İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda cinayətlərin artma səbəbi - biri işsizlik, bəs digərləri?

Əhməd Qəşəmoğlu: “Sosioloq kimi haray çəkirəm ki...”

Mahmud Hacıyev: “İnsan robot deyil ki, proqramlaşdırasan...”

Azərbaycanda cinayət hadisələrinin sayı artıb. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2022-ci il ərzində ölkədə 36 min 494 cinayət hadisəsi qeydə alınıb. Bu da 2021-ci ilin göstəricisindən 17,2 faiz çoxdur. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən il əhalinin hər 100 min nəfərinə 361 cinayət hadisəsi düşüb, onların da 59,6 faizini az ağır, 23,8 faizini böyük ictimai təhlükə törətməyən, 16,6 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Hesabat dövründə 24 min 432 nəfər cinayət törətmiş şəxs müəyyən edilib, 19 min 69 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. Cinayət məsuliyyətinə cəlb olunmuşların 63,4 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 25,5 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir. Statistik rəqəmlərdən də görünür ki, cinayət törədənlərin çoxu işsiz insanlardır.

Deməli, səbəbin biri də budur. Bəs digər səbəblər hansılardır? Cəmiyyətdə aqressiyanın artmasının səbəbləri nədir? Azyaşlılar arasında cinayət hallarının artmasına əsas təsir edən amillər hansılarıdır?

Sosioloq Əhməd Qəşəmoğlu Musavat.com-a deyib ki, insanların davranışına işsizliyin çox böyük təsiri var: “İnsanın davranışını formalaşdıran bir neçə amil var. Onları təhlil edəndə bunun səbəblərini üzə çıxarmaq olur. Elmdə hər kəsə məlumdur ki, hər hansı bir şəxs cəmiyyətdə özünü təsdiq edə bilmirsə, öz potensialını aça bilmirsə, onda sabaha inam hissi, sabahdan gözləntiləri arzu olan səviyyədə deyilsə, onlar cinayət xarakterli işlər görməyə daha meylli olurlar. Belələrinin arasında intihar edənlər də çoxdur. İntihar etməkdə bu 2 faktor çox mühüm rol oynayır. İnsanlar işsiz olanda cinayətə meyllilik inkişaf edir. Belə adamların aldığı məlumatlar da cinayət aləminin məlumatları olur. İşsizdir, pulu yoxdur, özünü təsdiq edə bilmir. Ona görə də belə bir rəqəmin olması qanunauyğundur. Burada təəccüblü heç nə yoxdur".

Sosioloq deyir ki, əvvəllər yeni nəslin formalaşmasında aşağıdakı amillər çox mühüm rol oynayırdı: “Ailə; məktəb; cəmiyyət; bədii ədəbiyyat, filmlər, TV. İndi ailələrdə tarixdə görünməyən bir gərginlik var. Cəmiyyətdə xeyli problemlər var, gərginlik yaşanır. Bədii ədəbiyyat oxunmur, oxunanda da mənəvi aşınmaya daha çox yardım edən ədəbiyyat oxunur. Oğru aləmindən, ucuz dedektiv, “boyevik” və s. Mənəvi dəyərlər aşılayan filmlər yox dərəcəsindədir. TV-lər bir çox hallarda yüngüllük, yaltaqlıq aşılayan tələsik hazırlanan verilişlər işğal eyləyib.... Ümid tək təhsil sisteminədir. Təhsil sistemi uzun illərdir ki, eksperimentlər obyektinə çevrilib. İşsiz adamlar çoxalıb. Özünü əməyin hansısa növünə həsr etmək vərdişi yaddan çıxıb. Xeyli bekar adamlar yaranıb. İşsiz adamlarda müəyyən mənəvi dəyişiklik baş verir. İnsan xarakteri elədir ki, beşikdən başlayaraq özünü təsdiq etmək təlabatı vardır. Özünü hansısa konkret, maraqlı bir işdə təsdiq eyləyə bilməyən adamlar özünü təsdiq üçün yollar axtarır. Özünü mühüm adam kimi göstərmək, bir çoxlarına bu sahədə kömək edir. Təəssüf ki, ətrafdan, TV-lərdən, sosial şəbəkələrdən alınan informasiyaların məzmunu ürəkaçan deyil. TV-lər özündən bədgüman adamların artmasında mühüm rol oynayır. Min illərdir ki, bütün müdrik insanlar, peyğəmbərlər, dini kitablar cəmiyyətdə mənəvi dəyərlərə üstünlük verməyə çağırır. Çünki mənəvi dəyərlər üstün olan yerdə ahəngdar münasibətlər yaranır. Mənəvi dəyərlər arxa plana keçən yerdə isə hər zaman gərginlik, qarşıdurma, mənəvi aşınma baş verir. Yarımçıq düşünən insanların sayının çoxalır.

Müdrik alimlərimizin dediyini bir daha xatırladıram ki, mənəvi dəyərlərin öncə olduğu cəmiyyətlər özü-özünü tənzimləyir. Burada hansısa qanuna, kiminsə göstərişinə heç bir ehtiyac qalmır. Mənəvi dəyərlərin sıxışdırıldığı və maddi dəyərlərin önə keçdiyi cəmiyyətlərdə günü-gündən gərginlik artır, orada gözlənilməyən proseslər gedir, ən xoşagəlməz kriminal və digər hadisələr baş verir. Ötən əsrin 50-60-cı illərində insanlar bir-birilə çox mehriban idilər, xoş münasibətlər var idi. Ona görə elə idi ki, sovet cəmiyyəti nə qədər mənfi olsa da, mənəvi dəyərlərə daha çox üstünlük verirdi. Çalışırdı ki, mənəvi dəyərləri daim öndə saxlasın. Məhz bu səbəbdən sovet cəmiyyəti özü-özünü tənzimləyirdi. Qanunlar və ya kiminsə göstərişi ilə o cəmiyyət tənzimlənmirdi. Qətllərdə, cinayətlərdə başqa səbəb axtarmaq lazım deyil. Maddi dəyərlərin mənəvi dəyərləri üstələdiyi açıq görünür. Zaman elə gəlib ki, getdikcə mənəvi dəyərlər sıradan çıxmaqdadır. Bir növ maddi dəyərlərin qalib gəlib. Sosioloq kimi haray çəkirəm ki, ölkədə mənəvi dəyərlərin önə keçməsi sahəsində çoxlu işlər görmək lazımdır. Bu istiqamətdə ciddi boşluqlar var. Günü-gündən də bu boşluqlar artır. Mövcud vəziyyət çox ürəkağrıdandır”.

Keçmiş polis rəisi, Elmi-Praktik Hüquq Mətkəzinin rəhbəri Mahmud Hacıyev Musavat.com-a deyib ki, işsizlik böyük bəladır: “Vətəndaş niyə işsiz, təhsilsizdir? Bax, bu suala cavab vermək, işsizlik, təhsilsizlik problemini aradan qaldırmaq üçün əməli tədbirlər görülməlidir ki, cinayətlərin sayı da azalsın. Cinayətlərin artımına səbəb olan amillər toplumu var. Əsas cinayətin motivinə diqqət etmək lazımdır. Cinayətin qisasçılıq, tamah, ailə motivi, xuliqanlıq niyyəti ilə baş verməsi süzgəcdən keçirilir. Oğurluq, soyğunçuluq, quldurluq halları tamah məqsədilə törədilən cinayətlərdir. Xuliqanlıq, qəsdən adam öldürmə, ictimai qayda-qanunun pozulması aşkar şəraitdə törədilən cinayətlərdir və sərxoşluq, narkomaniyadan da ola bilər. Çox təəssüf ki, statistik məlumatlar açıqlanarkən motivi göstərmirlər”.

Sabiq polis rəisi deyir ki, tamah motivi ilə baş verən cinayətlərin artması sosial-iqtisadi problemlərlə, iqtisadi vəziyyətlə əlaqəlidir: “İşsiz tamah motivi ilə cinayət törədibsə, burada əsas amil sosial-iqtisadi problemdir. Heç bir əqli cəhətdən sağlam, anlaqlı şəxs tamah motivi ilə oğurluq, quldurluq, soyğunçuluq etməz. Bu məsələdə əsas aparıcı məqam sosial-iqtisadi problemlərdir. Tam olmasa da, belə cinayətlərin törədilməsində əsas rol oynayan sosial-iqtisadi durumdur”.

Ekspert deyir ki, işsiz vətəndaşların sosial müavinətlərə çatımlılığının problemə çevrilməsi, bürokratik əngəllərlə əhatələnməsi də belə cinayətlərin törədilməsində mühüm rol oynayır: “Ailə başçısıdır, işdən çıxarılıb. Və ya pulun dəyərsizləşməsi ilə əlaqəli ailəsini dolandıra bilmir. Vətəndaşların böyük hissəsi kredit borclarını ödəyə bilmir. Banklar da işsiz olan vətəndaşa güzəştə getməyə həvəsli olmur. İndiki bazar iqtisadiyyatı şəraitində ailə başçısının bazar zənbilini doldurması müşkülə çevrilib. Kommunal xərclər də vətəndaşın maddi vəziyyətinə son dərəcə böyük yükdür. Əyin-başsız birtəhər dolanmaq olur, amma işıq, qaz, su olmadan müasir dövrdə dolanmaq mümkün deyil. Hansı ölkədən asılı olmayaraq, vətəndaşın işsizlik, sosial-iqtisadi problemləri həll edilirsə, vətəndaşın dolanışığı üçün minimal şərtlər təmin olunursa, cinayətləri sayı azalır”.

Sabiq polis rəisinin sözlərinə görə, bu gün öz yaxınlarının evindən oğurluq edənlər artıb: “Xəbərlərdə tez-tez eşidirik ki, filankəs əmisinin, dayısının, hətta bacısının evindən oğurluq edib. Bu niyə belədir? Sosial iqtisadi problemlər vətəndaşları cinayətə sürükləyir. Kim istəyər gedib öz bacısının, qardaşının, əmisinin evindən oğurluq etsin? Deməli, vətəndaşı buna vadar edən səbəblər toplusu var. Hazırda bu səbəb sosial-iqtisadi vəziyyətdir. İnsan robot deyil ki, proqramlaşdırasan ki, ac da, işıqsız, susuz, istiliksiz də qalsa otursun, tərpənməsin. İnsan çox mürəkkəb xarakterli məxluqdur. Nəzərə almaq lazımdır ki, bütün insanların iradəsi, tərbiyəsi, intellekti, dünyagörüşü yüksək səviyyədə olmaya bilir. İnsan var səbirlidir. Aclığa da, susuzluğa da, soyuğa da dözə bilər. Amma hamı belə deyil axı. Digər tərəfdən də, 21-ci əsrdə Azərbaycan insanı niyə işsizlik, aclıq, soyuq, işıqsızlıq və digər sosial-iqtisadi problemlərlə üz-üzə qalmalıdır? Və bu problemlərdən doğan cinayətə getməlidir?”

 

E.MƏMMƏDƏLİYEV
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR