İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Bolqarıstana qaz nəqli başlayır - enerji təchizatında ölkəmizin rolu

Rusiya son rıçağa əl atır - Avropa qaz tapa biləcəkmi...

Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkənin neft-qazından imtina edən ölkələrin sayı getdikcə artır. ABŞ, Kanada, Avstraliya, Böyük Britaniyanın ardınca Avropa Birliyinin Rusiyadan neft idxalına embarqo qoymaq qərarı alması Rusiyanın qaz silahını işə salmasına səbəb olub. Belə ki, iyunun ortalarından etibarən Rusiya Avropaya qaz çatdırılan əsas kəmər - “Şimal Axını-1"lə qaz nəqlini gündəlik 167 milyon kubmetrdən 67 milyon kubmetrə salıb. Buna səbəb kimi, ”Qazprom" şirkəti kəmərin nasos stansiyalarında istifadə olunan, “Siemens” şirkətinin istehsalı olan aqreqatların təmirdən sonra vaxtında çatdırılmamasını göstərir. “Siemens” şirkəti də bildirib ki, aqreqatlar Kanadadakı zavodda təmir olunub, lakin Kanadanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə onları Avropaya çatdırmaq mümkün olmayıb.

Lakin Avropa rəsmiləri “Qazprom”un bu addımının arxasında siyasi təzyiq dayandığını bəyan ediblər. İlk olaraq bunu Almaniyanın vitse-kansleri, iqlimin mühafizəsi və iqtisadiyyat naziri Robert Habek bəyan edib ki, Rusiya qaz nəqlini dayandırmaqla Avropanın anbarları doldurmaq planının icrasına mane olmaq, beləliklə, payız və qış mövsümündə qitəyə şantaj imkanını əlində saxlamağa çalışır. O, ölkəsinin enerji təminatında yaranan vəziyyəti “gərgin və ciddi” adlandırıb: “Bizim qazdan böyük asılılıqda olduğumuz həmişə məlum idi. Buna görə indi bizim atdığımız addımlar mərhələli və doğru addımlardır. Bu, bir növ armrestlinqdir. Yaxın keçmişdə prezident Putinin əli çox uzun idi, lakin bu o demək deyil ki, biz ümumi səylərimizlə daha güclü ələ sahib ola bilmərik”.

R.Habek qeyd edib ki, əsas məsələ anbarların qış mövsümü başlayana qədər 90 faiz doldurulmasıdır. Hazırda Almaniyanın qaz anbarları 57 faiz doludur ki, bu, yay mövsümü üçün rekord həcm hesab olunur: “Bu, yay üçün elə də pis göstərici deyil. Lakin hələ də çatışmayan həcmlər var və biz yay dövründə onu təmin etməliyik. Biz buna həm əlavə həcmlər almaq, həm də enerjidən qənaətlə istifadə etməklə nail ola bilərik”.

Almaniya nazirinin fikrincə, Putin Avropaya qaz nəqlini azaltmaqla həm də qiymətləri yüksəltmək, bununla da qitənin iqtisadiyyatına zərbə vurmaq niyyəti güdür.

Almaniyadakı yeraltı anbarların tam dolması ölkənin kənardan heç bir həcm almadan 2,5 ay təminatına imkan verir. Lakin Almaniya qış boyu Rusiya ixracı dayandırsa belə, kənardan qaz almağa davam etmək niyyətindədir.

Hazırda Almaniya enerji istehsalında gücü külək və günəş, həmçinin kömür stansiyalarına salmağa çalışır. Bu, ölkənin xaricdən aldığı daha çox qazı anbarlara vurmasına imkan verəcək. İki gün əvvəl Almaniya sənayeçiləri toplaşaraq qaz istehlakının qənaət hesabına azaldılması məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Avropa bu ilin əvvəlindən Rusiyadan qaz idxalını sürətlə azaldıb. Nəticədə yanvar-may aylarında “Qazprom”un uzaq xaricə qaz ixracı 27,6 faiz azalmaqla 61 milyard kubmetr təşkil edib. Bu zaman “uzaq xaric”ə daxil olan Çinə ixracda artım baş verib. Şirkətin bununla bağlı yaydığı məlumatdan aydın olur ki, daxildə qaz istehlakının 17,7 faiz artması nəticəsində ümumi hasilatın cəmi 4,8 faiz azalması qeydə alınıb. 

Bu arada Rusiyanın Avropaya qaz nəqlini kəskin azaltması ABŞ-ın hərəkətə keçməsinə səbəb olub. Prezident Bayden neft-qaz istehsal edən ölkələri hasilatı artırmağa çağırıb. ABŞ energetika naziri Cennifer Qrehemin verdiyi məlumata görə, prezidentin çağırışı həm OPEK üzvlərinə, həm ABŞ-ın öz neft-qaz istehsalçılarına aiddir. Nazir həmçinin bu həftə ölkənin neft-qaz istehsalçıları ilə görüş keçirəcəyini bəyan edib.

Rusiya əmindir ki, ABŞ və Avropa qışa qədər qaz təchizatında onun yerini əvəzləyə bilməyəcək. Rusiyanın “Rosneft” şirkətinin rəhbəri İqor Seçin bildirib ki, heç bir ölkənin qısa müddətdə qaz hasilatını Avropanı təmin edəcək qədər artırmaq imkanı yoxdur: “ABŞ-ın səyləri nəticəsində hasilatı ən yaxşı halda Rusiyadan Avropaya ixrac olunan qaz həcmlərinin 10 faizini təmin edəcək qədər artırmaq mümkündür. Buna görə də Avropanı təmin etmək üçün  digər bazarlardan - əsasən isə Asiyadan həcmləri ora yönəltmək lazım gələcək. Bu isə qiymət rəqabətində Avropaya uduzan Asiya ölkələrinin vəziyyətini ağırlaşdıracaq. Artıq məlumdur ki, 2021-ci ilin oktyabrından 2022-ci ilin iyununadək Pakistan uzunmüddətli müqavilələr çərçivəsində almalı olduğu 10 partiya maye qazı ala bilməyib. Nəticədə ölkə spot bazarından daha baha qaz almağa məcbur olub ki, bu da çox ciddi problemlər yaradıb. Hazırda Pakistanda şəhərlərdə enerji təminatına gündə 12 saat, kənd yerlərində isə 16 saat fasilə verilir. Rusiya qazının olmaması həm də ekoloji problemləri artırır. Avropada artıq enerji istehsalında kömürün payı 20 faizədək artıb”.

Azerbaijan-Armenia conflict poses threat to regional energy corridor |  Eurasianet

Göründüyü kimi, sanksiyalar həlqəsində boğulmağa başlayan Rusiya əlindəki son və ən güclü rıçağı işə salıb. Moskva Avropanı qazsız qoymaqla qoca qitənin Ukraynaya verdiyi dəstəyin qarşısını almağa çalışır. Avropa isə ən kiçik imkanlardan belə maksimum yararlanmaqla enerji təchizatını təmin etmək niyyətindədir. Bu prosesdə Azərbaycanın rolu getdikcə artır. Belə ki, Azərbaycan qazı Avropanın “yumşaq qarnı” sayılan Cənubi Avropa ölkələrinin qaz təminatına ciddi töhfə vermək iqtidarındadır. Azərbaycandan Avropaya uzanan Cənub Qaz Dəhlizi məhz bu əraziyə - Bolqarıstan, Rumıniya və digər ölkələrə təminatda mühüm rol oynaya bilər. Artıq iyunun 19-dan etibarən “Interconnector Greece - Bulgaria” (IGB) kəməri ilə Azərbaycan qazının Yunanıstandan Bolqarıstana sınaq nəqlinə başlanıb. Xatırladaq ki, IGB 2022-ci il martın sonunda TAP-a qoşulub. Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “Twitter” hesabında qeyd edib ki, artıq iyulun 1-dən Bolqarıstan tam həcmdə Azərbaycan qazı ala biləcək.

Bolqarıstanın baş naziri Kiril Petkov jurnalistlər üçün keçirdiyi brifinqdə də bunu bəyan edib: “İyulda növbəti böyük qələbəmiz Yunanıstandan Azərbaycan qazının keçəcəyi qaz kəmərinin açılışı olacaq. Təchizat həcmini təsdiqləmək üçün bu həftə Bakıya səfər edəcəyəm”.

Kiril Petkov qeyd edib ki, Amerika maye qazının tədarükü üçün uzunmüddətli müqavilə üzrə danışıqlar davam edir: “Biz Amerika qazı ilə bağlı məsələni yekunlaşdırmamışıq. Biz maye qaz və Azərbaycan qazının tədarük etməyə çalışırıq ki, orta qiymət ”Qazprom"dan daha əlverişli olsun. Bolqarıstan iqtisadiyyatının rəqabətədavamlı və şaxələndirilmiş qalacağına əminəm".

Bulgaristan Azerbaycan gazını almaya başlıyor

Bundan əvvəl Bolqarıstanın Enerji, Su Tənzimləmə Komissiyası və Yunanıstanın tənzimləyici orqanı ICGB şirkətini Bolqarıstan-Yunanıstan (IGB) sistemlərarası qaz kəmərinin müstəqil operatoru kimi sertifikatlaşdırmağa hazır olduqlarını elan ediblər. Tənzimləyici nöqteyi-nəzərdən bu qərar 2022-ci il iyulun 1-dən sonra konnektorun kommersiya istismarına verilməsi imkanını nəzərdə tutur.

2021-ci ildə fəaliyyətə başlamalı olan IGB (Interconnector Greece-Bulgaria) sistemlərarası qaz kəməri Bolqarıstanın “Bulqartransqaz” milli qaz şəbəkəsi ilə Yunanıstanın qaz şəbəkəsini birləşdirəcək. Onun vasitəsilə iyulun əvvəlində təbii qazın ilk kommersiya partiyalarının göndərilməsinə başlanılacağı gözlənilir. Bolqarıstan ərazisindən keçən qaz kəmərinin ümumi uzunluğu 140 km-dir, o, sonradan 5,5 milyard kubmetrə qədər genişləndirilməklə ildə 3 milyard kubmetr qaz tədarük etmək üçün nəzərdə tutulub. Kəmərin layihə dəyəri ƏDV-siz 145 milyon avro təşkil edir. IGB Trans-Adriatik Qaz Boru Kəmərinə, Yunanıstanın Milli Qaz Sisteminə və gələcəkdə Yunanıstanın liman şəhəri Aleksandrupolisdəki üzən LNG reqazifikasiya qurğusuna birləşdiriləcək. Eyni zamanda IGB-nin gələcəkdə Yunanıstandan Bolqarıstana, oradan isə Serbiya, Şimali Makedoniya, Rumıniya, Macarıstan, həmçinin Ukraynaya təbii qazın çatdırılması planlaşdırılır.

İGB Bolqarıstanın Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qazın alqı-satqısına dair 2014-cü ildə imzalanmış müqavilə əsasında inşa olunub. Onun istismara verilməsi “Bulqartransqaz”ın səthi münasibəti üzündən ilyarım gecikib. Bolqarıstanın illik qaz tələbatı 3 milyard kubmetrdir. İndiyədək bu həcmin 95 faizi Rusiyadan təmin olunurdu. Lakin aprel ayından etibarən qazın dəyərini rublla ödəməkdən imtina edən Bolqarıstana Rusiyadan birbaşa qaz nəqli dayandırılıb. Ölkə Rusiya qazını dolayı yolla - digər Avropa ölkələri üzərindən alır. Azərbaycandan idxalın təmin olunması Bolqarıstanın  qaz təminatında ciddi yüksəlişə səbəb olacaq. Bu, həm də Avropa Birliyinin yükünün azalmasına gətirib çıxaracaq.

Energetika Nazirliyinin məlumatına əsasən, Azərbaycan bu ilin yanvar-mayında qaz hasilatını 15,5 faiz artırıb. Ölkədə hasil olunan 19 milyard 639,8 milyon kubmetr qazın 14 milyard 874 milyon kubmetri əmtəəlik məhsul olub. Bu həcmin 5,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan səmt qazının, 10,6 milyard kubmetri “Şahdəniz”dən təbii qazın, 3,2 milyard kubmetri SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 9,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. Cari ilin yanvar-may aylarında Türkiyəyə 3,6 milyard kubmetr, Avropaya 4,5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb.

Azərbaycan həmçinin qonşu ölkələrin qazının öz ərazisindən Avropaya nəqlini təmin etmək imkanındadır. Artıq iyunun əvvəlində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla Cavad Ovci arasında qaz sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memorandumda həmçinin İran üzərindən svop yolu ilə Türkmənistandan Azərbaycana qaz nəqlinin iki dəfə artırılması nəzərdə tutulur.

Bugünlərdə İranın neft naziri Cavad Ovci bildirib ki, ölkəsi Azərbaycanla Xəzər dənizində yerləşən bir sıra yataqların işlənməsi üzrə birgə komissiyanın yaradılması barədə razılığa gəlib: “Birgə işlənmə, hasilat və enerjidaşıyıcılarının ixracı hər iki ölkənin maraqlarına cavab verir”.

Avropa Birliyinin təşəbbüsü ilə Azərbaycan artıq CDQ-nin genişləndirilməsi prosesinə start verməkdədir. Bu isə yaxın 2-3 ilə Avropaya qaz nəqlini 20 milyard kubmetrə çatdırmağa imkan verəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR