırmaq və döyüş qabiliyyətini daha da artırmaqdır. Bunun üçün qardaş Türkiyənin fəal dəstəyi öz müsbət nəticələrini verməkdədir.
Təbii ki, NATO standartı hərbi sahənin hərtərəfli təkmilləşdirilməsini də özündə ehtiva edir və odur ki, bunun üçün hüquqi bazanın təkmilinə də zərurət yaradır. Etiraf etmək lazımdır ki, Azərbaycan hərbi strukturları, mobilizasiya, qanunvericilik kimi sahələr uzun illər sovetlərdən qalmışdı və müasir təcrübəyə keçid müəyyən vaxt apardı. Fikrimcə, Müdafiə Nazirliyi ilə NATO arasında cari il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən Bakıda kurs və təlimlərin keçirilməsi hüququ bazanın möhkəmləndirilməsində müsbət rol oynayacaq. Həm də NATO təcrübəsinin hərtərəfli və dərindən öyrənilməsinə imkanlar qazandıracaq. Azərbaycanın qəbul etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında Avroatlantik məkana inteqrasiyası və müdafiə qabiliyyətinin daha da artırılması, həmçinin ordunun modernizasiyası kimi məsələlər də əksini tapıb. Nəzərə almaq lazımdır ki, NATO hərbi-siyasi ittifaqdır və fəaliyyətində paralellik həmişə mövcud olub".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
23 Fevral 2025
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ