Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və İran arasında son illərdə mövcud olan gərginliklərin geridə qalması və normal münasibətlərin qurulmasına yönəlik qarşılıqlı addımların atılması Ermənistanda ciddi narahatlıq doğurub. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri və dövlət başçımız İlham Əliyevlə görüşü, imzalanan sənədlər və səslənən bəyanatlar da erməniləri xeyli narahat edib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İrana səfəri, Tehran Dialoq Forumu çərçivəsində keçirdiyi mühüm görüşlər, həmçinin açıqlamaları da müzakirə mövzusudur. H.Hacıyevin Azərbaycanla İran arasındakı münasibətlərin inkişaf dinamikası barədə müsbət fikirləri diqqət çəkir.
Ermənistan Bakı-Tehran yaxınlaşmasından əndişə duysa da, Azərbaycan dövlətinin yürütdüyü siyasətin regiona yalnız və yalnız sülh vəd etdiyi bir daha aydın olur. “Tasnim”ə müsahibəsində H.Hacıyev bildirib ki, Ermənistanla de-fakto sülh mövcuddur. “Ermənistanla münasibətlərin normallaşdırılması xüsusunda sülh müqaviləsinin əsasını təşkil edən beş prinsip və hətta bu sənədin mətni də Bakı tərəfindən, Azərbaycan tərəfindən tərtib olunaraq Ermənistan tərəfinə təqdim edilib. Bu, Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq olduğunun, nə qədər dəstəklədiyinin növbəti bariz təcəssümüdür”, - o bildirib. (Report.az) Eyni zamanda Prezidentin köməkçisi Bakı və İrəvan arasında sülh müqaviləsi mətni üzrə işin yekunlaşdığını xatırladıb: “Müsbət bir haldır ki, sülh müqaviləsinin mətni yekunlaşıb. Amma bununla bərabər, Ermənistanla ikitərəfli əsaslarda olan açıq məsələlər var. Biz düşünürük ki, Ermənistan konstitusion əsasda Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalıdır ki, regionda davamlı, qəti sülhə biz nail olaq”. H.Hacıyevin fikrincə, hazırda Cənubi Qafqaz regionunda sülh üçün əlverişli şərtlər formalaşıb: “Amma məmnunluqla deyə bilərik ki, Azərbaycanla Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana bu gün regionda sülh üçün ideal şərait yaranıb. Həqiqətən, regionda sülh var, sabitlik var. Hətta deyə bilərik ki, de-fakto regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması istiqamətində də Azərbaycan öz üzərinə düşəni edəcək ki, regionda tam şəkildə qəti sülh bərqərar olsun”.
Xatırladaq ki, bu ilin fevralında Tehrana səfər edən H.Hacıyev Azərbaycan və İran arasında qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunduğunu açıqlamışdı. “Tehrana səfər çərçivəsində İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Dr. Mehdi Sanai və xarici işlər naziri cənab Abbas Araqçı ilə səmərəli müzakirələr apardıq. Azərbaycan-İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı”, - Prezidentin köməkçisi qeyd etmişdi. Eyni zamanda 3+3 regional formatı, Qoşulmama Hərəkatı (NAM), İslam Əməkdaşlıq Təşkilatı (OIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın müzakirə edildiyi də açıqlanmışdı. Eyni zamanda H.Hacıyev vurğulamışdı ki, Ağbənd-Naxçıvan və Şimal-Cənub nəqliyyat dəhlizləri iki ölkənin ortaq maraqlarına xidmət edən vacib regional və transregional layihələr kimi mühüm əhəmiyyətə malikdir. Ötən müddət ərzində Araz çayı üzərindən atılan körpü vasitəsilə Azərbaycan Respublikası ilə Naxçıvan bölgəmiz arasında quru əlaqənin yaradılması istiqamətində xeyli işlər görülüb, bu zaman İran və Azərbaycan rəsmilərinin görülən işlərlə tanışlıq məqsədilə bölgəyə səfəri də təşkil olunub.
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla geniş tərkibdə görüşdə bildirmişdi ki, həmkarının səfərinə çox böyük əhəmiyyət verir. “Əminəm ki, bu səfərin tarixi əhəmiyyəti olacaq. Biz bu gün Sizinlə məhdud tərkibdəki görüşdə bir çox məsələləri müzakirə etdik və görürük ki, əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var. Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır. Ümid edirəm ki, bu gün müzakirə olunan və olunacaq məsələlər, verəcəyimiz tapşırıqlar bizim əlaqələrimizi daha da gücləndirəcək”, - Prezident demişdi.
Eyni zamanda Prezident Məsud Pezeşkian da “Ümid edirəm ki, bizim burada iştirakımız, həmçinin daha əvvəl keçirilən iclaslarda mütəxəssislərimiz tərəfindən hazırlanan razılaşmalar və bundan sonra imzalanacaq sazişlər Azərbaycanla, əziz, dost, qardaş və demək olar ki, həm də qohum Azərbaycan xalqı ilə əlaqələrimizdə daha geniş addımlarla irəliləyişin başlanğıcına çevriləcək, bölgədə münasib əməkdaşlıq nümunəsinin formalaşmasına səbəb olacaq. Ali Rəhbərin salamını Sizə çatdırmağı özümə borc bilirəm”, - söyləmişdi.
Amma bu da faktdır ki, İrandakı səfirliyimizə qarşı terror aktı törədən şəxs hələ də cəzasını almayıb, bu da Azərbaycanı narahat edir. Digər bir sıra məsələlər də var. Məsələn, İranın Zəngəzur dəhlizinin açılmasına açıq və gizli maneəsi də ortadan qalxmayıb. Bəs Prezidentin köməkçisi Hikmət Hacıyevin İrana səfəri, aparılan danışıqlardan sonra İran-Azərbaycan münasibətlərinin perspektivi barədə nələr demək olar? Son qarşılıqlı səfərlər iki ölkə arasındakı problemlərin keçmişdə qalacağı qənaətini yaradırmı? Eyni zamanda Ermənistanla de-fakto sülhün de-yure sülhə çevrilməsi real görünürmü? İranın bu prosesə qatqısı gözlənilirmi, yoxsa əksini müşahidə edə bilərik? Bu suallarla ekspertlərə müraciət etdik.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan-İran münasibətlərində ciddi dəyişikliyi müşahidə edirik və bu dəyişiklik müsbət istiqamətdədir: “Azərbaycan bütün qonşularla dostluq və əməkdaşlıq tərəfdarıdır. İran Prezidenti Pezeşkianın Azərbaycana rəsmi səfərindən sonra münasibətlər yeni müstəviyə keçib. Prezidentin köməkçisi Hikmət Hacıyevin Tehran Dialoq Forumunda iştirakı və panellərdən birində etdiyi çıxışı da onu göstərir ki, iki dövlət arasında münasibətlərdə müsbət tendensiya davam edəcəkdir. Bununla belə, Azərbaycanla İran arasında müəyyən məsələlərdə fərqli yanaşmalar qalmaqdadır. İran həmçinin Ermənistanla müttəfiqlik münasibətindədir. Azərbaycanla Ermənistan arasında sülh proseslərinin dərinləşməsinə İran töhfə verə bilər. Ermənistanla olan sıx əlaqələri ona belə bir imkan verir. Ümid edək ki, İran bu imkandan regionda sülhün dərinləşməsi üçün istifadə edəcək”. O ki qaldı Ermənistanla de-fakto sülhün olmasına dair Prezidentin köməkçisinin fikirlərinə, S.Məmmədov bu fikirlə razı olduğunu vurğuladı: “Ara-sıra Ermənistan atəşkəsi pozsa belə, hər halda, sülh prosesləri və sülh danışıqları bu və ya digər şəkildə davam edir. Albaniyada cənab İlham Əliyevlə Paşinyanın qısa görüşünü, ayaqüstü təmaslarını da bu prosesin tərkib və vacib elementi hesab edirəm. İstənilən görüş, təmas, xüsusilə yüksək səviyyəli təmaslar prosesin müsbət istiqamətdə getməsinə təkan verir. Ermənistan rəhbərliyi kənar təsirləri və daxili müqaviməti dəf edə bilsə, bu il hansısa aralıq nəticələr əladə etmək mümkün ola bilər”.
Tural İsmayılov
Politoloq Tural İsmayılov iki qonşu ölkə arasındakı təmaslarla bağlı nikbin fikirlər söylədi: “Hikmət Hacıyevin İrana səfəri Azərbaycan-İran münasibətlərində yeni bir dinamikanın formalaşdığını göstərir. Bu səfər iki ölkə arasında son dövrlərdə müşahidə olunan gərginliyin azaldılması və qarşılıqlı etimadın bərpası istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Azərbaycan tərəfi İranla münasibətləri yalnız ikitərəfli deyil, həm də regional təhlükəsizlik kontekstində strateji baxımdan önəmli hesab edir. Son aylarda baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər Bakı ilə Tehran arasında siyasi dialoqun intensivləşdiyini və problemlərin açıq şəkildə müzakirə olunduğunu göstərir. Xüsusilə enerji, ticarət və nəqliyyat sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Bununla belə, İran daxilindəki bəzi dairələrin Azərbaycana qarşı sərt ritorikası və qeyri-konstruktiv davranışları münasibətlərin tam normallaşmasına mane olan əsas amillərdən biri olaraq qalır”. Ekspert hesab edir ki, İran-Azərbaycan münasibətlərinin gələcək perspektivləri ehtiyatlı optimizmlə dəyərləndirilə bilər: “Hazırda tərəflər arasında birbaşa toqquşma riski azalsa da, strateji maraqların toqquşduğu məqamlar qalmaqdadır. Azərbaycan üçün İranla münasibətlərdə əsas prioritet regional sabitlik və iqtisadi əməkdaşlıqdır. İran isə Cənubi Qafqazda təsir imkanlarını qorumağa çalışır və bu, bəzən Bakı ilə Tehran arasında ziddiyyətlərə səbəb olur”.
T.İsmayılov qeyd etdi ki, Ermənistanla sülh prosesi kontekstində Hikmət Hacıyevin “de-fakto sülh” ifadəsi mövcud vəziyyəti düzgün əks etdirir: “Hazırda regionda hərbi eskalasiya ehtimalı minimaldır, lakin sülhün de-yure rəsmiləşməsi üçün hələ bir sıra siyasi və hüquqi maneələr mövcuddur. Ermənistanın konstitusiya və qanunvericilik səviyyəsində dəyişikliklərə getməsi, eləcə də kommunikasiyaların tam açılması bu prosesin əsas şərtləridir. İranın sülh prosesinə real töhfə verib-verməyəcəyi isə hələ də açıq sual olaraq qalır. Tehran əsasən regionda öz maraqlarını qorumağa üstünlük verir və Zəngəzur dəhlizi məsələsində ehtiyatlı mövqe nümayiş etdirir. Hələlik Tehranın bu məsələdə mövqeyində ciddi dəyişiklik müşahidə olunmur”. Siyasi ekspert bildirdi ki, Azərbaycan üçün İranla münasibətlərin normallaşması regional sabitlik baxımından vacibdir: “Bakı praqmatik siyasət yürüdərək problemləri dialoq və əməkdaşlıq yolu ilə həll etməyə çalışır. İranla münasibətlərin dərinləşdirilməsi Azərbaycanın regional liderlik iddialarını gücləndirir və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirir. Nəticə etibarilə, qarşılıqlı səfərlər və dialoqun intensivləşməsi problemlərin tam həllinə zəmanət verməsə də, yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. İran-Azərbaycan münasibətlərinin gələcəyi tərəflərin praqmatik yanaşmasından və regional maraqların balanslaşdırılmasından asılı olacaq. Azərbaycanın bu prosesdə aktiv və təşəbbüskar mövqeyi ölkəmizin strateji maraqlarının qorunmasına xidmət edir”.
E.PAŞASOY,
“Yeni Müsavat”
ŞƏRHLƏRŞƏRH YAZ