İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın adını “Maqnitski aktı”na salmaq cəhdi - Baydenə çağırış

Amerikanın 96 konqresmeni sanksiyaların tətbiqi üçün məktub ünvanlayıb; BMT missiyasının rəyi də bəs eləmədi - iki deputatdan sərt etiraz

Erməni lobbisi ABŞ-da Azərbaycana qarşı fəaliyyətini gücləndirir. Lobbinin təsiri altında olan konqresmenlər, bəzi dövlət rəsmiləri Azərbaycan əleyhinə çağırışlarla çıxış edirlər. Əsas motiv də ondan ibarətdir ki, guya Azərbaycan Qarabağ ermənilərinə yönəlik etnik təmizləmə siyasəti aparır.

“Yeni Müsavat” bildirir ki, bu ərəfədə 96 konqresmen Bayden administrasiyasını Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasına çağırıb. Belə ki, ABŞ Senatının və Nümayəndələr Palatasının 96 üzvündən ibarət ikipartiyalı qrupu Qarabağla bağlı dövlət katibi Entoni Blinken və maliyyə naziri Canet Yellenə məktub ünvanlayıb. Məktubda Qarabağa “hərbi hücumlar və qəddar blokada” ilə əlaqədar olaraq Azərbaycan hökumətindəki şəxslərə “Qlobal Maqnitski aktı” çərçivəsində sanksiyalar tətbiq etmək çağırışı yer alıb. ABŞ Senatı 2012-ci ildə qəbul edilmiş Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Aktının (Global Magnitsky Human Rights Accountability Act) təsir dairəsinin genişləndirilərək Rusiyadan başqa digər ölkələrə də şamil olunmasını qanun şəklində qəbul edib.

Bu qanun Amerika prezidentinə beynəlxalq insan haqlarını pozan və bu işə dəstək verən, böyük korrupsiya işlərində əli olan xarici rəsmilərə viza verilməsindən imtina etmək və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir. Akta görə, Dövlət Departamentinə sanksiyalara məruz qalacaq xarici şəxslərlə bağlı təklifi dövlət katibinin demokratiya və insan haqları üzrə müavini təqdim edə bilər. Erməni lobbisi nə qədər cəhd etsə də, “Qlobal Maqnitski Aktı”na Azərbaycanın adının daxil edilməsinə nail olmayıb. Çünki ABŞ dövlət maraqlarını arxa plana keçirə bilməz. Ən azından ona görə ki, Birləşmiş Ştatlar Avropanın enerji təchizatında Azərbaycanın oynadığı rolun fərqindədir. Üstəlik, İran amilinə görə Vaşinqton ölkəmizin geosiyasi və strateji əhəmiyyətinə önəm verir.

Ekspertlərə görə, Konqresdə güclü yəhudi lobbisi var və onlar Azərbaycana qarşı sanksiya tətbiq olunmasına müqavimət göstərmək gücündədirlər. Yeri gəlmişkən, Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano qeyd edib ki, Aİ hazırda Azərbaycana qarşı potensial sanksiyalarla bağlı heç bir qərar qəbul etməyib. Bu açıqlama Avropa Parlamenti üzvlərinin Aİ-ni Qarabağ hadisələri fonunda Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran çağırışlarına cavab olaraq verilib. Həmçinin BMT missiyası da monitorinq zamanı heç bir pozuntu aşkarlamadığını açıqlayıb. Belədə isə senatorların “Maqnitski aktı”nı Azərbaycana tətbiq etmək çağırışları məntiqsiz görünür.

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bu çağırışlarda sağlam məntiq yoxdur: “Burada kor-koranə Ermənistanı dəstəkləmək, qərəz və ikili standartlar, beynəlxalq hüququ tapdalamaq var. Onlar beynəlxalq hüquqa baxsınlar ki, Qarabağ kimin ərazisidir. Amerikanın hər hansı ştatında silahlı birləşmələr mərkəzə tabe olmasalar, Vaşinqton buna necə reaksiya verər? Ümumiyyətlə, hansı normal dövlət buna dözər? Sadəcə, erməni diasporunun pulu ilə qidalananlar belə təşəbbüslər qaldırırlar. Onlardan biri bugünlərdə ifşa edildi”. C.Məmmədov qeyd etdi ki, Azərbaycanı təcavüzdə günahlandıranlar bir fakt belə təqdim etməyiblər: “Hansı erməniyə zor tətbiq etmişik? Ancaq biz onlara ermənilərin azərbaycanlılara etdiyi qəddarlıqlar, vəhşiliklər barədə yüzlərlə sübut göstərə bilərik. Əfsus ki, türklərə, islama nifrət, xristian təəssübkeşliyi bəzi senatorların, bəzi təşkilatların gözünü kor edib. BMT missiyası da gözləri ilə görüb vəziyyətlə yerindəcə tanış oldu. Senatorlar da istəsələr gəlib müşahidə apara bilərlər, ancaq onların gözü kordur və gəlib baxış keçirsələr belə yenə öz bildiklərini deyəcəklər. Ümumiyyətlə, həmin senatorlar Amerika dövlətinin üzqarasıdır”. Deputat çağırış etdi ki, bu açıqlamalara son qoysunlar, əks təqdirdə, bundan zərər çəkən Ermənistan olacaq: “Onlar bizə yox, Ermənistana problem yaradırlar. Çünki rəsmi İrəvanı yanlış addımlara yönləndirirlər. Ona görə bu cür bəyanatlardan uzaq olsunlar. Onlar Xocalı soyqırımını Ermənistandan soruşsunlar, abidələrimizin, məscidlərimizin dağıdılmasını, alban abidələrinin saxtalaşdırılıb erməni kilsəsinə çevrilməsinin izahatını istəsinlər. Təəssüf ki, onlardan bu obyektivliyi görə bilmirik”.

Aydın Mirzəzadə: "Tolstoy Azərbaycandan üzr istəməlidir"

Aydın Mirzəzadə 

Deputat Aydın Mirzəzadə söylədi ki, belə bir aktın tətbiqi qeyri-mümkündür: “Azərbaycan nə beynəlxalq insan haqlarını, nə götürdüyü beynəlxalq öhdəlikləri pozmayıb. Azərbaycan öz ərazisində cinayətkar rejimi ləğv edib. Bununla belə, həmin xuntanın nəzarəti altında yaşamış sadə insanların Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün bütün imkanlar yaradılıb. Onların təhlükəsiz şəraitdə yaşaması, mədəniyyətini inkişaf etdirməsi, öz dilində təhsil alması, dini etiqad azadlıqlarının qorunması ilə bağlı öhdəlik götürülüb. Sadəcə, onlardan bir hissəsi öz istəyi, bir hissəsi xunta rejiminin təzyiqi altında Qarabağı tərk edib”. A.Mirzəzadə dedi ki, insanın harada yaşamaq istəməsi öz seçimidir: “Onların öz istəyi ilə köçməsi üçün avtobus ayrılıb, sərhəddə yardım göstərilir. Gedənlərdən fikir öyrənilir və heç biri Azərbaycan dövlətindən narazılıq etmir. Halbuki bizim insanlar yurd-yuvasından didərgin düşəndə onları öldürdülər, dinc insanların çoxu elə qaçanda həlak oldu. Amma o zaman amerikalı senatorlar heç bir çağırış etmədilər, əksinə, bədnam "907-ci düzəliş" tətbiq edildi. Digər tərəfdən, bu, Amerika Konqresinin ümumi rəyi deyil, bir qrup senatorun çağırışıdır. Əslində ABŞ-da Azərbaycan hüququna hörmətlə yanaşan kifayət qədər şəxs var. ABŞ Dövlət Departamenti sözçüsünün dili ilə də açıqladı ki, təzyiqlə bağlı heç bir fakt yoxdur. Eyni zamanda Azərbaycan işğaldan azad edilən ərazilərdəki fəaliyyətlə bağlı beynəlxalq təşkilatlara, səfirliklərə vaxtaşırı məlumat verir. BMT missiyası da Qarabağda müşahidə apardı, qanun pozuntusu və ya təzyiq faktı aşkarlamadılar. Baxmayaraq ki, işğalçı rejim 30 il BMT missiyasının əraziyə gəlməsinə mane olub. Azərbaycan isə monitorinq üçün hər bir şərait yaradır. Artıq vətəndaşlıq almaq üçün miqrasiya xidmətinə müraciət ünvanlayan erməni sakinlər var. Azərbaycan öz ərazisində beynəlxalq hüquqa və konstitusiyasına uyğun olaraq vətəndaşlarına azadlıqlar verir".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR