İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 5 ulduz təsnifatı niyə özünü doğrultmur - qiymətlər yüksək, xidmət aşağı...

Ceyhun Aşurov: “Bundan sonra bazarda təqdim edilənlərlə real vəziyyət arasında kəskin fərqlər ortadan qalxacaq”

Azərbaycanda iki ildir ki, həyata keçirilən Milli Ulduz Təsnifatına indiyə qədər 150 hotel müraciət edib, onlardan 100-ə yaxının müraciətinə baxılıb və 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. O, bu barədə “Azərbaycan Hotel Assosiasiyası” İctimai Birliyinin V Baş Assambleyasında danışıb.

“Müştəri məmnuniyyəti aşağı düşdükdə bu barədə hotelə xəbərdarlıq edilir və tədbir görülmədikdə ulduz dərəcəsi ləğv edilir. Ümumiyyətlə, "Turizm haqqında" yeni qanuna görə, hər bir mehmanxana fəaliyyətə başladığı vaxtdan 6 ay ərzində ulduz dərəcəsi üçün müraciət etməlidir. Koronavirus (COVİD-19) pandemiyasına görə hotellərə ulduz verilməsi ləngisə də, yeni qanun bu prosesi sürətləndirib. Agentlik olaraq biz hotellərlə konsultasiya işlərini davam etdiririk, bütün proseslərdə körpü rolunu oynayırıq. Ümid edirəm ki, hotellər iddia etdikləri ulduz kateqoriyasını ala biləcəklər", - deyə sədr əlavə edib.

Ümumiyyətlə, Azərbaycanda ulduz kateqoriyası hansı kriteriyalar əsasında verilir? Bizdə əsasən istirahət zonalarında 5 ulduzlu sayılan ən prestijli hotellər xidmət səviyyəsinə görə digər ölkələrdən qat-qat aşağı səviyyədədir. Misal üçün, Türkiyənin 5 ulduzlu hotelləri ilə müqayisə etsək, fərq özünü açıq-aşkar göstərir. Bu səbəbdən də insanlar ölkəmizdə deyil, ölkə xaricində istirahətə üstünlük verirlər. Niyə bizim hotellər o səviyyəyə çata bilmir?  

Qeyd edək ki, dünya üzrə hotellərin təsnifatındakı ulduz sayı maksimum 5 olsa da, hotelin şəraitinin və göstərilən xidmətin çox yüksək səviyyədə olduğunu göstərmək üçün istər qonaqlar tərəfindən və ya bəzi hotellər daha yüksək standartlara malik olduqlarını iddia etdiklərinə görə  5*+,  5* lüks, 6* (“Raffles Hotel” (Türkiyə), “The Oberoi Udaivilas” (Hindistan), “The Connaught Hotel” (Böyük Britaniya), “Mandarin Oriental” (Tayland), “The Peninsula” (Çin), “Waldorf Astoria Shanghai” (Çin)) və hətta 7* (“Signiel Seoul” (Cənubi Koreya), “Hotel President Wilson” (İsveçrə), “Burj Al Arab” (BƏƏ), “Pangu 7 Star Hotel” (Çin), “Laucala Island Resort” (Fici adaları) kimi etiketlənir. “Emirates Palace” (BƏƏ) və “Taj Falaknuma Palace” (Hindistan) bəzən 6*, bəzən 7* kimi təqdim olunur.

Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə bəzi hotellər ulduz dərəcəsi üzrə sertifikatlaşdırılmayıb. Nəzərə çatdıraq ki, 2015-ci ildə turizm sahəsində lisenziyalar ləğv olunub. 2019-cu ildə isə Azərbaycan Turizm Bürosu (ATB) və Azərbaycan Hotel Assosiasiyası (AHA) arasında Milli Hotel Ulduz Təsnifatı sisteminin qurulması və tətbiqi haqqında müqavilə imzalanıb. Həmin ilin dekabrında isə Azərbaycan Akkreditasiya Mərkəzi ATB-ni ölkəmizdə yerləşən hotellərin ulduz təsnifatını təmin etmək üçün sertifikatlaşdırılmış təşkilat kimi akkreditasiya edib. AHA Milli Hotel Ulduz Təsnifatına rəhbərlik etmək üçün ATB tərəfindən təyin edilib. Sertifikat 3 il müddətinə verilir.

Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi AHA tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un təsnifat meyarları əsasında hazırlanıb və ölkəmizdə fəaliyyət göstərən hotellərdə xidmət, infrastruktur və avadanlıqların keyfiyyət səviyyəsinin meyarlar əsasında təsdiqlənməsi, beləliklə də, qonaqlara hotellərdə təklif olunan müvafiq xidmət səviyyəsinin təmin olunmasını şərtləndirir. Bu təsnifat sistemi rəsmi xarakter daşıyır, qonaqlara Avropada da tətbiq olunan və aydın şəkildə müəyyən edilmiş standartları təqdim edir, eyni zamanda hotellərə özlərini bazarda aydın şəkildə mövqeləndirməyə imkan verir.

Ceyhun Aşurov: Dünyada sağlamlıq turizmi artan templə inkişaf edir - AZƏRTAC

Ceyhun Aşurov

Turizm eksperti Ceyhun Aşurov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hotellərin ulduz təsnifatları ilə bağlı iki il əvvəl qərar qəbul edilib: “Lakin pandemiya ilə əlaqədar olaraq bu proseslər dayanmışdı. "Turizm haqqında" qanun da qəbul edildi. Burada da qeyd olunur ki, ulduz təsnifatlaşdırmasından keçməyən hotelləri hətta cərimə gözləyir. Hotellər açıldıqdan, yaxud müraciətdən 6 ay müddətində onlara zaman verilir ki, ulduzlaşma üçün müraciət etsinlər. Bu, Hotellər Assosiasiyası və lisenziyalı auditorlar tərəfindən həyata keçirilir. Real Avropa standartlarında hotelin ulduz təsnifatı kateqoriyası müəyyən olunur. Burada son dövrlərə qədər əvvəlki qurumdan verilən təsnifatların zamanı çoxdan keçib. Son dövrlərdə açılan hotellərin bir çoxu öz istədikləri formada ulduz kateqoriyasına uyğun bazarda təklif edirdilər. Lakin bu prosesdən sonra tam lisenziyalı şəkildə yoxlamalara uyğun olaraq 5,4,3 ulduzlu hotellərin tam şəkildə standartlara uyğun olduğu müəyyən edildikdən sonra onlara müvafiq olaraq ulduz təsnifatı, ulduz kateqoriyası təyin olunacaqdır. Əlbəttə, bu standartlaşma üçün, dünya bazarında rəqabət qabiliyyətinin artırılması üçün ölkədə daha düzgün, ədalətli rəqabət sisteminin qorunması üçün yaxşı haldır. Turist nöqteyi-nəzərindən də rezerv etdiyi hotelin hansı ulduz kateqoriyasına uyğun olduğunu bilərək onlara uyğunluğunu görmüş olacaqdır. Artıq bazarda təqdim edilənlərlə real vəziyyət arasında kəskin fərqlər ortadan qalxacaq”.

Ekspert əlavə edib ki, əgər əvvəllər 5 ulduz, ya da 4 ulduz kimi özünü təqdim edən hansısa bir hotelin real vəziyyəti, auditi necədirsə, ona uyğun kateqoriyada müəyyən edilmiş olacaq: "Azərbaycanda 700-ə yaxın hotel var. Onlardan yüzə yaxını müraciət ediblər və bunun əsasında bu müraciətə baxılıb. Bəzi hotellər 5-4-3 ulduz dərəcəsinə layiq görülüb. “Turizm haqqında” Qanuna görə də təsnifatlaşma ilə bağlı müraciət etməyən hotellərlə bağlı cəza nəzərdə tutulub. Məcburi şəkildə bu proseslər tez bir zamanda tamamlanacaq".

Nəzərə çatdıraq ki, hotel təsnifatı 247 meyar əsasında müəyyən olunur. Bu meyarlara -  ümumi təəssürat (təmizlik/gigiyena, saxlanma şəraiti, işçi heyəti, avtomobil dayanacağı, əlilliyi olan insanlar üçün xüsusi şəraitin mövcudluğu); qəbul şöbəsi (resepşn) və qonaqlara xidmət (resepşn ərazisi, otaqların təmizlənməsi/çamaşırların dəyişilməsi, çamaşırxana və ütü xidməti, nağdsz ödəniş, digər xidmətlər); otaqlar (otaq haqqında ümumi məlumat, yatma rahatlığı, yatağın eni və uzunluğu, otaq əşyaları, seyflər, səsə nəzarət/havalandırma, elektronik əyləncə vasitələri, telekommunikasiya, vanna otağı haqqında ümumi məlumat və s.); qastronomiya (içkilər, bar, səhər yeməyi, yemək); tədbir keçirmə imkanları (banket seçimləri, konfrans otaqları);  fiziki aktivlik və uşaqlar (idman, spa, uşaqlar üçün xidmətlər və s.); keyfiyyət və onlayn fəaliyyət (keyfiyyət yoxlama sistemləri və s.) daxildir.

Qeyd edək ki, Milli Məclisdə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilmiş “Turizm haqqında” qanuna  əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə etməlidir. Mehmanxanaların (hotellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları əsasında həyata keçirilir. Həmçinin qanun layihəsində qeyd olunur, mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları bu qanunun 9.1-ci  maddəsinə uyğun olaraq müəyyən edildiyi tarixdən 15  (on beş)  gün müddətində reyestrə daxil etməlidirlər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR