İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana yarım milyon avro cərimə, Leyla Yunusdan yeni “siyahı”...

Hüquq müdafiəçiləri hesab edir ki, ölkəni ziyana salan məhkəmə hakimləri ilə  bağlı ciddi cəza tədbirləri görülməlidir

Hüquqşünas Xalid Ağalıyev Avropa İnsan Haqları Məhkəməsinin 2023-cü il qərarları haqda yazıb. Novator.az-ın məlumatına görə, o yazır ki, yanvar-iyun aylarında Azərbaycanla bağlı 25 qərarın 24-də iddia olunan pozuntuların azı biri tanınıb.

Statistikaya əsasən, yarım ildə dövlətlə anlaşmaya və dövlətin təqdim etdiyi bəyannamələrə əsaslanan 35 qərardad qəbul edilib, 10 qərardadda iddialar qəbuledilməz sayılıb. Bütün qərar və qərardadlar üzrə ümumilikdə 551 min avrodan artıq təzminat müəyyən olunub.

Ümumi hesabata görə, indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı 407 qərarından 105-nin icrasına nəzarət qapadılıb. Qərarların 302-si icrasını gözləyir.

Qeyd edək ki, Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

Bu arada isə xaricdə yaşayan Leyla Yunus yeni siyasi məhbus siyahısı yayıb. “Turan”ın məlumatına görə, siyasi məhbus sayılan 204 nəfər siyahıda 7 qrupa bölünüb: 147 inanclı, “Gəncə işi” (2018-ci il) üzrə tutulan 22 nəfər, 11 ömürlük məhkum, “Tərtər işi” (2017-ci il) üzrə tutulan 7 nəfər, müxalif partiyaların və hərəkatların 7 üzvü, 5 jurnalist və bloqçu, Almaniyadan deportasiya olunmuş 5 sabiq siyasi mühacir.

Çətindir... Azərbaycan üçün 125 deputat azdır” – Çingiz Qənizadə Yeni Sabah

Çingiz Qənizadə 

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru  Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb: “Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycandan göndərilən şikayətlərin sayı günbəgün artır. Amma bu o demək deyil ki, bütün bu  şikayətlər hüquqi çərçivədə tərtib edilir və  əsaslıdır. Bu baxımdan da qərarların müəyyən faiz göstəricilərinə baxanda aydın olur ki, müəyyən səbəblərdən onların bir çoxu tanınmayıb, geri qaytarılıb və yaxud, ümumiyyətlə, baxılmayıb. Lakin, təbii ki, icraata qəbul olunan və baxılan müəyyən işlər, qəbul edilən qərarlar da var. Bu qərarlar da ümumilikdə  Azərbaycan məhkəmə sisteminin yol verdiyi qanuna zidd hərəkətlərlə bağlıdır”.

Hüquq müdafiəçisi ölkədə məhkəmə sistemində əsaslı islahatlar aparılmasına böyük ehtiyac olduğunu vurğulayıb: “Hər zaman qeyd etmişəm ki, Azərbaycanda məhkəmə sistemində əsaslı islahatlar aparılmalıdır. Baxmayaraq ki, cənab Prezidentin 2019-cu il aprel ayında vermiş olduğu fərman var və bu fərmanlarda çox gözəl, qarşıya qoyulan məqsədlər olsa da, onların bir çoxu hələ də reallaşmayıb. Nəticədə məhkəmə-hüquq sahəsində olan pozuntular məhz sonda Avropa İnsan Haqları Məhkəməsinə gedib çıxır. İndiki açıqlamalarda da qeyd  olunur ki, Azərbaycan üzrə 551 min avrodan artıq təzminat müəyyən olunub.  Bunu da Azərbaycan manatına çevirdikdə təxminən 1 milyon manatdan çoxdur.  Burda söhbət hakimlərin işə yanaşmasından, ədalətli baxmasından gedir və həmişə hesab etmişəm Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan əleyhinə çıxarılan qərarların hamısı üzrə ölkədə bir ümumiləşdirilmə aparılmalıdır. Yəni araşdırılmalıdır ki, hakimlər harada səhv buraxıblar, bunu bilərəkdən, ya savadsızlqıdan  ediblər. Bunlar ümumiləşdirilməli və  qərəzli şəkildə qərar qəbul edən hakimlər bir formada, savadsızlıqdan qərar qəbul edənlər hakimlər isə başqa formada cəzalandırılmalıdır.

Azərbaycan büdcəsinə yarım milyon avro zərər dəyibsə, təbii ki, bunu dövlət ödəyir və dövlətə dəyən zərərdir. Qeyd etdiyim kimi, bu zərərin səbəbkarı məhz  məhkəmə hakimiyyətində bəzi hakimlərin buraxmış olduğu xətaların, səhvlərin, yanlış qərarların nəticəsidir. Ona görə də dövlət onun büdcəsinə kim tərəfindən zərər dəydiyini araşdırmalı və bununla bağlı tədbir  görməlidir. Ümid edirik ki, İnam Kərimovun Ali Məhkəməyə təyin edilməsi və Məhkəmə Hüquq Şurasının rəhbərliyinə gətirilməsi Azərbaycanda məhkəmə  sistemində müəyyən islahatların reallaşmasına və daha da sürətlənməsinə gətirib çıxaracaq. Arzu edirik ki, Azərbaycanda  ədalətli məhkəmə hakimiyyəti formalaşsın və eyni zamanda insanların məhkəmə hakimiyyətinə inamı artsın".

 

Çingiz Qənizadə xaricdə yaşayan Leyla Yunusun yeni siyasi məhbus siyahısına da münasibət bildirib: “Leyla Yunusun işi ancaq xaricdə oturub müəyyən  ”siyahı"lar hazırlamaqdır.  O, həmişə Azərbaycandakı reallıqları görmədən, bu ölkədə yaşamadan müxtəlif siyahılar hazırlayır. İndi də hansısa 204 nəfərlik siyahı hazırlayıb və bunu müxtəlif  qruplara bölüb. Bu siyahının böyük əksəriyyəti heç bir həqiqətə və faktlara söykənmir. Çünki Azərbaycanda fəaliyyət göstərən hüquq-müdafiə təşkilatlarının monitorinq qrupu hər müraciət əsasında müəyyən araşdırmalar aparır.

Ümumiyyətlə, siyasi məhbus anlayışını gündəlikdən çıxartmaq lazımdır. Söhbət məhkəmə və istintaq zamanı buraxılmış prossesual pozuntulardan gedə bilər.  Bu prosessual pozuntular nəticəsində insanların  həbs edilməsi, cəzalandırılması, onlara  cəza təyin edilməsi məsələləri ola bilər  və bu da təbii ki, ölkə daxilində həll edilməli məsələlərdir. Leyla Yunus, sadəcə, xaricdə oturub əsassız siyahılar hazırlamaqla qrantlar alıb, bununla yaşayışını təmin etməyə çalışır. Məlum olduğu kimi, həyat yoldaşı ilə xaricdə yaşayır, dolanışıqları üçün müəyyən xətlər, kanallar lazımdır. Bu kanallardan biri Azərbaycan üzrə saxta siyahılar hazırlamaq və xaricdəki “day-dayıları”ndan müəyyən vəsait almaqdır. Hesab edirəm ki, Azərbaycanda kifayət qədər ciddi və obyektiv hüquq müdafiəçiləri var və onlar hər bir müraciət üzrə araşdırmalar, hökumətlə danışıqlar aparırlar, buraxılan prosessual hüquq normalarının bərpası  üçün müəyyən işlər görürlər. Leyla Yunus və onun kimilərinin siyahıları yalnız və yalnız  xaricdə qrant almaq məqsədi daşıyır".

Novella Cəfəroğlu: “BNA-nın sədri Vüsal Kərimlinin hər şeydən xəbəri var,  hamısı getməlidir” Yeni Sabah

Novella Cəfəroğlu 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da qeyd edib ki, məhkəmələrdə islahatlara, dəyişikliklərə ehtiyac var: “Mütləq şəkildə məhkəmələrimizdə dəyişikliklər olmalıdır.  Müşahidələrimizə əsasən deyə bilərəm ki, məhkəmələrimiz sona qədər qanuna tabe olmurlar. Bəzi hakimlər öz şəxsi fikri və yaxud kimlərinsə sifarişi ilə qərar qəbul edir, insanların hüquqlarını pozurlar.  Bu cür fəaliyyət göstərən məhkəmələr dövlətə qarşı işləyir. Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı 551 min avro təzminat haqda qərar qəbul etməsinə gəldikdə, mən, ümumiyyətlə, Qərb demokratiyasına  inanmıram. Avropanın 30 il ərzində Azərbaycana qarşı ikili standartlar irəli sürməsi, müsəlman ölkələrinə qərəzi, xristian Ukraynaya yanaşması və sairə, bütün bunlar hər kəsə məlumdur. Ona görə də Qərbin demokratiyası şəxsən mənim üçün nümunə deyil.

O ki qaldı Leyla Yunusun yeni siyahısına, hüquq müdafiəçiləri olaraq Avropa Şurası, bütün beynəlxalq təşkilatlar, insan haqları ilə məşğul olan komitələrə çağırışlar edirik ki, gəlsinlər Azərbaycana, hüquq müdafiəçilərini yığsınlar və görsünlər ki, hansı siyahı ilə çıxış edirik. Yəni məsələləri yerində araşdırsınlar. Mən niyə İrandan gəlib ölkəmdə terrorla məşğul olan insanı mən həbs etməyim? Bu olan şeydir?

Leyla Yunus onsuz da hər zaman kənarda oturub Azərbaycan, onun dövlətçiliyinə qarşı fəaliyyət göstərir. Onun Vətən müharibəsində qazandığımız qələbəmizə qarşı nümayiş etdirdiyi ikrah, kinayəli yanaşması hər kəsə məlumdur.

Beləliklə, bir daha qeyd edirəm ki, bütün hüquq komitələrini Azərbaycana dəvət edirik, gəlsinlər görsünlər ki, nə qədər siyasi məhbus var..."

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR