İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yeni doğulan uşaqların sayı ildən-ilə azalır, səbəblər...

Sosioloq: “Artıq demoqrafik problem yaranıb, çünki... ”

Azərbaycanda doğulan uşaqların sayı açıqlanıb. Məlumatda 2015-ci ildə 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə 141 min, 2020-də 125 min, 2021-ci ildə 110 min 700, 2022-ci ildə 122 min 846 körpə dünyaya gəldiyi bildirilib. 2015-ci illə müqayisədə 2022-ci ildə 43 min 364 uşaq az doğulub, yəni doğuş sayı azalır.

Qeyd edək ki, ötən tədris ili üçün 152 minə yaxın şagirdin birinci sinfə gedəcəyi proqnozlaşdırılırdısa, bu il bu say 123300-ə bərabərdir. Bütün bunlar göstərir ki, ildən-ilə ölkədə yeni doğulan uşaqların sayı azalır.

Bunun səbəbinə gəldikdə, bəzi ekspertlər qeyd edir ki, ölkədəki iqtisadi-sosial çətinlik ailələrdə doğulan uşaqların sayının azalmasına gətirib çıxarır. Digər qisim hesab edir ki, son zamanlar boşanma hallarının sayının kəskin artması yeni doğulan uşaqların sayına ciddi təsir göstərir. Bu arada qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma halları qeydə alınıb ki, bunu da rekord göstərici hesab etmək olar. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Ekspertlərə görə, bu statistika artıq həyəcan təbili çalmaq üçün zəmin yaradıb.

Bəzi ekspertlər isə hesab edir ki, yeni doğulan körpələrin sayının azalması isə uşaq pulunun verilməməsi ilə əlaqədardır. Qeyd edək ki, bir sıra ölkələrdə doğuşu stimullaşdırmaq üçün “uşaq pulu” ödənilir.

Məsələn, Rusiyada uşaqlar üçün ailələrə verilən dəstək uşaqların sayından asılı olaraq dəyişir. Birinci uşaq üçün analara verilən birdəfəlik müavinət  466 417 rubl (12 min 879 AZN), ikinci uşaq üçün 150 min rubl (4100 manat) təşkil edir. Vladimir Putin qeyd edib ki, iki uşağı olan ailələr üçün vəsaitin ümumi həcmi 616 min rubldan (17 min AZN) çox olacaq və indeksləşdiriləcək. Üç uşağı olan ailələr üçün dövlət əlavə olaraq 450 min rubl (9.8444 manat) həcmində ipoteka krediti verir. Qeyd edək ki, ikinci və üçüncü uşağın doğuşunda və ya övladlığa götürülməsində ailələrə dövlət dəstəyi Rusiyada 2007-ci ilin yanvar ayından başlanıb.

Qardaş Türkiyədə birinci uşaq dünyaya gəldikdə 300 TL(37,70 manat), ikinci uşaq üçün 400 TL(50,27 manat), üçüncü uşaq üçün isə 600 TL (75,42 manat) verilir. 6 yaşdan yuxarı uşaqlar üçün müavinət 38,62;  6 yaşdan kiçiklər üçün isə 77,23 TL təşkil edir.

Gürcüstanda uşaqpulu valideynlərin gəlirlərinə əsasən hesablanır. Əgər hər iki valideynin toplam aylıq gəliri 10.000 dollardırsa, bir uşaq üçün ayda 1.259 dollar ödənilir. Bu, həmçinin, ikinci və üçüncü uşaqlara da şamildir.

Ermənistanda isə birinci uşağa 50.000 (176,1376 manat), ikinci uşağa 150.000 dram verilir.

Ölkəmizə gəldikdə isə, “uşaq pulu” məsələsi illərdir ki müzakirə olunsa da, hələlik müsbət nəticə yoxdur.

Milli Məclisin deputatı Razi Nurullayev də bir neçə gün öncə cebhe.info-ya açıqlamasında uşaq sayının azalmasında birinci səbəbin sosial vəziyyətin ağırlığı ilə əlaqədar olduğunu deyib:

Razi Nurullayev: “Mən xaricə gedəndə qohumlar bir zənbil dərman xahiş edir"

Razi Nurullayev 

“Azərbaycanda doğulan uşaqların sayının azalmasını yaxşı hal saymıram. Birinci səbəb kimi sosial vəziyyətin ağırlığını göstərə bilərəm. İnsanlar bir uşağı belə böyüdüb boya-başa çatdırmaq üçün əziyyət çəkirlər. Əgər bir ailənin yaxşı gəlir mənbəyi yoxdursa, uşağının yaxşı təhsil verə, sağlamlığını qoruya bilmirsə, o zaman ailədə ciddi problemlər yaranır. Bu günə qədər insanlarda müəyyən ümid var idi ki, ”uşaq pulu" verilər və ya yeni doğulanlar üçün başqa bir formada yardım edilər.

Bunlar isə hələ yoxdur. Bu da ailələrdə ciddi narahatlıq doğurduğu üçün yeni cütlüklər bir uşaqla kifayətlənməli olurlar. Cəmiyyətimizdə vətəndaş nikahında yaşamaq və heç bir uşaq saxlamamaq meyilləri də var. Bu hal Bakı şəhərində hiss olunur. Bu isə Avropadan bizə transfer olunan yanaşmadır. Amma ümumilikdə çoxluq sosial vəziyyətə görə bir və ikidən artıq uşaq dünyaya gətirmək istəmir, boşanmaların sayı artır, evlənməyənlərin də sayı çoxalır".

Deputatın sözlərinə görə, mərhələ-mərhələ də olsa, “uşaq pulu”nu vermək olar:

“Uşaq pulu”nun verilməməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif fikirlər ortaya atılır ki, çox böyük məbləğdir, bunu vermək olmaz. Amma mərhələli şəkildə çox şey etmək olar. Birincisi, dövlət tərəfindən xırda, heç bir tələbat təşkil etməyən onlarla sosial yardım verilir.

Bu sosial yardımların kəsilməsi və əvəzində “uşaq pulu”nun verilməsi daha yaxşı yanaşma olardı. Həmişə demişəm ki, bir yaşından üç yaşına qədər olan uşaqlara pulsuz ərzaq yardımı verilməlidir. Yəni valideyn heç olmasa, bu yaş aralığında narahatlıq keçirməməlidir. Bu gün özümüz və Avropadakı insanların sağlamlıq durumuna baxsaq görərik ki, onlar daha sağlamdır, ucaboydur, amma Azərbaycanda bunun əksidir. Bu da uşaqlarımıza qoyulan fundament səbəbindəndir.  Mərhələ-mərhələ də “uşaq pulu”nu təşkil etmək olar. Ümid edirəm buna nə zamansa qayıdılacaq".

2023-cü ilə də zorakılıqla getdik: "İndi şagirdlərin də çantasında bıçaq  var"- Sosioloq

Lalə Mehralı 

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, həm sosial problemlər, maddi təminat,  ümumilikdə həyat şərtlərinin çətinləşməsi və bu çətinliyə rəğmən dövlətin dəstək göstərməməsi yeni doğulan uşaqların sayının azalmasında pay təşkil edir:

“Xüsusən rəqəmlərə diqqət edəndə görürük ki, pandemiya dövründə doğumların sayı çox  aşağı düşdü. Çünki insanlar maddi təminatsız qaldı. Belə ki, işi olan işini itirdi, gəliri olan gəlirdən məhrum oldu, nikahla bağlı problemlər yarandı, nikaha düşənlər ailə tərkibini artırmaq istəmədilər, çünki gələcəkdən əmindən deyildilər. Yəni maddi problemlərin fonunda daha bir ailə üzvünün artması əlavə xərclər demək idi. Ailə başçısı işini itirib, maddi gəlir aşağı səviyyə düşüb, təminat zəifləyib, dövlət də bu halda doğulacaq uşağa görə sadəcə bir dəfə minimum məbləğdə yardım edir, ona görə də bu problemlər fonunda heç kim  ailə tərkibini artırmağı düşünmədi, bu da artıma öz təsirinin  göstərdi”.

Sosioloq qeyd edib ki, yeni doğulan uşaqların sayının azalması gələcəkdə demoqrafik problemlər yarada bilər:

“Deyə bilərik ki, artıq demoqrafik problem yaranıb. Çünki ümumi doğumların sayının azalması, həm də oğlan-qız nisbətində balansın pozulması, selektiv  abor ümumilikdə hamısı təsir göstərir”.

Sosioloq uşaq pulunun bərpa olunmasının vacib olduğunun vurğulayıb: “Uşaq pulu mütləq qaydada  bərpa olunmalıdır. Bu barədə dəfələrlə müzakirələr etmişik, amma təəssüflər olsun ki, bir nəticəsini görmürük. Biz demirik ki, bu, böyük məbləğlərdən başlanılsın.  Ödəniş kiçik məbləğlə də başlaya və bu, müəyyən yaş aralığında fərqli rəqəmlərlə ola bilər. Məsələn, 3 yaşına qədər adətən uşaqların xərci çox olur, bu zaman əlavə uşaq yeməkləri, bezlər və sairə haqda düşünüb dövlət öz dəstəyini verə bilər. Həmçinin məktəb yaşına qədər başqa, məktəbi bitirən yaşa qədər başqa məbləğ təyin edə bilər.

Simvolik də olsa ailələrə dəstək göstərmək lazımdır. Yəni, dövlət hər uşaq üçün 100-150 manat təyin edə bilər və buna dövlətimizin gücü çatır. Dövlət öz ailələrinin arxasında olduğunu hiss etdirməlidir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR