İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Suriyadan Yaxın Şərq arenasına çıxır

Deputat: “Azərbaycan artıq yalnız regional dövlət deyil, “regional-plus” - yəni daha geniş coğrafiyada maraq və təsir sahəsi olan dövlət kimi dəyərləndirilməlidir”

Azərbaycan ənənəvi olaraq Antalya Diplomatik Forumunun işində iştirak edir. Azərbaycan diplomatiyası üçün “Antalya 2025"in həm də mühüm dönüş nöqtəsi olmaq şansı var.  Azərbaycan artıq sözdə deyil, əməldə özünün "orta gücə malik dövlət" və yeni məkanda - Suriya və  Yaxın Şərqdə əsas oyunçulardan olduğunu  bəyan edir.

Antalya Forumunda Azərbaycan və Türkiyə prezidentlərinin arasında aparılan danışıqlar xüsusi diqqətə layiqdir. Aydındır ki, iki ölkə arasında həqiqətən də qardaşlıq münasibətlərini nəzərə alsaq, belə bir görüş özlüyündə gözləniləndən də artıq hadisədir. Bununla belə, danışıqlarda müzakirə edilən mövzular arasında təkcə Cənubi Qafqaz deyil, Yaxın Şərq də olub  ki, bu da özlüyündə diqqəti daha çox cəlb edir. O cümlədən Türkiyə ilə İsrail arasında aparılan danışıqlarda ölkəmizin rol oynaması barədə bəyanatları da xatırlamaq lazımdır. 

Antalyada İlham Əliyevlə Suriyanın keçid prezidenti Əhməd əl-Şaara arasında ilk görüş də xüsusilə diqqətəlayiqdir. Danışıqlar zamanı Azərbaycan Prezidenti xatırladıb ki, baş verən dəyişikliklərdən sonra ən qısa zamanda Azərbaycan nümayəndə heyəti bu ölkəyə göndərilib, Əsəd rejiminin siyasəti nəticəsində uzun müddət fəaliyyətsiz qalan Azərbaycanın Suriyadakı səfirliyi yenidən fəaliyyətini bərpa edib. Prezident Azərbaycanın Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində iştirak etməyə hazır olduğunu bir daha qeyd edib. Əhməd əl-Şaara öz növbəsində Azərbaycan tərəfinin dəstəyinə görə dövlət başçısına minnətdarlığını bildirib, Azərbaycanın Suriyaya gələcəkdə - enerji, infrastruktur və təhlükəsizlik sahələrində dəstəyinin vacibliyini qeyd edib. Ən əsası isə görüş zamanı Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı müzakirə olunub. Artıq yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin, işgüzar dairələrin nümayəndələrinin ölkələrimiz arasında qarşılıqlı səfərləri barədə razılıq əldə olunub. Əhməd əl-Şaara da Azərbaycana səfərə dəvət alıb.

Lakin rəsmi açıqlamanın quru xətlərinin arxasında genişmiqyaslı geosiyasi “dəyişikliklər” var. Suriya daha geniş mənada Yaxın Şərq regionudur ki, son vaxtlara qədər Azərbaycanın ciddi təsirindən və hadisələrdə hər hansı rolundan söhbət getmirdi. Amma bu gün rəsmi Bakı qardaş Türkiyə ilə səylərini sıx əlaqələndirərək artıq özü üçün yeni məkanda ən fəal və görünən oyunçulardan birinə çevrilir. Üstəlik, bu, çox maraqlı fonda baş verir. İlham Əliyevlə danışıqlar zamanı Əhməd əl-Şaara Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyinə əmin olmaqla yanaşı, həm də bu məsələyə xarici amillərin təsirindən narahatlığını ifadə edib.

Əsədin dövründə İran Suriyada İsrailə qarşı infrastruktur inkişaf etdirir, Rusiya Türkiyəyə yönəlmiş bazalarını canlandırır, ABŞ isə əsasən kürdlər vasitəsilə hərəkət edərək ölkədəki mövqelərini gücləndirməyə çalışırdı. Bundan əlavə, israillilər mütəmadi olaraq İranın hərbi obyektlərinə zərbələr endirirdilər.

Amma indi Suriyada artıq Əsəd sükan arxasında deyil. Ölkənin yeni hakimiyyət orqanları onun suverenliyini bərpa etməkdə qərarlıdır. Və bu prosesdə Türkiyə və Azərbaycan mühüm rol oynayacaq. Bu o deməkdir ki, Azərbaycan diplomatiyası prinsipcə, yeni səviyyəyə qalxır. Ölkəmiz son vaxtlara qədər faktiki olaraq heç kimin səsimizi eşidəcəyini gözləmədiyi bölgələrdə və proseslərdə bəyanatlar verir. Və bu gün artıq reallıqdır.

Azərbaycan nəinki öz ərazi bütövlüyünü bərpa etdi və bir çox postsovet dövlətlərinin, sadəcə olaraq, həll edə bilmədiyi problemi həll etdi - ölkəmiz dövlət yetkinliyinin ən çətin sınağından keçdi və hər mənada “növbəti siyasi liqada” özünə yer qazandı. Bunu Prezident İlham Əliyevin Antalyada keçirdiyi görüş və danışıqlar da təsdiqləyib.

Antalya Diplomatik Forumu başa çatdıqdan iki gün sonra - aprelin 15-də isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani arasında telefon danışığı olduğu və danışıqlarda əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edildiyi barədə xəbər yayılıb. Bu barədə məlumatı “Sana” agentliyi məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə fəaliyyətlərin əlaqələndirilməsinin vacibliyini də vurğulayıblar.

“Nazirlər Suriya hökumətinin ölkənin bərpası və enerji sektorunda sabitliyin əldə edilməsi istiqamətində göstərdiyi səylərin dəstəklənməsinin mühüm olduğunu bildiriblər. Eyni zamanda siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər. XİN başçıları qurumlar arasında əlaqə kanallarının aktivləşdirilməsi və müxtəlif səviyyələrdə səfərlərin təşviq edilməsinin  zəruriliyini vurğulayıblar”, - agentlik bildirib.

Bütün bunlar onu deməyə əsas verirmi Azərbaycan Suriyadan Yaxın Şərq arenasına çıxır? Azərbaycan artıq Cənubi Qafqaz regionundan daha böyük regionu əhatə edən diapazonda fəaliyyət göstərən dövlət olaraq qəbul edilməlidirmi?

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Antalya Diplomatik Forumu Azərbaycanın beynəlxalq siyasətdə yeni bir mərhələyə qədəm qoyduğunu göstərdi: “Prezident İlham Əliyevin Suriyanın yeni rəhbəri Əhməd Əl-Şaraa ilə görüşü, ardınca isə xarici işlər naziri Ceyhun Bayramovun telefon danışığı Bakının Cənubi Qafqaz çərçivəsini aşaraq daha geniş coğrafiyada-konkret olaraq Yaxın Şərqdə-diplomatik fəaliyyətini gücləndirdiyini göstərir. Azərbaycanın Suriyada baş verən siyasi dəyişikliklərə bu qədər çevik və diplomatik baxımdan aktiv reaksiya verməsi təsadüfi deyil. Son illər ərzində Azərbaycan regional və qlobal təşəbbüslərdə, o cümlədən enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, qlobal Cənub-Şimal əməkdaşlığı və beynəlxalq sülh təşəbbüsləri sahəsində özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Suriyanın yenidənqurma prosesi, regiondakı güc balansının dəyişməsi və bu ölkənin beynəlxalq sistemə reinteqrasiyası dövründə Bakı öz yerini indidən müəyyənləşdirmək istəyir”.

Deputat qeyd etdi ki, Azərbaycan artıq təkcə Cənubi Qafqazın regional gücü deyil, 44 günlük Vətən müharibəsindən sonra yaranan reallıqlar və Azərbaycanın beynəlxalq platformalarda artan çəkisi onun fəaliyyət dairəsini genişləndirib. Mühüm beynəlxalq tədbirlərə ev sahibliyi, Qoşulmama Hərəkatı çərçivəsində fəallıq və BMT-dəki təşəbbüslər bu tendensiyanı daha da gücləndirib: “Yaxın Şərqə yönəlik bu diplomatik aktivlik həm də Azərbaycanın enerji diplomatiyası, ərəb ölkələri ilə iqtisadi əlaqələri və islam dünyasındakı nüfuzu ilə birbaşa əlaqəlidir”.

E.Mirzəbəylinin sözlərinə görə, İlham Əliyev-Əl-Şaraa görüşü və Bayramovun telefon danışığı eyni zamanda bir sıra beynəlxalq mesajlar daşıyır: “Bakı göstərir ki, regional məsələlərdə söz sahibidir və vasitəçi rolunu oynaya bilər. Azərbaycanın Suriyaya yönəlik mövqeyi BMT-nin ərazi bütövlüyü prinsipləri ilə uzlaşır və bu, Qarabağ məsələsində göstərilən prinsipiallığın davamıdır. Bakı artıq təkcə Cənubi Qafqazın deyil, həm də Yaxın Şərqin geosiyasi mozaikasında mühüm oyunçudur. Bu proses sistemli yanaşmanın, strateji planlaşdırmanın və çevik diplomatiyanın nəticəsidir. Azərbaycanın yaxın gələcəkdə Yaxın Şərqdə daha fəal olması və regionun yenidənqurulmasında iştirak etməsi mümkündür. Bu baxımdan, Azərbaycan artıq yalnız regional dövlət deyil, ”regional-plus" - yəni daha geniş coğrafiyada maraq və təsir sahəsi olan dövlət kimi dəyərləndirilməlidir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR