İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda anti-cümhuriyyət simvolları - onların ləğvi niyə gecikib?

Tehrandakı terrorda şəhid olan Orxan Əsgərovun adının İranın Azərbaycandakı səfirliyinin yerləşdiyi küçəyə verilməsi təklifi

Naxçıvan şəhərində sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrunda həlak olmuş 17 kommunist və qızıl sərhədçinin xatirəsi üçün inşa edilən abidə tam olaraq sökülüb. “Böyük bağ” ərazisində olan bu abidənin yerinə artıq kilid daşları vurulub.

Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, sökülən abidənin yerində başqa bir abidənin tikintisi gözlənilmir. Qurum bu barədə hər hansı bir tapşırıq almayıb, boş ərazi kilid daşları ilə örtülüb və ərazi tam olaraq təmizlənib

Məlumdur ki, indiki Azərbaycan Respublikası AXC-nin siyasi-hüquqi varisidir. Bu, həm də o anlama gəlir ki, ölkədə Cümhuriyyətin süqutuna gətirmiş dəyərlər təbliğ edilə, rəğbət obyekti ola bilməz. Eyni səbəbdən paytaxt Bakıda “26 Bakı komissarı”na qoyulan abidə-mavzoley söküldü, oradakı cəsədlər başqa ünvanda basdırıldı.

Bəs necə olur ki, Naxçıvanda hələ də belə abidələr qalıb? Bakıda, digər yerlərdə də bənzər obyektlər, yaxud kommunistlərin adını əbədiləşdirən küçə və meydanlar varmı?

Öncə qeyd edək ki, paytaxt Bakıda hələ sovet mənşəli adları daşıyan küçələr var. Məsələn, Qaradağ rayonunun Səngəçal qəsəbəsində “Oktyabrın 50 illiyi”,  “Oktyabrın 70 illiyi”, “Suvorov” adlı küçələr var.

Bugünlərdə isə məlum oldu ki, İran İslam Respublikasının Bakıdakı səfirliyi Bünyad Sərdarov adına küçədə yerləşirmiş, o Bünyad Sərdarov ki, anticümhuriyyətçi, bolşevik, Azərbaycanda sovet hakimiyyətinin qurulmasının fəal iştirakçısı olub.

Bu haqda tanınmış jurnalist Sənan Nəcəfov sosial şəbəkədə diqqət çəkən maraqlı informasiya paylaşıb:

“Maraqlı bir məlumata rast gəldim. Heç demə, Tehran Cümhuriyyətinin Bakıdakı səfirliyi Bünyad Sərdarov adına küçədə yerləşirmiş. Təsəvvür edirsiniz? Bünyad Sərdarov- bolşevik, Azərbaycanda sovet hakimiyyətinin qurulması işinin fəal iştirakçısı, daxili işlər Xalq Komissarlığının səlahiyyətli nümayəndəsi, "Hümmət" təşkilatının üzvü.

İndiyə qədər bu küçənin adını niyə dəyişməmişik? Azərbaycanın azadlığı və ərazilərinin qorunması uğrunda canını fəda etmiş Qəhrəman oğullarımızdan birinin adını niyə təklif etmirik? Anlayıram, küçə adı dəyişmək uzun prosedurdur, amma Tehranın Azərbaycana qarşı təxribat və bacısı ermənixanaya dəstəyi də heç az müddət deyil. Düşünürəm ki, bu təklif səslənsə, proseduru sadələşdirmək də olar.

Xatırladım ki, Tehran ötən il bir çox Azərbaycan adlı küçələrin adını erməni və fars adlarına dəyişib. Ən qıcıqlandırıcısı isə küçələrdən birinin adını “şuşi”yə (ermənilər bizim Şuşanı belə adlandırırlar) dəyişmək oldu.

Beləliklə, müzakirə açırıq. B.Sərdarov adlı küçəni kimin adına dəyişək?"

Sosial şəbəkə iştirakçılarının əksəriyyəti Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovun adının o küçəyə verilməsini təklif edib.

Azərbaycan-Polşa əlaqələri tarixindən - Nəsiman Yaqublu yazır

 Nəsiman Yaqublu 

Tarixçi-alim Nəsiman Yaqublu bu və digər məsələlər barədə “Yeni Müsavat”a danışıb:

“Hadisələr baş verir, tarix, cəmiyyətlər dəyişir və təbii ki, biz də  dəyişməliyik, dəyişən hadisələrə, proseslərə uyğun yanaşmalar da fərqlənməlidir.

Təkcə Azərbaycanda deyil, Baltikyanı ölkələrdə də vaxtilə sovet ordusuna, əsgərinə qoyulan abidələr sökülür, dağıdılır. Həmçinin Şərqi Avropanın digər ölkələrində də bu cür proseslər gedib, Azərbaycanda da.  Məsələn, vaxtilə “11-ci Ordu”ya abidə qoyulmuşdu, daha sonra onu söküb, ora “20 Yanvar” adı verilib. Xatırlayırsınızsa, Əzizbəyovun, Leninin, Şaumyanın heykəlləri götürüldü və sairə. Həmçinin onların adlarına küçələr var idi, həmin küçələrin adları sonradan dəyişdirildi.

Amma gözdən yayınan məqamlar da var ki, bu məsələlərdə diqqətli olmaq lazımdır. Burada söhbət hansısa bolşevikin adından getmir, bizim qurduğumuz müstəqil Azərbaycan Cümhuriyyətinin əleyhinə olan adamların adına Azərbaycanda hər hansı belə bir abidə və yaxud yer adı olmamalıdır, bu, tariximizə, bizə həqarətdir. Müəyyən bir muzeydə onların adları saxlanılıb, gələcək nəsillərə tarixi çatdırmaq olar. Lakin onların adlarını ictimai yerlədə təbliğ etmək, saxlanılmasını təmin etmək 1991-ci ildə oktyabr ayında qəbul etdiyimiz Azərbaycanın müstəqillik aktının müddəalarına da ziddir. Çünki  o vaxtdan biz müstəqil Azərbaycan olmuşuq və ölkəmizdə müstəqil Azərbaycanın əleyhinə çalışmış bir bolşevik adına  küçənin olması bizim tariximiz üçün bir həqarətdir.

Naxçıvana gəldikdə, Naxçıvanın yetişdirdiyi çox görkəmli şəxsiyyətlər var ki, onların adının küçələrə verilməsi, abidə qoyulması mümkündür. Məsələn, Naxçıvanda Məhəmməd ağa Şaxtaxtinski, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Ordubadi kimi  görkəmli şəxsiyyətlər yetişib. İndi onları qoyub hansısa bolşevikin adı qorunub saxlanılmalıdır ? Bu cür yanaşmalar artıq yığışdırılmalıdır.

Hətta Şəhidlər Xiyabanında belə bəzi bolşeviklərin adlarına olan abidələr qalmaqdadır.  Üstəlik abidələrin üzərinə nə yazıblar - “Müsavat cəlladlarına  qarşı və ya Demokratik Respublika cəlladlarına qarşı mübarizə  aparanlar” və sairə. Bu məsələ Mədəniyyət Nazirliyimizin bir işinə çevrilməli, bu işlə ciddi məşğul olmalıdırlar. Azərbaycan  tarixində rol oynamış şəxsiyyətlərimiz,  vətən torpağımız uğrunda canlarını  şəhid edən vətən oğullarının adını əbədiləşdirmək lazımdır, nəinki ölkəmizin müstəqilliyinə qarşı olanların. Biz vətənpərvərlik ruhda böyüyən gənc nəsil yetişdirməliyik".

Tarixçi-alim bolşevik Bünyad Sərdərovun adına olan küçəyə şəhid Orxan Əsgərovun adının verilməsi ilə bağlı təklifə də münasibət bildirib:

“Orxan Əsgərovun o cür qətlə yetirilməsi, ölümü, şəxsən mənə çox pis təsir edib və o ağrılı-acılı hislərdən hələ də ayıla bilməmişəm.  Onun adını mütləq əbədiləşdirməliyik. Amma hansı formada, bu barədə hələ dəqiq heç bir təklif deyə bilmirəm. Hər şeydən öncə, Orxan Əsgərovu qətlə yetirən həmin şəxs öz cəzasını çəkməlidir, çalışmalıyıq ki, o, Azərbaycana gətirilərək, mühakimə edilsin. Məlum məsələdir ki, İranın terrorçu qrupu onu heç mühakimə etməyəcək.  Ona görə də həmin şəxsi Azərbaycan özü mühakimə etməli və araşdırmalıdır ki, bu terror aktını kimlər təşkil edib”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR