İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Rusiya arasında gərginlik varmı - görünən və pərdəarxası məqamlar...

Rusiya Müdafiə Nazirliyinin və Dövlət Duması deputatının təxribatlarına Bakıdan kəskin və adekvat cavab verildi; təxribatçı Delyaginlə bağlı cinayət işi başladıldı; politoloq:  “Kimsə Rusiyada bizə qarşı çıxırsa, dərhal Putinin imzaladığı o bəyanatları həmin şəxslərə xatırlatmaq lazımdır”

Son günlər Rusiya və Azərbaycan arasında soyuq küləklər əsməkdədir. Əslində daha çox “şimal küləkləri” əsir və Azərbaycan maksimum korrekt davranmaqla gərginliyin artmaması üçün əlindən gələni edir.

Qısa xatırlamalar edək: öncə Rusiya Federasiyasının Müdafiə Nazirliyi Fərrux kəndi və yüksəkliyi ilə bağlı təxribatçı bəyanatlar yaydı. Azərbaycan Müdafiə Nazirliyi əvvəlcə yumşaq formada, sonra isə nəticənin olmadığını görərək, nisbətən sərt şəkildə Rusiya MN-i ölçülü-biçili davranmağa çağırdı. Ancaq hələ ki Rusiyanın müvafiq qurumu “Dağlıq Qarabağ” kimi arxaik ifadədən istifadə edir, Azərbaycana aid toponimlərə əcaib yarlıqlar yapışdırmaqla heysiyyətimizə toxunur. Rusiya sülhməramlıları 10 noyabr 2020-ci il üçtərəfli razılaşmaya uyğun olaraq, erməni silahlı qüvvələrini Qarabağdan dərhal çıxartmaq əvəzinə, onları himayə etməklə, hətta terrorçu dəstələrin təxribatlarına şərait yaratmaqla məşğuldur. Elə son olaraq rus hərbçilərin Fərrux kəndi istiqamətində cəmlənməsi, hərbi texnika və canlı qüvvəni əks etdirən fotoların yayımlanması növbəti təxribatdır. Məhz bunun davamı olaraq Qarabağdakı qondarma rejim “yeni hərbi birləşmələrin yaradılması”na başlanıldığını elan edib ki, bu da razılaşmanın tam pozulmasıdır. Azərbaycan qanunsuz dəstələrin bölgədən çıxarılmasını tələb etdiyi halda, sülhməramlılar erməni quldurların yeni dəstələr yaratmasını müşahidə edir. Təxribatlar bununla bitmir.

Delyagini danışdıran hansı "qüvvə" olub? - Azvision.az

Mixail Delyagin

Ardınca Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin ölkəmizlə bağlı qeyri-ciddi açıqlamaları ortamı xeyli gərginləşdirdi. Düzdür, bəzi müxalif qruplar (AXCP fəalları, Milli Şura üzvləri, xaricdəki söyüş müxalifəti-red.) bu iki faktı “dünyanın sonu” kimi qiymətləndirirlər, bunu mövcud hakimiyyətin yanlış siyasəti kimi təqdim edirlər. Baxmayaraq ki, həm Rusiya Müdafiə Nazirliyi, həm də Delyagin, onun partiyası Azərbaycandan üzr istəyib. Rəsmi Kreml də (Peskovun nümunəsində) Delyagini sərsəm açıqlamalar verdiyi üçün sərt formada tənqid etdi. Rusiya XİN-in sözüçüsü M.Zaxarova da təmsil etdiyi qurumun mövqeyini ortaya qoyub. Bundan əlavə, Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Delyaginin çıxışını yayan “Rossiya 1" kanalının rəhbərliyinə Azərbaycanın ciddi narazılığını çatdırıb. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, iqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Rusiya televiziyasında səsləndirdiyi məlum sərsəm və təxribat xarakterli çıxışı Azərbaycan ictimaiyyətinin, o cümlədən səfirlik əməkdaşlarının da ciddi narahatlıq və narazılığına səbəb olub. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı bəyanatda qeyd olunub. ”29 mart tarixində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Mixail Delyaginin fikirlərini şərh edərkən, onu emosiyalarını cilovlamağa və Azərbaycana münasibətdə dost olmayan bəyanatlardan çəkinməyə çağırmışdır. Bundan əlavə, o qeyd etmişdir ki, bu açıqlama Rusiya Federasiyasının rəsmi mövqeyinə heç bir halda cavab vermir və verə də bilməz. Rusiyanın Qarabağda sülhün dəstəklənməsi və tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi üçün böyük səy göstərdiyi bir vaxtda Mixail Delyaginin bu cür ritorikadan çəkinməli olduğunu vurğulamışdır. Həmçinin, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat üçün keçirdiyi ənənəvi brifinq zamanı Dmitri Peskovun açıqlaması ilə həmfikir olduqlarını söyləmiş, istənilən bu kimi bəyanatların qəbuledilməz və məsuliyyətsiz olduğunu diqqətə çatdırmışdır. Azərbaycanla qarşılıqlı müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını hədəf qoymuş Rusiya Federasiyasının, onun rəhbərliyinin mövqeyini əks etdirmədiyini bildirmişdir. Rusiya XİN-in rəsmisi Dövlət Dumasının rəhbərliyi tərəfindən də belə təxribat xarakterli açıqlamalara qiymət veriləcəyinə əminliyini ifadə etmişdir", açıqlamada bildirilir. Bundan əlavə, “Spravedlivaya Rossiya” Partiyasının Rəyasət Heyətinin katibi, Rusiya Dövlət Dumasının III-VII çağırış deputatı Oleq Şein tərəfindən səfir Polad Bülbüloğlunun adına məktub ünvanlanıb. Məktubda Oleq Şein sağlam düşüncəsini itirməmiş Rusiya vətəndaşları adından həmpartiyalısı, Dövlət Dumasının deputatı Mixail Delyaginin Rusiya televiziyasında səsləndirdiyi fikirləri ilə bağlı üzr istəyir, soydaşlarının əksər çoxluğunun Azərbaycanı dost ölkə, Azərbaycan xalqını isə mehriban qonşu kimi qəbul etdiklərini vurğulayır. Eyni zamanda Oleq Şein təmsil etdiyi partiyanın rəhbərliyinə daxil olan bir şəxs kimi gələcəkdə belə insidentlərin baş verməməsi üçün müvafiq addımlar atdığını da bildirir.

Polad Bülbüloğlu: Hamınızdan “Stepanakert” adını unutmağınızı xahiş edirəm  - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir Polad Bülbüloğlu “Rossiya 1" kanalının daxil olduğu Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığını çatdırıb və belə halların qəbuledilməz olduğu vurğulayıb. ”Göstərilmiş səylər nəticəsində Mixail Delyagin də Rusiya rəsmiləri tərəfindən ona verilmiş məsləhətləri qəbul etdiyini açıqlayıb, səsləndirdiyi fikirlərə görə peşman olduğunu bildirərək üzr istəyib və belə addımı şou naminə atdığını söyləyib", açıqlamada bildirilir.

Ancaq məsələ hüquqi müstəvidə də araşdırılır. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixail Qennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.

Baş Prokurorluğun yeni binasına

Bu barədə Musavat.com-a Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Belə ki, Mixail Delyagin 2022-ci il 28 mart tarixində Rusiya Federasiyasının “Rossiya 1" telekanalında yayımlanan verilişdə Azərbaycana qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirib. Rusiya vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci il tarixdə Azərbaycan baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci il tarixdə Mixail Delyagin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilməklə ”İnterpol" vasitəsilə beynəlxalq axtarış elan edilib. Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycana verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. “Azərbaycan Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulan tədbirlərin görülməsi təmin olunacaqdır”, - məlumatda qeyd edilib.

Göründüyü kimi, dövlətimiz qətiyyətlidir və heç nəyi cavabsız qoymur. Bəzi müşahidəçilər hesab edir ki, Rusiya ilə yaşanan gərginliklər üzdə olan proseslərdir. Ortaya sual çıxır: bütün bunlar Kreml rəhbərliyinin razılığı və tapşırığı ilə baş verir, yoxsa özfəaliyyət hesab olunmalıdır? Reallıq budur ki, Putin-Əliyev münasibətləri zədələnməyib. Hər iki prezidentin arasında normaldan üstün münasibətin olduğunu görməmək mümkün deyil. Üstəlik, Azərbaycanla Rusiya fevralın 22-də Moskvada məlum ikitərəfli sənədi qəbul ediblər. Daha da yaxınlaşıblar. Ortada nifaq almasına çevriləcək məsələ yoxdur ki, Rusiya ilə Azərbaycanın arası dəysin. Bəs baş verənlər nəyin nəsidir? Bu, bir teatr, bir düzməcədirmi? Yoxsa Putinin Qafqaz siyasətinin zədələnməsinə, Azərbaycanla münasibətinin korlanmasına xidmət edən təxribatdır? Azərbaycan tərəfi Rusiyadan atılan bu siyasət və informasiya toplarına, atəşlərinə layiqli cavab verir. Amma bir çoxları hesab edir ki,  Moskva ilə əlaqələrin, münasibətlərin pisləşməsi bizə sərf etmir.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiya Azərbaycanla sanki “yaxşı polis, pis polis” rolunu oynayır: “”Yaxşı polis" dedikdə, imzalanan bəyanatları, Azərbaycanı dost və müttəfiq adlandırmasını nəzərdə tuturam. Burada sanki heç bir problem görsənmir. Üstəgəl, bu bəyanatlara görə, əslində Qarabağda qanun-qayda yaratmağımıza da Rusiya mane olmamalıdır. Amma Rusiyada “pis polis” rolunu oynayanlar da var, Azərbaycanı hədələyirlər, ağızlarına gələni danışırlar, neft kəmərinin bombalanmasını belə, dilə gətirirlər. Yəni sanki Azərbaycan siyasəti bir mərkəzdən idarə olunmur, müxtəlif güclər var orada". Amma E.Şahinoğlu hesab edir ki, bizim üçün önəmli olan Rusiya prezidentinin  imzaladığı sənədlər, bəyanatlardır: "Orada isə dost və müttəfiqlikdən söhbət açılır. Bizə qarşı təxribat olanda da biz məhz həmin sənədləri ortaya qoyuruq ki, sizin prezidentiniz bu sənədləri bizimlə imzalayıb. Elə Fərrux kəndinə enən Azərbaycan hərbçiləri də rusiyalı hərbçilərə bunu nümunə gətirdilər. Rusiya və Azərbaycan prezidentləri arasında imzalanan bəyanatların bəndlərinə görə, Qarabağda separatçı olmamalı, Qarabağda Azərbaycan qanunları işləməlidir. Yəni kimsə Rusiyada bizə qarşı çıxırsa, dərhal Putinin imzaladığı o bəyanatları həmin şəxslərə xatırlatmaq lazımdır".

Son hadisəyə gəldikdə, E.Şahinoğlu qeyd etdi ki, məlum deputat Azərbaycana qarşı hədələyici bəyanat verəndən sonra üzr istədi: “Peskov da dedi ki, bu, rəsmi Moskvanın siyasəti deyil. Yəni bu olmasaydı, vəziyyət gərginləşə bilərdi. Onda belə anlaşılacaqdı ki, elə həmin deputatın dediyini Rusiyanın hakimiyyət strukturları da bölüşür. Amma hakimiyyət strukturları dərhal açıqlama verdilər ki (bunu müsbət qiymətləndirmək olar), o deputatın fikirlərini bölüşmürlər, Azərbaycanı əvvəlki kimi, dost və tərəfdaş sayırlar. Dost və tərəfdaş sayırlarsa, Qarabağda qayda-qanun yaratmaqda da gərək Rusiya bizə mane olmasın”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR