Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Ermənistan Baş nazirinin ofisi “Sülh qovşağı” təşəbbüsünü işıqlandırmaq üçün Türkiyə mediasının nümayəndələrini ölkəyə dəvət edəcək. Bunu baş nazirin aparat rəhbəri Araik Arutyunyan deyib.
Onun sözlərinə görə, yaxın günlərdə iranlı ekspertlərin də 4 gün davam edəcək səfəri planlaşdırılır: “Bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistanda regionun bir sıra ekspert mərkəzlərinin nümayəndələrinin görüşü keçiriləcək. ”Sülh qovşağı" əsas müzakirə mövzusu olmayacaq, amma yenə də ona toxunulacaq".
Görəsən “sülhpərvər” Paşinyan azərbaycanlı jurnalistləri İrəvana niyə dəvət eləmir? Əgər həqiqətən o, xoş məram güdürsə, onda məntiqlə siyasi-diplomatik əlaqələrin olmadığı Azərbaycanın mediasına da eyni müraciət ünvanlana bilərdi.
Bu detalın özü İrəvanın, konkret olaraq, Nikol Paşinyanın barışıq məsələsində sonadək səmimi olma bilmədiyini bir daha göstərir. Ümumiyyətlə, dəvət olarsa, azərbaycanlı jurnalistlər İrəvana gedərmi?
Musavat.com mövzu ilə bağlı media kapitanlarının fikrini öyrənməyə çalışıb.
Rauf Arifoğlu
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirdi ki, Ermənistanın bu cür addımları, xüsusilə baş nazir Nikol Paşinyanın təşəbbüsləri, ölkəsinin və özünün imicini yaxşılaşdırmaq cəhdlərindən başqa bir şey deyil. R. Arifoğlu qeyd etdi ki, Ermənistan hakimiyyəti, o cümlədən Paşinyan yaxşı bilir ki, Türkiyə cəmiyyətində və media sahəsində Ermənistana münasibət qatı dərəcədə mənfidir: “Xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın apardığı ədalətli mübarizəyə Türkiyə mediasının böyük dəstək göstərməsi və bu dəstəklə birgə formalaşan ictimai rəy Ermənistanı işğalçı olaraq tanıtdı”.
Rauf Arifoğlu vurğuladı ki, Ermənistan 30 ilə yaxın bir müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, nəticədə 30 mindən çox şəhid verilib, rayonlar, kəndlər və tarixi ərazilər dağıdılıb: “Bu vəziyyətdə Paşinyan və Ermənistan hökuməti öz imicini və Ermənistanın imicini Türkiyə mediasında düzəltmək ehtiyacını hiss edir, lakin bu addım diqqətlə izlənilməlidir. Ermənistan və Paşinyan nə qədər sülhdən danışsalar da, fakt odur ki, hələ də Azərbaycanın və Türkiyənin torpaqlarına olan iddialarını dayandırmayıblar. Ermənistanın konstitusiyasında Türkiyənin altı vilayətinə və Azərbaycanın ərazilərinə qarşı ərazi iddiaları mövcuddur, eyni zamanda, saxta soyqırımı iddiaları da davam edir. Buna görə də Ermənistanı bu məsələdə səmimi hesab etmirik və qardaş ölkə Türkiyənin mediasını və jurnalistlərini ayıq olmağa çağırırıq. Ermənistanın bu oyunlarına platforma verməmələrini tövsiyə edirik”.
Media Qrupunun rəhbəri bildirdi ki, bu cür layihələr Ermənistanın əsl niyyətini ört-basdır etmək məqsədilə həyata keçirilir və Paşinyanın növbəti manipulyasiya hərəkəti kimi dəyərləndirilir: “Lakin qeyd edim ki, Azərbaycanlı jurnalistlər bu cür tədbirlərə dəvət edilsələr və Paşinyan açıq müstəvidə onlarla görüşməyə razılıq versə, biz həmin tədbirə qatılmağa hazırıq və lazımi fikirlərimizi ifadə edərik. Ancaq Ermənistanın Azərbaycan jurnalistlərini dəvət etmədiyi və etməyəcəyi aydındır. Çünki onlar bilirlər ki, Azərbaycan jurnalistlərini manipulyasiya etmək mümkün deyil və Azərbaycan jurnalistləri Paşinyanın bu cür manipulyativ hərəkətlərinə platforma verməzlər”.
Aydın Quliyev: “Türkiyə jurnalistlərinin də bu dəvətdən imtina etməli olduqlarını düşünürəm”
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, əlbəttə ki, Azərbaycan jurnalistlərini belə təqdimatlara çağırmazlar: “Onlar yaxşı bilir ki, ” Sülh kəsişməsinin" bir layihə olaraq mahiyyətini Azərbaycan jurnalistləri Paşinyanın özündən yaxşı bilirlər. Azərbaycanlı jurnalistlərlə mifik “Sülh kəsişməsi” barədə dialoq Paşinyana sərf etməz.
Ancaq Türkiyə jurnalistlərinin də bu dəvətdən imtina etməli olduqlarını düşünürəm. Bu ən doğru yanaşma olardı. Mən Türk jurnalistlərin “Sülh qovşağı”nın təqdimatında iştiraklarını rəva görməzdim. Bildiyim qədər, Paşinyan “Sülh qovşağı”nın kitabça variantını Ərdoğana təqdim edib. Yəni Türkiyə cəmiyyəti də bu layihədən məlumatlıdır. Belə olan halda Paşinyanın mifik layihəsini türk jurnalistlərinə ayrıca təqdim etməyə nə ehtiyac var?!
Paşinyan bu anda öz layihəsini belə təqdimatlarla sanballı görkəmə salmaq istəyir. Türk jurnalistlər ona bu fürsəti gərək verməsinlər.
Sual olunmalıdır ki, Paşinyan ilk növbədə Azərbaycanla münasibətlərə dəxli olan layihəni nə yaxşı əvvəlcə Azərbaycanlı jurnalistlərlə yox, başqaları ilə müzakirə edir?!".
Rəşad Məcid: “Azərbaycan qalib ölkədir və jurnalistlərimizin İrəvana səfərlərinin mümkünlüyü də istisna deyil”
Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyir ki, belə təşəbbüslər əvvəllər də olub. “Ankarada, İrəvanda Türkiyə-Azərbaycan-Ermənistan jurnalistlərinin iştirakıyla tədbirlərin keçirildiyini xatırlayıram. Jurnalistlərin, QHT nümayəndələrinin görüşlərinin keçirilməsi mümkündür. Sülh müqaviləsinin imzalanması üçün ictimai rəyin hazırlanması baxımından da belə səfərlərin əhəmiyyəti var. Görünür, Ermənistan hökuməti və ictimaiyyəti hələ Azərbaycanlı jurnalistlərin İrəvana səfərinə hazır deyil. Revanşist qüvvələrin belə səfərlərə qarşı olacağı da gözləniləndir. İndi Azərbaycan qalib ölkədir və jurnalistlərimizin İrəvana səfərlərinin mümkünlüyü də istisna deyil. Eləcə də erməni jurnalistlərin Bakıya səfəri mümkündür. Gəlib müasir Bakını görən ermənilərin düşüncələrində təbəddülatlar yaranacağına əminəm”.
Şahanə RƏHİMLİ,
Musavat.com
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ