Onlayn ictimai-siyasi qəzet
Azərbaycandan növbəti Ümrə ziyarəti aprel ayında gözlənilir.
Bunu Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, aprel ayının 12-dən sonra Ümrə ziyarəti bir müddətlik dayandırılacaq. Çünki həmin tarixdən sonra Həcc ziyarəti başlayır:
“Buna görə də həmin vaxt Ümrə ziyarətləri olmayacaq. Hər il Qurban bayramından 10-15 gün öncə Həcc ziyarəti başlayır. Zəvvarlar bayramdan 10-15 gün sonra geri qayıdırlar. Bu il Həcc ziyarətinə gedən zəvvarlar mayın 25-30-da yola düşəcəklər. İyulun 16-21-i intervalında isə geri dönüş olacaq”.
Ümrə ziyarətinin qiymətinə gəlincə, şöbə müdiri söyləyib ki, bu, qalma müddətinə, hotellərin neçə ulduzlu olmasına və yerləşdikləri məsafəyə görə dəyişir:
“Qiymətlər 800-2000 dollar aralığındadır. Qiymət nə qədər çox olsa, xidmət o qədər yaxşı olur”.
Vüsal Cahangiri söyləyib ki, əgər əvvəllər Ümrə ziyarətini təkcə Qafqaz Müsəlmanları İdarəsi təşkil edirdisə, indi bu işlə həm də turizm şirkətləri məşğul olurlar.
Teleqraf-ın araşdırması zamanı məlum olub ki, hazırda Azərbaycanda müxtəlif şirkətlər Ümrə ziyarətinə tur paketləri təklif edirlər. Qiymətlər isə 2000-2500 manat aralığında dəyişir. Bura bilet, hotel, nəqliyyat xidməti, rəhbər dəstəyi və qidalanma daxildir.
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ