İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Xankəndi danışıqları: beynəlxalq mexanizm nədir, kiminlə masaya oturmalı?

Ekspertlərə görə, Qriqoryanın dəm vurduğu o beynəlxalq mexanizm özləri üçün daha əlverişli geosiyasi reallıq yarananadək danışıqları uzatmaqdan başqa bir şey deyil

“Ermənistan Stepanakertlə (Xankəndi-red.) Bakı arasında danışıqların beynəlxalq - görünən mexanizm çərçivəsində aparılmasına tərəfdardır. Ermənistan bu mexanizmin işləməsi üçün öz beynəlxalq tərəfdaşları ilə işi davam etdirir.

Bu mexanizm sülh müqaviləsində nəzərdən keçirilə bilər ki, danışıqlar buna əsasən aparılır. Bu, digər beynəlxalq strukturlar və ya başqa bir format ola bilər. Hələlik konkret deyil, bu, müzakirə mövzusudur, aydın olması üçün müzakirəni davam etdirməliyik”. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Qriqoryan “müzakirə olunan və yayılan mətndə Qarabağın adı çəkilirmi” sualına müsbət cavab verib. Lakin Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bu sənədin hələ yekun sənəd olmadığını nəzərə almaq vacibdir, danışıqlar aparılır.

Qeyd edək ki, Qarabağ separatçıları iyerarxiyasında ikinci şəxs - “dövlət naziri” Ruben Vardanyanın Xankəndini tərk edib bir daha qayıtmayacağı haqda iddialar doğrulmayıb. Yenidən peyda olan Vardanyan Azərbaycan əleyhinə ifadələr yer alan nitqlə çıxış edib. Erməni mənbələrinin məlumatına görə, “Dağlıq Qarabağ Təhlükəsizlik Şurasının” keçmiş “katibi”, yanvarın əvvəllərində vəzifədən azad edilmiş Vitali Balasanyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Xankəndidə ona qarşı cinayət işi açılıb, - “Pastinfo” belə yazır. İddialara görə, o, 2020-ci ildən sonra Bakıdan müxtəlif rəsmi şəxslərlə bir neçə görüşdə iştirak edib. Bu şəxsə qarşı cinayət işi açılması onun Qarabağ elitası daxilindəki bütün gələcək siyasi hadisələrdən və rəsmi Bakı ilə mümkün danışıqlardan xaric edilməsi deməkdir.

Ruben Vardanyanın Moskvaya ehtimal olunan gizli səfəri, Vitali Balasanyana qarşı repressiya və separatçıların hakimiyyətinin böhran vəziyyətində fəaliyyət göstərməyə hazır rejimə gətirilməsi separatçıların hansısa “X” saatına hazırlandığını göstərir. Araik Arutyunyanın Dağlıq Qarabağın Azərbaycanın tərkibindən ayrılmasını müdafiə edən “Qarabağ” hərəkatının 35 illiyinin qeyd edilməsi ilə bağlı “sərəncamı” da o deməkdir ki, erməni cəmiyyəti qarşıdurma və sülh prosesinin pozulması kursunu davam etdirir.

Qarabağı Ermənistanla danışıqların gündəliyindən çıxarmaq ciddi uğurumuz idi. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə yenidən “Bakı ilə Xankəndi arasında danışıqlar mexanizmi”ndən və bunun sülh müqaviləsində şərt kimi ola biləcəyinə işarə edir. Bəzi iddialara görə, bu məsələdə Bakı zamanı boşa buraxır. Bu boşluğu “Vardanyanla danışıqlar olmayacaq”, “Araik kimdir ki...” məntiqi ilə sürdürməklə proses çıxılmaz nöqtəyə gələ bilər. Ermənistanın yenidən sülhə “Qarabağ şərti” qoşması və “danışıqlarda beynəlxalq mexanizm yaradılması” nə deməkdir? Bakı radikallarla danışıqlar masasına oturmaq istəmirsə, o zaman kimlə danışmalıyıq?

Deputat Sahib Alıyev  dedi ki, Qriqoryan və digərləri də gözəl bilirlər ki, əgər Prezident İlham Əliyev deyibsə ki, Qarabağdakı hayların məsələsi Azərbaycanın iç işidir, onların hüquq və təhlükəsizlikləri konstitusiyamıza uyğun olaraq təmin ediləcək bu mövqedən geri çəkilməyəcək: “Söhbət burada hətta ondan da getmir ki, dövlət başçımız Qarabağ məsələsində qarşı tərəfdəkilərdən və olanlara havadarlıq edənlərdən fərqli olaraq öncədən hansı mövqe ortaya qoyubsa, sonadək həmin mövqedə qalıb. Məsələ burasındadır ki, Azərbaycanın mövqeyi tam beynəlxalq normalara və indiki reallığa əsaslanır. Qriqoryanın dəm vurduğu o beynəlxalq mexanizm və sair özləri üçün daha əlverişli geosiyasi reallıq yarananadək danışıqları uzatmaqdan başqa bir şey deyil”.

Sahib Alıyev (siyasətçi) — Vikipediya

Sahib Alıyev 

S.Alıyev bildirdi ki, Ermənistanın indiki hakimiyyəti sələflərinin torpaqlarımız işğal altında olduğu vaxt yeritdiyi siyasəti təkrarlayırlar: “Onlara da deyirdilər ki, gözləyin, vaxt sizin xeyrinizə işləyir, sonra bunun bəhrəsini həm özləri, həm də indikilər gördülər. O ki qaldı Qriqoryanın danışıqlara bağlı sənədlərdə Qarabağın adının çəkildiyini təsdiqləməsinə, bu, mümkündür. Yəqin öz təkliflərində Qarabağda Qriqoryanın həmin haqqında danışdığı o beynəlxalq mexanizmin tətbiqindən dəm vururlar, Azərbaycan da öz düzəlişlərində bunu rədd edir. Yəni ortadakı sənədlərdə Qarabağın adının çəkilməsi danışıqları uzatmaqdan başqa haylara yaxşı nəsə vəd etmir”.

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC

Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli də mövzu ilə bağlı maraqlı fikirlər söylədi: “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "Bakı ilə Xankəndi arasında danışıqların beynəlxalq - görünən mexanizm çərçivəsində aparılması" barədə sərsəmləmələri, 10 noyabr 2020-ci ildən bəri imzalanan heç bir sənədə, o cümlədən dövlətlərin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüklərini tanımaları barədə bəyanat və bəyannamələrə uyğun deyil. Beynəlxalq hüquqda “beynəlxalq - görünən mexanizm” deyilən bir anlayış yoxdur. Bu, ilk dəfə Ermənistanın baş naziri tərəfindən səsləndirilən və sonradan sözügedən ölkənin rəsmilərinin “termin” kimi istifadə etdikləri, daha doğrusu, tutuquşu kimi təkrarladıqları bir ifadədir. Daha öncə bu ifadənin nisbətən geniş forması Nikol Paşinyanın açıqlamasında da yer alıb. Ermənistanın baş naziri hesab edir ki, “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin olunması mexanizmləri aydın görünməlidir və bu mexanizmlərin işlək olacağına beynəlxalq təminat verilməlidir”.

Bu isə o deməkdir ki, Azərbaycanın Ermənistanla imzalayacağı sülh müqaviləsində, hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan ərazilərimizdə yaşayan ermənilərin hüquq və təhlükəsizliyinə təminat verən müddəalar konkret yer almalı və bu müddəaların həyata keçiriləcəyinə Azərbaycanla yanaşı hansısa ölkələr zəmanət verməlidir. Daha doğrusu, Azərbaycan həm Ermənistanın, həm də rəsmi İrəvanın bir qayda olaraq gündəmə gətirdiyi, artıq ömrünü başa vurmuş Minsk Qrupunun həmsədri olan ölkələrin qarşısında öz ərazilərində yaşayan etnik ermənilərlə bağlı öhdəliklər götürməlidir. Bu isə o deməkdir ki, erməni separatçıları ilə bağlı məsələ daim ayrı-ayrı dövlətlərin ölkəmizə təzyiq göstərmələri üçün açıq qalır və onlar istədikləri zaman separatçılar vasitəsilə təxribatlara əl ataraq, ölkəmizi basqı altında saxlayır. Yəni özünü “ağıllı” hesab edən bu dığa sürüsü hesab edir ki, onlarla sülh müqaviləsi imzalamaq üçün başımızı əbədilik boyunduruğa salmalıyıq". E.Mirzəbəyli qeyd etdi ki, bu “ideya”ların Paşinyanın başının məhsulu olmadığı hər kəsə bəllidir: “Zərrə qədər də şübhə etmirəm ki, "görünən beynəlxalq mexanizm" səfsəfəsi Qərbdən, Fransadan ötürülüb. Çünki Rusiya Cənubi Qafqaza regiondankənar qüvvələrin cəlb edilməsində maraqlı deyil. Bu baxımdan da Ermənistanın və himayəçilərinin bu sərsəmləmələri istisnasız olaraq, Azərbaycan tərəfindən qəbul edilməyəcək. Ona görə ki, belə bir mexanizm, bütövlükdə ölkənin suverenliyini zərbə altına ata bilər və bu, Azərbaycan Respublikası Konstitusiyasının, Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının, hətta ümumxalq səsverməsi ilə dəyişdirilməsi mümkün olmayan müddəalarına aiddir. Digər tərəfdən, rəsmi Bakı ilə Azərbaycan ərazilərində yaşayan ermənilərlə, onların gələcəyi ilə bağlı ölkə konstitusiyası çərçivəsində müzakirələrin aparılması, yalnız o halda mümkündür ki, həmin ərazilərdə Azərbaycan qanunvericiliyinə tabe olan legitim mexanizmlər formalaşdırılsın. Bu legitim mexanizmlərin formalaşmasına nəzarət Azərbaycanın dövlət orqanları tərəfindən həyata keçirilməli, hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan ərazilərin etnik mənsubiyyətindən asılı olmayaraq, bütün sakinləri bu prosesdə iştirak etməlidir. Bunun hər hansı başqa mexanizmi yoxdur". Siyasi şərhçi qeyd etdi ki, Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsas şərtləri rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, suverenliyini istisnasız olaraq tanıması, ölkəmizə qarşı ərazi iddialarından əl çəkməsidir: “Belə olduğu təqdirdə, həmin sənəddə hansı məntiqlə Azərbaycan ərazilərinin bir hissəsində yaşayan ermənilərlə bağlı müddəalar yer ala bilər? Əgər belə bir müddəa, yaxud müddəalar yer alacaqsa, bu o deməkdir ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, suverenliyini tanıyacağı, ərazi iddiaları ilə çıxış etməyəcəyi barədə müddəalar söz yığınıdır. Çünki həmin sənəddə Azərbaycan ərazilərinin bir hissəsi və bu ərazilərdə yaşayan insanlarla bağlı ifadələrin yer alması, artıq Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması deməkdir. İndiki şəraitdə Ermənistan və himayəçiləri çalışırlar ki, ölkəmizə qarşı total təzyiqləri stimullaşdırmaqla bizi suverenliyimizi şübhə altına alan iddialarla razılaşmağa məcbur etsinlər. Təbii ki, bunun mümkün olmayacağını da çox yaxşı bilirlər və bu baxımdan da sözügedən "ideya"lardan prosesin mümkün qədər, bölgədə ümid etdikləri reallıqlar yarananadək uzadılmasına cəhd göstərirlər".

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR