Onlayn ictimai-siyasi qəzet
“Ermənistan bütün dövrlərdə terrorçu dövlət kimi tanınıb. Düşməninə qarşı ən aqressiv metodlardan istifadə edib və etməkdə davam edir. Hələ uzun illər öncə “böyük Ermənistan” xülyası səbəbi ilə demək olar ki, bütün qonşuları ilə problemlər yaşayıb”.
Bu fikirləri Musavat.com-a SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.
“Dənizdən-dənizə böyük Ermənistan” ideyasını həyata keçirmək üçün ermənilərin müxtəlif metodlardan istifadə etdiyinə diqqət çəkən Bəhruz Quliyev xatırladıb ki, son 30 ildə Azərbaycanda ermənilərin əli ilə terrora cəhdlər olub: “Ermənilər ekoloji terror, mina terroru törətməkdən çəkinmirlər, körpə uşaqların ölümünə səbəb olublar. Bütün bunlar gözümüzün önündə baş verir. Ermənilərin Azərbaycan və Türkiyənin xarici ölkələrdəki diplomatik korpuslarına qarşı terror aktlarına cəhd etməsi istisna deyil, çünki düşmənçilik hər zaman ən sərt formada özünü büruzə verib. O cümlədən, iş adamlarına qarşı da terror törədilə bilər. Ermənilərin terror təşkilatları da var. Lakin bunu etmək istəyənlər revanşist qüvvələrdir”.
B.Quliyev qeyd edib ki, ermənilər mümkün olan hər sahədə mübarizəyə davam edə bilərlər, lakin Azərbaycan da hər şeyə hazırdır:
“Azərbaycan regionda sülhün bərqərar olmasını istəyir və bunun üçün ermənilərə əl uzadıb. Nəzərə almaq lazımdır ki, dünyada erməni diasporu çox güclüdür. Onlar mobil formada idarə edilirlər və lazım gəldikdə hətta Ermənistanın xeyrinə parlamentlərdə çıxış edə bilirlər. Ermənilər o cümlədən media, vətəndaş cəmiyyətləri institutları vasitəsilə mübarizə apara bilərlər. Dünya isə terrorun əleyhinədir. Sülh tərəfdarı kimi düşmənçiliyi davam etdirmək istəmirik. Qarabağda bütün məsələlər tam həllini tapmaq üzrədir. Əgər ermənilər terror yolunu seçsələr, “Dəmir yumruğu” görəcəklər. 30 ildən sonra hədəflərimizə çatmışıq. Azərbaycanı qorxutmaq mümkün deyil, ermənilər heç nəyə nail ola bilməyəcəklər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ