Onlayn ictimai-siyasi qəzet
Anar Cəbrayıllı vəzifəsindən istefa verib.
Musavat.com xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb:
“Hörmətli dostlar, həmkarlar... Su təsərrüfatı sahəsində fəaliyyətimə son verdim, Dövlət Su Ehtiyatları Agentliyi ilə yollarımız ayrıldı.
Ötən 13 il yarımda çətin, çətin olduğu qədər də şərəfli və savab sayılan bir işlə məşğul oldum.
Bu müddətdə tanıdığım və tanımadığım minlərlə insana yardımçı oldum. Kimliyindən asılı olmayaraq bütün müraciətlərə həssaslıqla yanaşdım, şənbə-bazar, bayram, məzuniyyət, iş və ya qeyri-iş vaxtı demədən hansısa müraciəti cavabsız qoymadım, dövlət müəssisəsinin əməkdaşı olaraq insanlara xidmətdən qürur duydum.
Eyni zamanda mürəkkəb və çoxşahəli istehsalatla yaxından tanış oldum, hər bir sahəni öyrənməyə çalışdım və xeyli təcrübə qazandım.
Dəyərli həmkarlarımın və peşəkar su təsərrüfatı işçilərinin dəstəyilə İctimaiyyətlə Əlaqələr komandası olaraq "Azərsu" ASC ilə media qurumları, QHT-lər və müstəqil ekspertlərlə uğurlu kommunikasiya qura bildik. Müxtəlif məzmunlu filmlər, maarifləndirici və məlumat xarakterli videoçarxlar hazırlayaraq cəmiyyətə təqdim etdik. Jurnalistlər üçün mediaturlar, müsabiqələr, təlimlər təşkil etdik, İctimai Şuranın yaradılması və əlaqələndirilməsi işini yüksək səviyyədə gerçəkləşdirdik.
Bir sözlə, bu sahədə nə mümkündürsə onları etməyə çalışdıq.
“955” Zəng Mərkəzinin müasir çağırışlara uyğun qurulması İctimaiyyətlə əlaqələr komandamızın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirildi.
Bu müddətdə dövlət qurumlarının, İctimai Birliklərin, QHT-lərin Fəxri Fərmanları, Təşəkkürnamələri ilə təltif olundum.
Ən böyük hədiyyəm isə Cənab Prezident İlham Əliyevin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə təltif edildiyim Tərəqqi medalı oldu.
Vətən Müharibəsinin ən qızğın çağında Cəbrayıl şəhərində və rayonun Daşkəsən kəndindəki hərbi obyektlərin və hospitalların dağıdılmış içməli su təchizatının bərpasında iştirak etməyin, işğaldan yenicə azad olunmuş doğma kəndimdə olmağın verdiyi xoşbəxtlik bir ömür boyu unudulmayacaq hisslər olaraq qalacaq.
Su təsərrüfatında fəaliyyətim dövründə xeyli insanla təmasda oldum, yeni-yeni dostlar, tanışlar qazandım və bunlardan çox məmnunam.
Çalışdığım müddətdə verdiyiniz dəstəyə, göstərdiyniz səmimi münasibətə görə hər birinizə təşəkkürümü çatdırıram. Haqqınızı halal edin əziz dostlar, dəyərli həmkarlar!
Qısamüddətli istirahətdən sonra yola davam...”
Nigar HƏSƏNLİ,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ