Onlayn ictimai-siyasi qəzet
Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərindəki çayları və şirin su ehtiyatlarını istismar etmiş, hətta bəzi çay yataqlarının istiqamətini dəyişmək, yayda su anbarlarını bağlamaqla cəbhə xəttinə yaxın rayon və kəndlərimizdə ekoloji problemlər yaratmışdı.
Eyni taleyi XX əsrin sonlarına qədər ətrafında azərbaycanlıların məskunlaşdığı Göyçə gölü yaşayır. Cənubi Qafqazda ən şirin sulu göl olan Göyçənin suyu qurumaq üzrədir. Ermənilər uzun illərdir ki, Azərbaycanın milli sərvəti olan Göyçə gölünü qəddarcasına istismar ediblər.
Bu gölün ekoloji cəhətdən suyunun quruması və eyni zamanda tərkibinin zənginliyinin pozulması, orada yaşayan canlıların azalması artıq fəlakətin yaxında olduğunu göstərir. Onlar Göyçə gölündən kənd təsərrüfatında kor-koranə şəkildə istifadə edirlər.
İctimai iaşə və digər obyektlərin tullantılarının gölə axıdılması onun suyun tərkibinin dəyişməsinə, canlıların məhv olmasına və eləcə də orada bataqlığın yaranmasına gətirib çıxarır.
Erməni mətbuatı yazır ki, Göyçə gölünün səviyyəsi ötən illə müqayisədə 13 santimetr aşağı düşüb:
“2021-ci ilin yanvar ayının sonuna olan məlumata görə, Göyçə gölünün səviyyəsi 1900,52 metr olduğu halda, 2022-ci ilin yanvar ayının sonunda bu rəqəm 1900,39 metr təşkil edib. Bu, son beş ildə ən aşağı göstəricilərdən biri sayılır. Ən yüksək göstərici isə 2020-ci ildə qeydə alınıb - 1900,53 metr”.
Göyçə gölünün səviyyəsi Ermənistanın son illərdə ən aktual problemlərindən biri sayılır. Çünki vaxtaşırı olaraq suvarma üçün bu göldən istifadə edilir. Ümumiyyətlə, İrəvan yaxın illərdə əhalinin ciddi şəkildə şirin su ehtiyatlarından əziyyət çəkəcəyini poqnozlaşdırıb. Bu səbəbdən də Ermənistan hökuməti 2021-ci ilin avqustunda 17 su anbarının tikintisi və yenidən qurulması proqramını təsdiqləyib. Onlardan dördü Göyçə üçün donor rolunu oynamalıdır.
Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasının üzvü Taqui Tovmasyan Göyçə gölünün sahillərinin çirkləndirilməsini tənqid edib. O, ölkənin Ətraf Mühit Nazirliyini fəaliyyətsizlikdə günahlandırıb.
“Ətraf mühit naziri Akop Simidyan bu görüntüləri çox diqqətlə izləməli və bu vəziyyətdən utanmalıdır. Bizim dörd gölümüz var və onlardan birinin bu hala düşməsi qəbuledilməzdir”, - deyə Tovmasyan bildirib.
Bu vəziyyət Göyçə gölündə yaşayan alabalıq, xərçəng və farel kimi canlıların da sayının sürətlə azalmasına səbəb olub.
Əgər Ermənistanın Göyçə gölündə törətdiyi ekoloji terrorun qarşısı alınmasa, bu, çox ciddi fəsadlara gətirib çıxara bilər.
Ermənistan Milli Elmlər Akademiyası yanında su hövzəsinin qorunması üzrə elmi-ekspert komissiyasının sədri Yuri Cavadyan “Göyçə gölünün problemləri və onların həll yolları” mövzusunda keçirilən işgüzar müzakirələr zamanı bildirib ki, yüksək dağlıq ərazidə yerləşən Göyçə (Sevan) gölü acınacaqlı vəziyyətdədir.
“Göl ekoloji cəhətdən acınacaqlı vəziyyətdədir. Onu xilas etmək üçün çox iş görülməlidir. Bu günə qədər görülən işlər gölün itirilməsi təhlükəsinin aradan qaldırıldığını söyləməyə imkan vermir”, - Y.Cavadyan deyib.
Ekspertlərin fikrincə, su hövzəsinin ekosisteminin pozulmasına səbəb olan bir sıra problemlər var: gölə yaxınlıqdakı ictimai iaşə obyektlərindən çox miqdarda tullantı daxil olur, məişət kimyası axıdılır, buxarlanma artsa da, gölə lazımi miqdarda çay suyu daxil olmur və s.
Yerli ekoloqlar həmçinin göldə balıq və xərçənglərin ölümünə səbəb olacaq bataqlıqlaşma prosesinin başladığını qeyd edirlər. Bunun nəticəsində hövzə istirahət və üzmək üçün cəlbediciliyini itirəcək.
Xatırladaq ki, Göyçə mahalı Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahaldır. 1747-1828-ci illərdə İrəvan xanlığının mahalı olub.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.
1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Göyçə mahalının, o cümlədən Zəngəzur, Şərur mahalı, Dərələyəz mahalının və Dilican rayonun ərazisini qanunsuz şəkildə Ermənistana verib.
Eyni zamanda SSRİ dönəmində Göyçə mahalının əhalisi bir neçə dəfə kütləvi deportasiyaya məruz qalıb. 1988-ci ildə isə Göyçə mahalının bütün azərbaycanlı əhalisi öz yurdlarından didərgin salınıb.
Prezident İlham Əliyev 2022-ci il dekabrın 22-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmalı olduğunu bildirib.
Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının 26 yanvar 2023-cü ildə keçirilmiş iclasında “Qayıdış Konsepsiyası”nın layihəsinə baxılıb. Sənəd layihəsi səsə qoyularaq təsdiq edilib.
Şahanə Rəhimli,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ