Onlayn ictimai-siyasi qəzet
2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi münasibətdə olduğu Elnaz Sadıqova ilə mübahisə edərkən üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə dörd dəfə zərbə vurub. Ağır yaralanan qadın iki gündən sonra müalicə aldığı Sabunçu Tibb Mərkəzində həyatını itirib.
Sultan Feyzullayev ifadəsində göstərib ki, son 7-8 ildə taksi fəaliyyəti ilə məşğul olub. 2020-ci ildə müştəri kimi taksiyə əyləşmiş Elnaz Sadıqova ilə tanış olub. Həmin vaxtdan da onunla görüşməyə başlayıb. Ərindən boşanan Elnaz bir müddətdən sonra fikrinin ciddi olmasını və onunla ailə qurmaq istədiyini deyəndə ona ailəli olduğunu bildirib.
Sultan Feyzullayev Elnazın anası Elmira Sadıqovanın razılığı ilə onunla molla kəbini kəsdirib. Qadının bütün maddi ehtiyaclarını, o cümlədən evin kirayə və digər xərclərini də ödəyib. O, həm Elnazla, həm də rəsmi nikahda olduğu arvadı Pərvinlə yaşayıb. Təxminən iki ildən sonra Elnazın anası qızı ilə münasibətlərini rəsmiləşdirməsini istəyib. Elnaz onun mobil telefonundan arvadı Pərvinə zəng vurub, aralarında olan münasibət barədə danışıb. Bundan sonra Sultanın rəsmi həyat yoldaşı Pərvin uşağı götürərək evdən gedib. Daha sonra arvadına Elnazla münasibətlərini kəsəcəyinə söz verdiyi üçün Pərvin ərinə inanaraq evə qayıdıb.
Sentyabrın 7-də Elnaz zəng vuraraq rayona getmək istədiyini və artıq onunla bir yerdə yaşamaq istəmədiyini söyləyəndə Sultan buna etiraz edib. Növbəti gün Sultan Elnazın yaşadığı evə gedib söhbət edəndə Elnaz onun rəsmi həyat yoldaşı Pərvinin ünvanına nalayiq ifadələr işlədib. Sultan Feyzullayev bu sözlərdən sonra üzərində olan bıçağı çıxarıb qadına zərbələr endirib.
Cinayət işinin gedişində məhkəmə hesab edib ki, Sultan Feyzullayevə Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Sultan Feyzullayev 9 il müddətinə azadlıqdan məhrum olunub.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ