Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamenti sənədi təsdiq etdi; deputat: “Həmin sənədin parlamentdə təsdiqlənməsi məsələsində heç bir əndişə olmamalıdır”
Ermənistan parlamenti Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib. APA xəbvər verir ki, qanun layihəsi Ermənistan parlamentinin dünən keçirilmiş iclasında təsdiqlənib. Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar iştirak edib. Müxalifətdən olan deputatlar isə əvvəldən qanun layihəsinin müzakirəsini boykot edəcəyini açıqlayıb.
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanın Ermənistanla dövlət sərhədinin demarkasiyasına dair reqlamenti ratifikasiya etməyəcəyi ehtimalından bəhs edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, parlamentin iclasında danışıb. “Deyirsiniz ki, Azərbaycan ratifikasiya etməsə nə olacaq?” Məncə burada da bir problem yoxdur",-deyə o, söyləyib.
Nəzərə çatdıraq ki, Azərbaycanda parlament seçkiləri ortaya düşdü və bu məsələ yeni parlament formalaşdırıldıqdan sonraya saxlanıldı.
Azərbaycan bu istiqamətdə hansı addımlar atır? Sənəd hazırda hansı mərhələdədir?
Fazil Mustafa
Milli Məclisin komitə sədri Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsinin hansı mərhələdə olduğunu söyləməkdə çətinlik çəkdiyini bildirdi: “Bununla bağlı bilgimiz yoxdur. Amma əgər bu sənəd Azərbaycanın maraqlarına zidd deyilsə nədən Milli Məclisdə ratifkasiya olunmasın? Biz əslində sülh müqaviləsinə doğru irəliləyən bütün yollarda maneələri aşmağa hazırıq. Ona görə də sənəd layihəsi özü də Azərbaycanın təşəbbüsü ilə gerçəkləşib. Bu baxımdan da həmin sənədin parlamentdə təsdiqlənməsi məsələsində heç bir əndişə olmamalıdır. Azərbaycan özünə aid olan məsələləri həyata keçirməyə maraqlıdır və yəqin ki, bunu da edəcək. Əgər orada doğrudan da razılaşdırılmış hansısa məqamlar varsa Azərbaycan Ermənistandan fərqli olaraq dövlət kimi öhdəliklərinə daha ciddi yanaşan və buna önəm verən bir ölkədir. Heç vaxt da razılaşdığı mətndən kənara çıxmağı qəbul etməz. Bu baxımdan da məsələlərlə tanış olduqdan, Azərbaycanın maraqlarına uyğun olan bütün məqamlar yer aldıqdan sonra bu sənədin imzalanması, yaxud da hansısa bir prosedurda qəbul olunması mümkün ola bilər”.
Elman Nəsirov
Milli Məclisin deputatı Elman Nəsirov isə bildirdi ki, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin hətta oktyabr ayında imzalanmasının mümkünlüyündən bəhs edir, ABŞ-ın prezidenti Co Bayden də təxminən eyni mövqedən çıxış edir: “Belə çıxır ki, hər ikisi natamam sülh müqaviləsinin imzalanmasında maraqlıdır, 80 faizlik sülhün regiona gəlməsini istəyirlər. 20 faiz həllini gözləyən məsələləri isə arxa plana atırlar, yəqin ki, onun üçün də növbəti 30 il düşünüblər. Hesab edirlər ki, növbəti 30 il ərzində də bu məsələlərin həlli ilə məşğul olunsun. Bu prosesi də həyata keçirmək üçün ATƏT-in Minsk Qrupunu saxlayırlar, onu buraxmaq istəmirlər. Ermənistanın bu mövqeyi qarşılığında Azərbaycanın dəyişməz mövqeyi var. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz tam sülh lazımdır, sülh müqaviləsinin hər bir bəndi bizim üçün eyni dəyərə malikdir və bizə natamam sülh lazım deyil, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından konstitusiyasında da imtina etsin. Amma eyni zamanda müəyyən məsələlərdə sülh prosesində irəliləyişlər var idi. Xüsusilə də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərdə. Təxminən 13 kilometrdən çox ərazinin delimitasiya və demarkasiyası həyata keçirildi. Bu proses davamlı xarakter alırdı, təxminən 500 kilometr ərazinin də delimitasiya və demarkasiyası reallaşdırılmalıdır. Ancaq Ermənistanın son davranışları onu göstərir ki, İrəvan bu məsələdə də siyasi cığallıqla məşğuldur. Məhz Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycan parlamentinin Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini ratifkasiya etməyəcəyindən bəhs edir. Bu, suyu bulandırmaq siyasətidir. Bir yandan sülhdən danışır, bir yandan da o məsələləri qoyur və elə addımlar atır ki, sülh prosesinin reallaşması yolunda əngəllər yaransın. Doğrudan da delimitasiya və demarkasiya prosesində böhran yaşanacağı halda təbii ki, bu, sülh prosesinə də təsirsiz qalmayacaq. Bu mənim şəxsi mövqeyimdir ki, ümumiyyətlə 2024-cü il ərzində sülh müqaviləsinin imzalanması ehtimalı çox aşağıdır. Biz yalnız 2025-ci ildə sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişi gözləyə bilərik. Burada da Azərbaycanın mövqeyi dəyişməzdir”.
Deputat vurğuladı ki, Ermənistan ağlını başına yığıb Azərbaycanın irəli sürdüyü mövqe ilə üst-üstə düşə biləcək addımlar atmalıdır. Əks halda vəziyyət gərginləşəcək və bundan uduzan Ermənistan olacaq: “Çünki Azərbaycan ərazi bütövlüyünü, suverenliyini təmin edib. O ki, qaldı Zəngəzur dəhlizinə, Zəngəzur dəhlizinə alternativimiz də var. Yəni yenə uduzan Ermənistam olacaq. Azərbaycan Ermənistan üzərində son dörd ildə iki qələbəyə nail olub. İndi də Zəngəzur dəhlizi də bizim üçün problem deyil, alternatimiz var. Ermənistan əgər Azərbaycanın şərtlərindən imtina edəcəyi halda blokada vəziyyətində qalacaq. Nikol Paşinyan özü bəyan edib ki, erməni əhali ölkədən çıxıb gedir, bunun səbəbi növbəti müharibənin olacağından ehtiyatlanmalarıdır. Ermənilər düz də ehtiyatlanırlar. Əgər Ermənistan dövləti bu gün hücum silahları ilə silahlanırsa, bu silahlar sərgidə nümayiş etdirilmək üçün deyil, bir gün onların tətbiqi olacaq. Tətbiqi isə Azərbaycanla yeni müharibə deməkdir və bu müharibə Ermənistan üçün ölümcül fəlakətli nəticələri labüd edəcək. Bunu hesablayan erməni əhali ölkəni tərk etməkdədir. Ermənistanın siyasi rəhbərliyi bundan nəticə çıxarmalıdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ